Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Xədicə İsmayılla bağlı daha bir ‘həbs qərarı’


Xədicə İsmayıl
Xədicə İsmayıl

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın “Kapitalbank”dakı hesabı üzərində 2017-ci il noyabrın 8-dən həbs var.

İndi onun Beynəlxalq Bankdakı hesabının üzərinə də həbs qoyulub. Dekabrın 19-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Məhəmməd Əkbərov bu barədə qərardad çıxarıb.

Bank hesabları üzərinə həbs Vergilər Nazirliyinin jurnalistə qarşı iddia tələbinin təmini tədbiri kimi qoyulub.

Bir ildən çoxdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Vergilər Nazirliyilə Xədicə İsmayıl arasında çəkişmə gedir. Jurnalistin AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri olduğu dövrdə vergidən yayındığını iddia edən nazirlik ona qarşı 63 min 138 manat 23 qəpiklik iddia qaldırmışdı.

Dekabrın 19-da keçirilən məhkəmədə məlum olub ki, Vergilər Nazirliyi iddia tələbinin məbləğini azaldıb. Məbləğ 45 min 145 manat 63 qəpiyə qədər azaldıb. İddiaçı tərəf hələ dekabrın 5-də məhkəməyə iddiaya əlavə təqdim edib. Əlavədə iddiaçının hansı əsasla məbləği azaltdığı göstərilməyib.

Ancaq Xədicə İsmayılın nümayəndəsi Yalçın İmanov ehtimal edir ki, Ali Məhkəmənin Xədicə İsmayıl haqqında qərarına əsaslanıb, bu addımı atıblar.

Vergilər Nazirliyi iddia edirdi ki, Xədicə İsmayıl büronun rəhbəri olduğu dövrdə işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlayıb, bununla da əməkhaqqıdan 14 yox, 4 faiz vergi ödənilib. Nəticədə büdcəyə 17 min 992 manat az vergi ödənilib. Qalan 45 min 145 manata gəlincə, Vergilər Nazirliyinin iddiasına görə, Xədicə İsmayıl büro rəhbəri olduğu dövrdə radio bu qədər mənfəət vergisindən yayınıb.

Xədicə İsmayıl həbs olunarkən ona həm də işçilərlə xidməti müqavilə bağlamağa görə ittiham verilmişdi. İstintaq orqanı bunu israfetmə kimi qiymətləndirərək, jurnalistə CM-in 179-cu (mənimsəmə və israfetmə) maddəsilə də ittiham irəli sürmüşdü. Ali Məhkəmə 26 may 2016-cı il tarixli qərarında həmin ittihama xitam verdi.

Bir ildən çoxdur İnzibati-İqtisadi Məhkəmədə gedən prosesdə Xədicə İsmayıl və nümayəndəsi Ali Məhkəmənin ölkədə ən yuxarı məhkəmə instansiyası olduğunu çatdırmağa çalışırdı. Onlar deyirdilər ki, Ali Məhkəmə qərar veribsə, indi həmin məbləği Vergilər Nazirliyinin tələb etməsi qanunsuz və əsassızdır.

“Şikayət veriləcək”

Xədicə İsmayıl 45 min 145 manatlıq vergi iddiasıyla da razılaşmır. O deyir ki, AzadlıqRadiosu kommersiya təşkilatı olmadığına görə ümumiyyətlə, mənfəət vergisi ödəyicisi deyil.

Digər tərəfdən, vergi orqanı bu məbləği həm də AzadlıqRadiosunun Bakı nümayəndəliyindən tələb edir. Bu məsələ ilə əlaqədar radio ilə vergi orqanı arasında məhkəmə çəkişməsi də var.

Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, Xədicə İsmayılın Beynəlxalq Bankdakı hesabının üzərinə həbs qoyulması barədə qərardaddan şikayət veriləcək: “Əgər “Kapitalbank”dakı hesabın üzərində bir ildən çoxdur həbs varsa, yenidən iddia tələbinin təmini tədbiri kimi başqa bank hesabının üzərinə də həbs qoyulması qanunsuzdur. Hesab edirəm ki, bu qərarın əslində, iddia tələbi ilə heç bir bağlılığı yoxdur. Çünki Vergilər Nazirliyinin tələb etdiyi qədər vəsait o hesabda onsuz da vardı...”

Qərarda bank hesabı üzərinə hansı əsasla həbs qoyulduğu göstərilməyib.

Xatırlatma

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi.

Ali Məhkəmə 2016-cı il mayın 25-də qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb.

Xədicə İsmayıl bütün ittihamları rədd edir, prezident ailəsinin biznesi barədə araşdırmalarına görə cəzalandırıldığını bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG