Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Mixail Fyodorovu vəzifəsindən azad edib. Hökumətdə kadr dəyişiklikləri çərçivəsində Yuliya Sviridenko da baş nazir postundan uzaqlaşdırılıb.
İyulun 16-da Ukrayna parlamenti Sergey Koretskini yeni baş nazir təyin edib.
Kiyevdə isə bir neçə yüz nəfər İvan Franko meydanına toplaşaraq müdafiə naziri Mixail Fyodorovun vəzifədən çıxarılmamasını tələb edib. Xəbəri AzadlıqRadiosunun Ukrayna xidməti yayıb.
"Bilirik ki, o, Ukraynanın müstəqillik tarixində ən effektiv müdafiə naziridir. Bu qərarı başa düşmürük və ona etiraz edirik ", – etirazçılardan biri AzadlıqRadiosuna deyib.
"İndiyədək kimsənin bu qədər əsassız şəkildə vəzifədən uzaqlaşdırıldığını xatırlamıram. Adətən, insanları zəif nəticələrə görə işdən çıxarırlar. Amma bu qərar Rusiyanı sevindirəcək", – belə spontan etiraz aksiyasında ilk dəfə iştirak etdiyini deyən digər nümayişçi söyləyib.
Onun dediyinə görə, Fyodorovun və komandasının vəzifədən uzaqlaşdırılmasının Müdafiə Nazirliyinin fəaliyyətinə çox mənfi təsir göstərəcəyinə əmindir.
AzadlıqRadiosunun Kiyevdəki müxbirlərinin məlumatına görə, Fyodorova dəstək aksiyasında bir neçə yüz nəfər iştirak edib. Aksiya zamanı "Fyodorovu geri qaytarın!" kimi şüarlar səslənib.
UNİAN agentliyi bildirir ki, oxşar aksiyalar Poltava, Dnepr, Zaporojye, Odessa, Nikolayev, Krivoy Roq və digər şəhərlərdə də keçirilir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Fyodorovu vəzifədən azad etmək qərarından sonra Ukrayna Hərbi Hava Qüvvələri komandanının müavini polkovnik Pavel Yelizarov istefa ərizəsi təqdim edib. O, Fyodorovun vəzifədən uzaqlaşdırılmasın “ölkənin müdafiə qabiliyyətinə böyük zərbə” olduğunu yazıb.
Fyodorov Sırskini sərt tənqid edib
Mixail Fyodorov Kiyevdə jurnalistlərə deyib ki, Zelenskinin müşavir olmaq təklifini rədd edib. O, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırskini nazirliyin təşəbbüslərinin qarşısını almaqda, problemləri birbaşa həll etməməkdə suçlayıb.
“Rusiyanı necə məğlub etmək üzərində işləməkdənsə, o, ölkəni necə parçalamağı düşünüb”, – o deyib.
60 yaşlı Sırskı 2024-cü ilin əvvəlindən bu vəzifədədir, sərt idarə üslubuna görə tənqid olunur. Bəzi hərbçilər bunun böyük itkilərə səbəb olduğunu deyirlər.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Reuters”in şərh üçün müraciətinə cavab verməyib.
Zelenski isə Fyodorovla əməkdaşlığı davam etdirəcəyinə əminliyini bildirib.
"Fyodorov komandamda qalacaq, amma onun dəqiq rolu daha sonra açıqlanacaq", – deyə prezident iyulun 16-da Böyük Britaniyanın Kiyevdə səfərdə olan baş naziri Kir Starmer ilə mətbuat konfransında bildirib.
Zelenski Fyodorovun vəzifədən kənarlaşdırılmasının səbəbləri barədə deyib ki, "mənsiz onlar (keçmiş müdafiə naziri və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı - red.) bir araya gəlmirlər, münaqişələri var". Xəbəri AzadlıqRadiosunun Ukrayna xidməti yayıb.
Cəmi altı ay müdafiə naziri oldu
Gənc texnokrat Fyodorov hökumətdə rəqəmsal transformasiya islahatlarına rəhbərlik etmiş, müharibədə dronların inkişafını prioritetə çevirmişdi. O, iyulun 15-də sosial şəbəkə paylaşımında vəzifədən çıxarıldığını təsdiqləyib.
Fyodorovun altı ay nazirliyi dövründə Ukraynanın döyüş meydanında mövqeyi xeyli güclənib. Ukrayna qüvvələri dəfələrlə Rusiyanın neft emalı zavodlarına zərbələr endirib, ölkədə yanacaq qıtlığı yaradıb, Prezident Vladimir Putini çətin vəziyyətə salıb.
"Müdafiə naziri kimi Ukrayna xalqına xidmət etmək mənim üçün böyük şərəf idi", – Fyodorov bildirib. Zelenski isə hələlik, bu qərarla bağlı açıqlama verməyib.
Fyodorov nazir olduğu dövrün uğurları sırasında Rusiya qoşunlarının Starlink peyklərinə çıxışının məhdudlaşdırılmasını qeyd edib, bunun Rusiyanın dronlardan səmərəli istifadəsini ciddi azaltdığını vurğulayıb.
Ukrayna mediası Fyodorovun vəzifədən kənarlaşdırılmasının arxasında müdafiə xərclərinə cavabdeh digər hökumət üzvləri ilə "sistemli münaqişə"sinin dayana biləcəyini yazıb.
“Başqa vəzifəyə təyin oluna bilər”
Kiyev Amerika Universitetinin prezidenti, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının keçmiş xüsusi müşaviri Den Rays AzadlıqRadiosuna bildirib ki, Fyodorov hökumətdə başqa yüksək vəzifəyə təyin oluna bilər. Onun sözlərinə görə, Fyodorovun baş nazir və ya Ukraynanın ABŞ-yə səfiri təyin edilməsi də mümkündür, ancaq Zelenskinin planlarını “bilmirsiniz”.
"Qısa müddətdə möhtəşəm iş gördüyünü düşünürəm. Məncə, o, Ukrayna-ABŞ münasibətlərinin inkişafına böyük töhfə verə bilər. Amma Prezident Zelenskinin nə istədiyini zaman göstərəcək ", – Rays Fyodorov barədə deyib.
Zelenski iyulun 12-də hökumətdə dəyişikliklərə start verildiyini elan edib. O deyib ki, bu addımlar yenilənmiş siyasi strategiya üçün zəruridir.
İyulun 15-də Zelenski ölkənin ən iri dövlət neft və qaz şirkəti olan "Naftoqaz"ın baş icraçı direktoru Sergey Koretskini baş nazir vəzifəsinə namizəd kimi dəstəklədiyini açıqlayıb.
"Naftoqaz" dövlət büdcəsinin əsas gəlir mənbələrindən biridir, siyasi baxımdan güclü korporasiyadır.
"Ağıllı telefonda dövlət" konsepsiyası
Hazırda 34 yaşı olan Fyodorov 2019-cu ildə Ukraynanın ilk rəqəmsal transformasiya naziri təyin edilib. Bu vəzifə sovet dövründən qalmış köhnə dövlət xidmətlərinin müasirləşdirilməsi məqsədi daşıyırdı.
Bir vacib məsələ də uzun illər qeyri-şəffaf qalmış bürokratik proseslərin şəffaflaşdırılması, kök salmış korrupsiya mexanizmlərinin aradan qaldırılması idi.
Ukraynalılar "ağıllı telefonda dövlət" konsepsiyası kimi təqdim olunan bu islahatlara geniş dəstək verdi. Fyodorovun uğurları nəticəsində o, baş nazirin müavini vəzifəsinə yüksəldi, səlahiyyətləri genişləndirildi.
Fyodorov bu ilin yanvarında müdafiə naziri təyin olunub.
Hərbi təcrübəsinin olmaması Ukrayna ordusunda müəyyən narazılıq doğursa da, onun rəhbərliyi dövründə dron istehsalı sürətləndi. Bu sahə Ukraynanın müharibə dövründə ən uğurlu innovasiyalardan sayılır.
Son həftələr Ukrayna dronlar vasitəsilə Rusiyanın dərinliklərində bir sıra hədəflərə zərbələr endirib.
Kremlin enerji aktivlərinə, o cümlədən neft terminallarına, dənizdəki tankerlərə hücumlar Kiyevin Rusiyaya "uzaqmənzilli sanksiyalar" kampaniyasının bir hissəsi adlandırılır.
Rusiyanın enerji obyektlərinə dron zərbələri ölkədə ciddi yanacaq qıtlığına səbəb olub. Hətta adətən belə böhranlardan kənarda qalan Moskvada da yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, bu, sürücüləri narazı salıb.