İyulun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfər edib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, iyulun 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub.
14 iyul
Kreml Əliyevin Ukraynaya dəstəyini yanlış sayır. 'İzah edəcəyik'
Bu səfər ərəfəsində Rusiya Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünə dəstək bildirən mövqeyini yanlış saydığını bildirib. Bunu Kremlin sözçüsü Dmitri Peskov iyulun 14-də söyləyib.
"Hesab edirik ki, bu mövqe yanlışdır. Və bütün kanallar vasitəsilə ardıcıl şəkildə əsaslandırılmış arqumentlərlə bunun niyə yanlış mövqe olduğunu izah etməyə davam edəcəyik ", – Peskov deyib.
Peskov əlavə edib ki, Rusiyanın tərəfdaşı olan bir sıra ölkələr Moskvanın qəti razılaşmadığı mövqe tuturlar: "Bununla yanaşı hesab edirik ki, bu məsələ ikitərəfli münasibətlərimizə kölgə salmaq üçün əsas deyil. Burada biz praqmatik yanaşmaya üstünlük veririk".
"Münasibətlərimizi hərtərəfli inkişaf etdirməliyik, xüsusilə də Azərbaycan kimi ölkə ilə", – Kremlin sözçüsü vurğulayıb.
Prezident İlham Əliyev bir gün öncə Şuşa Beynəlxalq Media Forumunda ukraynalı jurnalist Dmitri Qordonun sualına cavabında Ukraynaya işğalla barışmamağı tövsiyə edib. Prezident ötənilki forumda da oxşar fikir səsləndirmişdi.
“Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz”, – İ.Əliyev deyib.
Ötən həftə, iyulun 6-da Azərbaycan XİN Rusiyanın Bakıdakı səfirini çağırıb, Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə bağlı Rusiyaya rəsmi etiraz notası təqdim olunub. Ötən il də Ukraynadakı Azərbaycan obyektləri bir neçə dəfə Rusiyanın zərbəsinə tuş gəlib. Bu həm də Bakı ilə Moskvanın münasibətlərindəki gərginlik fonunda baş verirdi.
Rusiya 2022-ci ilin fevralından Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir. Bu müddət ərzində hər iki tərəfdən yüz minlərlə insan həlak olub.
Rusiyanin həmin işğalçı təcavüzə başlamasından ( fevralın 24-də) iki gün əvvəl, Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında “...müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalamışdılar.
Həmin bəyannamədə iki ölkə arasında, siyasi, iqtisadi, ticari və daha bir çox sahədə əməkdaşlığın inkişafının vacibliyindən bəhs edilirdi.