Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:39

BŞİH-dən hüquqşünaslara tövsiyə: 'Piket keçirməyin, dövlət orqanlarına müraciət edin'


Məktub
Məktub

Qanunvericiliyə dəyişikliklərə etiraz olaraq Bakıda mitinq keçirəcəklərini deyən hüquqşünaslar bu addımı atmaqda israrlıdır. Bu haqda AzadlıqRadiosuna mitinq keçirmək istəyən Praktik Hüquqşünaslar Qrupunun (PHQ) üzvlərindən Samirə Ağayeva bildirib.

PHN-nin İşçi Qrupu noyabrın 18-də paytaxtın Yasamal rayonundakı «Məhsul» stadionunda mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. S.Ağayeva deyir ki, hələ də məktublarına cavab gəlməyib.

«Cavab üçün dəfələrlə zəng eləsək də, nəticə yoxdur. Amma biz hüquqşünaslar olaraq, 18 noyabrda mitinq keçirməkdə israrlıyıq. Bu, təkcə bizim problemimiz deyil, daha çox vətəndaşların problemidir. Çünki bizi fəaliyyətdən kənar qoymaqla, onları da müdafiəsiz qoydular», – S.Ağayeva belə deyir.

***Buna da bax-Hüquqşünas: 'Heç monarxiyalı ölkələrdə belə absurd yoxdur'

TÖVSİYƏ

PHQ-nin başqa bir üzvü Xalid Bağırov da mitinq keçirməkdə israrlı olduqlarını söyləyir:

«Bu məsələ hər bir vətəndaşın problemidir».

PHB ilə yanaşı, fərdi şəkildə bir neçə hüquqşünas da nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılmasına etiraz olaraq, piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Həmin hüquqşünaslara Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovdan cavab məktubu gəlib. Ramazanov yazır ki, piketin keçirilməsi məqsədəuyğun hesab edilmir.

«Müraciətdə qaldırdığınız məsələ ilə bağlı piket keçirmək deyil, aidiyyəti orqanlara müraciət etməyiniz, həmin məsələyə sivil qaydada baxılması daha faydalı olardı», – Ramazanov piket üçün müraciət edən hüquqşünaslara tövsiyə verib.

***Buna da bax-Deputat: 'Vətəndaş yazıq günə qaldı'

Piket keçirmək istəyən hüquqşünaslardan Camal Bağırzadə Bakı Şəhər İcra Hakimiyyətinin bu cavabını absurd sayır. Bildirir ki, piketə icazə verilməməsinə görə məhkəməyə müraciət olunacaq:

«Guya ağıl öyrədirlər ki, piket keçirmək əvəzinə məsələni sivil yolla həll edək».

XATIRLATMA

PHQ bu ilin oktyabrında yaradılıb.

Parlament oktyabrın 31-də «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib, Prezident də bunu təsdiqləyib.

Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Nümayəndəlik institutunun fəaliyyəti ilə bağlı dəyişiklik təşəbbüsü parlamentə Ali Məhkəmənin rəhbərliyindən gəlib. Məqsədlərinin isə vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğunu deyirlər. Arqument kimi, bir sıra hallarda hüquqşünas olmayan şəxslərin nümayəndə qismində iştirak edib, keyfiyyətli müdafiə həyata keçirə bilməməsi və vətəndaşların aldadılması hallarını göstərirlər. Bununla belə, yeni qanunda da istisna kimi istənilən peşə sahibinə yaxın qohumunun hüquqi nümayəndəsi olmaq səlahiyyəti verilib.

Parlament bir dəfə layihəni geri qaytarsa da, sonradan bəzi düzəlişlərlə qəbul edib.

Parlamentdə dəyişiklik layihəsinin qəbulundan öncə PHQ hökumətə bir sıra təkliflər təqdim etmişdi. Əsas təklif bu idi ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti alitəhsilli hüquqşünaslara aid olmalıdır. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali təhsil diplomu və bunun əsasında alınan etibarnamə ilə icra etməlidir. Buna uyğun olaraq, Mülki Prosessual Məcəlləyə və «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna müvafiq dəyişikliklər edilməlidir.

Təklif olunurdu ki, notariuslar məhkəmə işləri üzrə etibarnamə verərkən, nümayəndənin şəxsiyyət vəsiqəsi ilə yanaşı, diplomunun surətini də tələb etsin.

Azərbaycanda Vəkillər Kollegiyasının 936 üzvü var. Bəzi ekspertlərin fikrincə, bu dəyişikliklər ölkədə vəkil qıtlığı yarada bilər.

XS
SM
MD
LG