Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Vergilər Nazirliyinin X.İsmayıla qarşı iddiası təmin olunub


X.İsmayıl
X.İsmayıl

Vergilər Nazirliyinin araşdırmaçı-jurnalist Xədicə İsmayıla qarşı 45 min 145 manat 63 qəpiklik vergi tələbi ilə bağlı iddia təmin olunub. Dekabrın 21-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Məhəmməd Əkbərov bu barədə qərar çıxarıb.

Hakim qərarını əsaslandırarkən deyib ki, X.İsmayıla qarşı vergidən yayınma ittihamı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə təsdiqlənib. Yuxarı instansiya məhkəmələri də hökmü o hissədə qüvvədə saxlayıb. Ona görə də həmin məbləğ ödənilməlidir.

X.İsmayıl isə bu qərarı qanunsuz və əsassız sayır. Jurnalist AzadlıqRadiosuna bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək: «Bir qanunsuz hökmə calayıb başqa bir qanunsuz qərar çıxarırlar».

Bu məhkəmə iki gün öncə X.İsmayılın Beynəlxalq Bankdakı hesabının üzərinə həbs qoyulması barədə də qərardad çıxarmışdı. X.İsmayıl oktyabrın 20-də bu qərardaddan apellyasiya şikayəti verib: «Həmin şikayətə baxılıb qərar çıxarılana qədər bu məhkəmə davam etdirilməməliydi. Daha bir qanunsuzluğa imza atıb apellyasiya vermək hüququnu da tanımadı».

X.İsmayılın «Kapitalbank»dakı hesabı üzərində də 2017-ci il noyabrın 8-dən həbs var.

Hesabların həbsi qərarı Vergilər Nazirliyinin iddiasının təmini tədbiri kimi təqdim olunur.

2017-ci ilin noyabrından Vergilər Nazirliyi ilə X.İsmayıl arasında çəkişmə gedir. Jurnalistin AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri olduğu dövrdə vergidən yayındığını iddia edən nazirlik ona qarşı 63 min 138 manat 23 qəpiklik iddia qaldırmışdı.

Bir il sonra - 2018-ci il dekabrın 5-də Vergilər Nazirliyi iddia tələbinin məbləğini 45 min 145 manat 63 qəpiyə qədər azaltdı. İddiaçı Ali Məhkəmənin X.İsmayıl haqqında qərarına əsaslanaraq bu addımı atıb.

Vergilər Nazirliyi iddia edirdi ki, X.İsmayıl büronun rəhbəri olduğu dövrdə işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlayıb, bununla da əməkhaqqından 14 yox, 4 faiz vergi ödənilib. Nəticədə büdcəyə 17 min 992 manat az vergi ödənilib. Qalan 45 min 145 manata gəlincə, Vergilər Nazirliyinin iddiasına görə, X.İsmayıl büro rəhbəri olduğu dövrdə radio bu qədər mənfəət vergisindən yayınıb.

X.İsmayıl həbs olunarkən ona həm də işçilərlə xidməti müqavilə bağlamağa görə ittiham verilmişdi. İstintaq orqanı bunu israfetmə kimi qiymətləndirərək jurnalistə CM-in 179-cu (mənimsəmə və israfetmə) maddəsi ilə də ittiham irəli sürmüşdü. Ali Məhkəmə 26 may 2016-cı il tarixli qərarında həmin ittihama xitam verib.

Hələ ilk məhkəmə iclaslarında X.İsmayıl və nümayəndəsi çatdırmağa çalışırdı ki, Ali Məhkəmə ölkədə ən yuxarı məhkəmə instansiyasıdır. Onlar deyirlər ki, ittihama Ali Məhkəmə qərar veribsə, indi həmin məbləği Vergilər Nazirliyinin tələb etməsi qanunsuz və əsassızdır.

Xatırlatma

2014-cü il dekabrın 5-də həbs olunan X.İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi.

Ali Məhkəmə 2016-cı il mayın 25-də qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb.

X.İsmayıl bütün ittihamları rədd edir, prezident ailəsinin biznesi barədə araşdırmalarına görə cəzalandırıldığını bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG