2016-cı ildə 84 yaşında dünyasını dəyişən yazıçı Umberto Ekonun əsərləri azərbaycanlı oxucular tərəfindən də sevilir. AzadlıqRadiosu yazıçının 2019-cu ildə "Esquire – Qazaxıstan" jurnalında dərc edilmiş həyat qaydalarının bir hissəsini oxuculara təqdim edir:
- İtaliyanın intellektuallar ölkəsi olduğunu düşünməyə dəyməz. Rafael və Mikelancelonun əslən buralı olması əslində heç nə demək deyil.
- Hər bir avropalı küçəyə çıxanda orta əsrlərə aid kilsələr görür. Buna görə də orta əsrlərlə maraqlanmır. İndianapolis isə başqa məsələ. Ən maraqlı məktubları belə yerlərdən alıram.
- Atam mühasibatçı idi, onun atası isə çapçı. Atam 13 uşağın ən böyüyü idi. Mənsə onun birinci oğlu idim. Mənim ilk uşağım da oğlan idi, oğlumun da ilk uşağı oğlan idi. Bunu niyə deyirəm? Birdən Eko ailəsinin Bizans imperatorlarından gəldiyi üzə çıxsa, mənim nəvəm dofin (kral taxt-tacının varisi) sayılacaq.
Köşklərdə kitab oxuyan ata
- Atam uşaqlıqda böyük kitab həvəskarı idi. Ancaq valideynlərinin 13 uşağı var idi, ailə güclə dolanırdı, atamın da kitab almağa imkanı yox idi. Onda o, küçə köşklərində oxumağa başlayıb. Yaxınlaşıb piştaxtadan kitabı götürüb ta köşk sahibi onu qovana qədər oxuyurdu. Onda da o, növbəti köşkə keçib kitabı qaldığı səhifədən açıb oxumağa davam edirdi. Mən bu xatirəyə, onun kitabları belə israrla təqib etməsinə çox dəyər verirəm.
- Bəli, mən də şeir yazmışam. Bir dəfə demişdim ki, müəyyən yaşda poeziya yeniyetmə sızanaqları kimidir. Bu elə bir mərhələdir ki, onsuz olmaz. 15 və ya, məsələn, 16 yaşda poeziya masturbasiyadır. Pis şairin yaxşı şairdən fərqi odur ki, yaxşı şair özünün bütün erkən cəhdlərini yandırır, pis şairsə çap etdirir.
- Bir neçə ay öncə bir-iki min dollara özümə truba (musiqi aləti) almışam. Bilirsiniz ki, trubanı çalmaq üçün daim dodaqları məşq etdirmək lazımdır. Ancaq mən bunu çoxdan etmirdim. Ona görə də indi pis çalıram. Ancaq 12 yaşımda əla çalırdım. Ancaq trubanı çalmaq üçün almamışam ki. Trubanı bir zamanlar necə olduğumu göstərsin deyə, almışam.
Əsl qəhrəman
- Necə bir personaj düşünüb tapsan da, istənilən halda o sənin təcrübən və yaddaşından qaynaqlanacaq.
- Əsl qəhrəman hər zaman səhvən qəhrəman olandır. Əslində isə o, hamı kimi gerçək qorxaq olmağı arzulayır.
- Hər dəfə kitab yazmağa başlayanda özümü 2 illik həbsə məhkum edilmiş kimi hiss edirəm. Çünki kitab uşaq kimidir. Əvvəlcə sən ona həyat verməlisən, sonra qayğısına qalmalısan və yalnız bundan sonra o gəzməyə və, nəhayət, danışmağa başlayır.
- Yaxşı kitab hər zaman müəllifindən daha ağıllıdır. O, çox zaman müəllifin ağlına belə gəlməyən şeylərdən danışır.
Onlayn istifadəçilər
- Televiziyanı sevirəm və düşünürəm ki, dünyada humanitar sahələrlə ciddi məşğul olanlar arasında televizora baxmağı sevməyən bir nəfər də olsun yoxdur. Ola bilsin, bunu etiraf etməkdən qorxmayan yeganə adamam.
- Hazırda onlayn olan istifadəçilərin sayı məni az narahat edir. Onların etdiyi tək şey ruhlarla danışmaqdır.
- Haqlılığın nə demək olduğunu bilmirəm və, heç olmasa, bu məsələdə haqlıyam.
- Hər zaman istənilən hadisələr arasında paralellər tapmaq mümkündür. Siz mənə 50 dollar verəcəksiniz, mən də sizə bugünlə neandertalların yaşadığı dünya arasında paralelləri göstərəcəyim esse yazacağam.
Kitab yazmaq
- Tamamilə əminəm ki, istənilən oxunmuş kitab səni növbəti kitabı oxumağa vadar edir.
- Əgər kitab yazmaq istəyirsənsə, heç bir qayda-qanun və ya düzgün rejim yoxdur.
- Bəzən bir səhifəni 10 dəfə yenidən yazıram. Bu da kömək etməyəndə yazdığımı ucadan oxuyuram. Bu yolla nəyin yanlış olduğunu anlamağa çalışıram.
- Kitab yazmaq heç də həmişə sözləri kağıza köçürmək demək deyil. Səhər yeməyi yeyərkən və ya gəzərkən beynində bütöv bir fəsli yaza bilərsən.
- Yalan danışmaq bacarığı insanı heyvanlardan ayıran az şeydən biridir.
- Başqasının ağılsızlığı heç vaxt səninkini azaltmayacaq.