Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:45

“Mən ilhaqa ilhaq, Rusiyaya işğalçı deyirəm”


İlmi Umerov
İlmi Umerov

Rusiyanın Ukraynadan işğal etdiyi Krımda məhkəmə tanınmış tatar lider İlmi Umerovu separatçılıq ittihamı ilə məhkum edib.

Human Rights Watch beynəlxalq insan haqları təşkilatının Ukrayna üzrə əlaqələndiricisi Tanya CooperAzadlıqRadiosuna müsahibəsində bu məhkəmə hökmünü yarımadanın ilhaqına etiraza görə “qəddar qisas” adlandırıb.

Simferopol məhkəməsinin rusiyalı hakimləri sentyabrın 27-də keçirilən iclasda Umerovu təqsirli bilərək cəzasını islah-əmək koloniyasında çəkməklə 2 il müddətinə azadlqıdan məhrumetmə cəzasına məhkum ediblər. Rusiyada adətən fabrik-zavodların yaxlınlığında salınmış bu koloniyalarda məhbuslar icbari əməklə məşğul olurlar.

Xəbər verilir ki, hakimlər hökmü oxuyanda Umerovun vəkilləri hələ məhkəmə zalında deyildilər.

Bundan əvvəl jurnalistlər qarşısında çıxış edən vəkil Mark Feygin BMT-nin Krımda insan haqlarının vəziyyətinə görə Rusiyanı kəskin tənqid edən hesabatından sonra daha yüngül cəzaya ümid etdiyini bildirmişdi.

Lakin hakimlər hətta prokurorların istədiyi üç il şərti cəzasından daha ağır cəzaya əl atıblar.

Şərti cəza alsaydı Umerov barmaqlıqlar arxasına düşməməli idi.

Umerov bəyan edib ki, bu hökmdən ta Avropa İnsan Haqları Məhkəməsinədək şikayət edəcək.

O deyib ki, hökm onu əqidəsindən döndərə bilməyəcək: “Mən Krımı Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazisi hesab etməkdə davam edirəm”.

Vəkil Feygin ümid etdiyini bidlirib ki, Qərb liderləri Moskva üzərinə təzyiq göstərərək hökmün dəyişdirilməsinə nail olmalıdırlar, əks halda həbsxana Umerov üçün ölüm deməkdir.

Ukrayna prezidenti Petro Poroşenko Facebook səhifəsində bu hökmü Moskvanın sovet zəmanəsindən qalma metodu və “rüsvayçılıq” adlandırıb.

Krım tatarları məclisinin sədr müavini Umerov yarımadanın 2014-cü ildə Rusiya tərəfindən işğal edilməsinə və tatarlara qarşı repressiyalara qarşı uca səslə etiraz edirdi.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) diabet və Parkinson xəstəliklərindən əzab çəkən Umerovu 2016-cı ildə Krımda həbs edib.

O 2016-cı ilin avqustunda yarımadanın Rusiya tərəfindən təyin edilmiş rəhbərliyinin qərarı ilə ruhi xəstəxanaya yerləşdirilmişdi.

Human Rights Watch bu qərarı “insan haqlarının amansız şəkildə pozulması” adlandırmışdı.

Xanım Cooper deyib ki, mühakimə ilə qorxudulan, psixiatrik müayinələrlə alçaldılan və xəstəliyi ilə bağlı müalicədən məhrum edilən Umerov Kremlin Krımı ilhaqını qəbul etmədiyini dinc şəkildə bəyan edib.

Sentyabrın 20-də keçirilmiş dinləmədə çıxış edən 60 yaşlı Umerov demişdi ki, ona qarşı ittihamlar ilhaqa etiraz edənləri qorxutmaq məqsədi güdür.

O demişdi ki, “mən ilhaqa ilhaq, Rusiyaya işğalçı deyirəm”.

Umerov bildirmişdi ki, özünü yalnız Ukrayna vətəndaşı hesab edir.

Moskvada mənzillənmiş Memorial insan haqları qrupu Umerovun məhkum edilməsinin “qanunsuz və siyasi motivli” olduğunu bəyan edib.

Xəbərlərdə deyilir ki, Umerovun həbsinə və mühakiməsinə səbəb onun 2016-cı ilin martında Krım tatarlarının telekanalına verdiyi müsahibə olub. Bu müsahibə sonradan YouTube saytında yayılmışdı. Bu telekanal 2015-ci ildə Rusiya tərəfindən bağlandıqdan sonra Kiyevə köçüb.

Umerov deyib ki, həmin müsahibə tatar dilindən rus dilinə qüsurlu tərcümə edilib və onun qeydləri təhrif olunub.

Rusiya hakimiyyət orqanları tatarların məclisini ekstremist təşkilat kimi qadağan edib. Qərb hökumətləri bildirilər ki, Krımda tatarlara və yarımadanın ilhaqına etiraz edənlərə divan tutulur.

Sentyabrın 11-də məclisin başqa bir sədr müavini Axtem Çiygözə qanunsuz nümayişlərin təşkili ittihamı ilə 8 il azalıqdan məhrumetmə cəzası kəsilib.

Umerovun mühakiməsindən əvvəl, sentyabrın 22-də AzadlqıRadiosunun ştatdankənar müxbiri Mıkola Semena barəsində də azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

ABŞ Dövlət Departamenti sentyabrın 25-də Semenanın həbsi ilə bağlı narahatlığını ifadə edib və bildirib ki, hökm Semenanın Rusiya ilhaqını tənqid etdiyinə görə çıxarılıb.

BMT-nin eyni gündə açıqlanmış hesabatında deyilir ki, Moskva ilhaq edilmiş Krımda “dəhşətli insan haqları pozuntuları” törədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG