Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) iyulun 16-ı axşam saatlarında bildirib ki, Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş Atlas Bey mülki ticarət gəmisinin kapitanının nəşi aşkarlanaraq, Odessaya gətirilib.
“Müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə ölkəmizə yola salınacaq”, - məlumatda əlavə edilir.
Hələlik, məsələyə həlak olan kapitanın yaxınlarından münasibət almaq mümkün olmayıb.
14 iyul
XİN vətəndaşları hərbi əməliyyatların olduğu bölgələrdə işləməkdən çəkinməyə çağırır
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qara dəniz hövzəsində təhlükəsizlik riskləri ilə bağlı ölkə vətəndaşlarına çağırış edib. Nazirlik bildirib ki, xəbərdarlıqlara baxmayaraq, Azərbaycan vətəndaşlarının müxtəlif silahlı münaqişə bölgələrində fəaliyyət göstərməsi, həlak olması və ya xəsarətlər alması halları davam edir.
XİN hesab edir ki, xüsusilə, Qara dəniz hövzəsində davam edən hərbi əməliyyatlar, dron, raket və digər silahlardan istifadə edilməsi nəticəsində regionda təhlükəsizlik vəziyyəti son dərəcə həssas olaraq qalır.
“Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların davam etdiyi... bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində işləməkdən çəkinməyə çağırış edirik”, – nazirlik əlavə edib.
Bu mövzunu şərh edən bəzi ekspertlər isə hesab edir ki, bir çox Azərbaycan vətəndaşlarının riskli bölgələrdə işləməsi ölkədə sosial durumun heç də yaxşı olmadığının və reallıqda işsizliyin rəsmi 5 faizdən qat-qat çox olduğunun nəticəsidir. Amma onlar da hesab edirlər ki, heç bir sosial çətinlik öz taleyini ciddi riskə atmaq hesabına həll edilməməlidir.
Odessa sahillərində hücuma məruz qalan gəminin kapitanının axtarışları davam edir
İyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir. Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür.
Habelə bildirildiyinə görə, Azərbaycanın Ukraynadakı səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, ölkə vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür.
Azərbaycan Xarici İşlər Nazirliyi ötən ay isə açıqlamışdı ki, Azov dənizində "Natra", "Zirkon" yük gəmilərinə edilən dron hücumları nəticəsində 4 vətəndaşları da həlak olub.
06.06.2026
XİN Azov dənizində gəmilərə dron hücumları ilə bağlı itkiləri dəqiqləşdirdi: 4 ölü, 4 yaralı
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azov dənizində "Natra" və "Zirkon" yük gəmilərinə edilən dron hücumları nəticəsində həlak olan və yaralanan vətəndaşlarla bağlı dəqiqləşdirilmiş məlumat yayıb.
Bildirilib ki, gəmilərdəki 25 Azərbaycan vətəndaşından dördü həlak olub, dördü isə yaralanıb. Nazirlik ilkin olaraq ölmüş hesab edilən digər bir şəxsin azərbaycanlı deyil, Rusiya vətəndaşı olduğunu dəqiqləşdirib.
Zərərçəkənlərin və həlak olanların yaxınlarından şərh almaq mümkün olmayıb.
5 iyun
Azov dənizində göyərtəsində azərbaycanlılar olan gəmilər vurulub
İyunun 5-də gecə saatlarında heyətində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti jurnalistlərin sorğusuna cavab olaraq məlumat yayıb.
Yerli və xarici KİV-də yer alan məlumatlara görə, hadisə Azov dənizinin Taqanroq körfəzində qeydə alınıb.
Nazirlikdən bildirilib ki, hücuma məruz qalan gəmilər Azərbaycan dövlətinə məxsus deyil.
"Hücum nəticəsində ümumilikdə beş nəfər vətəndaşımızın həlak olduğu, üç nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər", –XİN-dən vurğulanıb.
Hücumlar nəticəsində həlak olan və yaralanan şəxslərin yaxınlarının baş verənlərə münasibətini öyrənmək mümkün olmayıb.
İyunun 5-də Ukrayna tərəfi bildirib ki, dronları Mariupol və Berdyansk limanlarında, eləcə də Rusiyanın nəzarətində olan ərazilərin sahil sularında beş gəmiyə zərbə endirib.
Ukraynanın dron qüvvələrinin komandanı Robert Brovdi deyib ki, dronlar Ukrayna taxılının "oğurlanmasında", həmçinin hərbi yüklərin və yanacağın daşınmasında iştirak edən quru yük gəmilərini və bir tankeri vurub.
Brovdinin sözlərinə görə, həmin gəmilərin adları gövdələrindən silinib, radarları isə söndürülmüş olub.