Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

Xavyer Bardemin həyat qaydaları


Xavyer Bardem
Xavyer Bardem

"Esquire – Qazaxıstan" jurnalı 51-yaşlı ispan aktyoru Xavyer Bardemin həyat qaydalarını dərc edib. AzadlıqRadiosu yazının bir hissəsini oxuculara təqdim edir:

  • Özümü jurnalın üz qabığında görəndə anlayıram ki, dünyanın başı xarab olub.
  • Allaha inanmıram, ancaq Al Paçinoya inanıram. Nə vaxtsa telefon zəng vursa və o biri ucunda məndən onunla birlikdə oynamaq istəyib-istəmədiyimi soruşsalar, yəqin, sadəcə dəli olaram.
  • Rejissor Culian Şnabel mənim "Before Night Falls" (2000) filmimi Al Paçinoya göstərəndə anladım ki, arzular həyata keçir. Ancaq xüsusi bir şey baş vermədi. Sadəcə, İspaniya vaxtı ilə səhər saat 3 radələrində Paçino mənə Nyu-Yorkdan zəng vurdu və dedi ki, mənim işimi bəyənib.
  • Heç bir mükafat səni həqiqətən yaxşı aktyor etməyə qadir deyil. "Oskar" yalnız tamaşaçını kinoya getməyə məcbur etmək üçündür.
  • Son bir neçə il ərzində ingiliscə yaxşı danışmağa başlamışam. Bu dilin heç vaxt mənim ana dilim olmayacağını anlamağa yetəcək qədər yaxşı. Mən ispanca "sevirəm" və ya "nifrət edirəm" deyəndə ağlıma o qədər şey gəlir ki. Ancaq eyni şeyi ingiliscə deyəndə başımda boşluq olur.
  • Maşın sürmürəm, bu, ətrafda hamıya qeyri-adi bir şey kimi gəlir. Ancaq mənə yox.
  • Koenlər (Koel və Etan Koen qardaşları) məni "No Country For Old Men" filminə çağıranda mən onlara dedim: "Qulaq asın, mən, doğrudan, sizə lazım olan aktyor deyiləm. Maşın sürmürəm, ingiliscə, demək olar, danışmıram və istənilən formada zorakılığa nifrət edirəm. Onlar da gülüb dedilər: "Biz sənə elə buna görə zəng eləmişik".
  • "No Country For Old Men" filmindəki saç düzümümə hamı gülürdü. Bəziləri isə hətta soruşurdu ki, mən o pariki taxmaqdan necə yorulmamışam. Əslində isə o mənim öz saçlarım idi.
  • Əlimdə silah tutduğum yalnız iki film var. 1996-cı ildə çəkildiyim "Perdita Durango" filmi çox qəddar kino idi. Ondan sonra bir də belə şey etməyəcəyimə and içdim. Ona görə üstündən 11 il keçmiş Koenlər məni "No Country For Old Men"də oynamağa dəvət edəndə uzun müddət "hə" deməkdən özümü saxladım. Hərçənd, Koenlər həmişə mənim sevimli rejissorlarım olub.
  • Heç vaxt Koenləri iki insan kimi qəbul etməmişəm. Onlar işləyəndə bir bütöv olurlar. İkibaşlı monstra çevrilirlər. Və bu iki baş bir-birinə kompliment saçır və heç vaxt mübahisə etmir. Səninlə danışanda isə bir adam kimi danışırlar.
  • Fikir vermişəm ki, istedadlı saydığım adamlar – məsələn, Miloş Forman, Alexandro Amenabar, Koenlər, Vudi Allen bir prinsiplə işləyirlər: nə etdiyimi bilmirəm, necə etdiyimi bilmirəm, sadəcə bunu etməyə çalışıram – vəssalam.
  • Kinoda əsas şey hekayədir. Hamı belə düşünür. Ancaq mənə elə gəlir ki, əsas şey sənin bu hekayəni necə danışmağındır.
  • Mənim uşaqlığımda siyasət və zorakılıq haqda həddindən çox danışılırdı. Əmimsə (diktator) Frankonun qatı əleyhdarı olduğundan uzun illər həbsdə yatıb. Ancaq bu biliklə yaşamaq mənim xoşuma gəlir.
  • Hansısa anlarda, nəhayət, öz mövqeyini müəyyənləşdirməlisən. Ömür boyu ortada yaşamaq olmaz.
  • Heç kimə utancaq görünməyən bir çox utancaq adamlar kimi mən də çox utancağam.
  • İnanıram ki, nə vaxtsa insanlar, həqiqətən də, balaca meymunlar olublar. Ən azı, hər səhər güzgüyə baxanda Darvinə salam göndərirəm. Belə anlarda bu həqiqət xüsusilə bariz olur.
  • Əsl gözəllik kifirlikdə gizlənib – özümə hər gün bunu deyirəm.
  • 20 yaşımızda hamımız 14 yaşımızda etdiklərimizə görə peşman oluruq. 30 yaşımızda 25 yaşımızda etdiklərimizdən peşman oluruq. 50 yaşa çatanda, deyəsən, hər şeyə görə peşman oluruq. Ancaq anladığım budur ki, rədd olsun bütün peşmanlıqlar.
  • Hər bir insanın içində əslində olduğu və olmalı olduğu adam arasında daimi mübarizə gedir. Hərçənd, hamı bu mübarizəni sezməyə qadir deyil.
  • Ona görə kinoya çəkilirəm ki, başqa heç nə bacarmıram.
  • Kimsə deyib ki, aktyorla dəli arasındakı fərq ondadır ki, aktyorun hər iki tərəfə bileti var, dəlininsə yalnız bir tərəfə. Mən də bununla razıyam.
  • Ən çətin iş hələ sağ olan adamı oynamaqdır. Məsuliyyətin bu səviyyəsi insanı sadəcə dəli edə bilər.
  • Aktyorlar bazarda pomidor kimidirlər. Çünki hərəsinin öz qiyməti var. Mən də eynilə belə bir pomidoram. Ancaq qiyməti vecinə olmayan pomidoram.
  • Sakitlikdə ölməyə üstünlük verərdim. Ölümün bütün başqa şərtləri məni bundan qat-qat az narahat edir.
  • İnsanlar elə bilirlər ki, iki aktyor ekranda bir-birini sevirsə, deməli, onlar həyatda da bir-birini sevirlər. Heç kim düşünmür ki, bizə sadəcə buna görə pul ödəyirlər və çəkiliş meydançasında kimsə deyir: "Yaxşı oynayın, əclaflar, mən sizə inanmıram".
  • İstəyirəm, məni gülərkən xatırlasınlar.
XS
SM
MD
LG