Keçid linkləri

2026, 27 Fevral, Cümə, Bakı vaxtı 02:20

Ülviyyə Əlinin həbsxanada təhdid olunduğu bildirilir

Ülviyyə Əli
Ülviyyə Əli

"MeydanTV işi" üzrə hazırda həbsdə olan jurnalist Ülviyyə Əlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında təhdid olunduğu bildirilir.

Bu barədə onun yaxınları məlumat yayıblar. Onların deməsinə görə, jurnalist bildirib ki, sosial mediada süni intellekt vasitəsilə səsinin yayılmasından (detallar açıqlanmır) sonra təcridxana rəhbərliyinin təhdidi ilə üzləşib.

Yaxınlarının əlavə etməsinə görə, jurnalist dünən, fevralın 25-də təcridxana rəhbərliyi ilə görüşüb. "Dünən rəislə görüşdüm, dedi, biz bilirik, telefona qulaq asan bilir ki, süni intellektdir. Amma elə insanlar var ki, bunu başa düşmürlər. Məndən soruşdular ki, bu videoları nişanlın hazırlayır? Cavab verdim ki, mən o qədər ağılsız deyiləm ki, ölkədə olan adama səhifə idarə etdirim", –Ü.Əli bildirib.

Yaxınlarının sözlərinə görə, təhdid davam edib və ona nişanlısının da tutula biləcəyi deyilib.

Bu açıqlamaya 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi və Ədliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Jurnalist Ü.Əli ötən il mayın 7-də MeydanTV ilə əlaqəli cinayət işinə görə həbs olunub. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ümumilikdə, "MeydanTV işi" üzrə 2024-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədər 12 nəfər həbs olunub. 2025-ci il avqustun 28-də bu iş üzrə ittihamlar ağırlaşdırılıb.

Xatırlatma

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında AbzasMedia və ToplumTV-nin xeyli əməkdaşı da var.

"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 7 il 6 aydan 9 ilədək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.

"ToplumTV işi" üzrə məhkəmə davam edir.

Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbs olunmur və iddia edirlər ki, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.

XS
SM
MD
LG