Ukrayna prezident seçkilərində diqqət çəkən bir məqam da o oldu ki, qalib gələn Volodimyr Zelenskiy üzünü post -sovet dövlətlərinə tutub Ukraynanı misal göstərdi - bizə baxın, hər şey mümkündür, dedi.
Azərbaycanda bu müraciət haqqında siyasətçilər, ekspertlər nə düşünürlər?
"25 il başıaşağı"
Zelenskiy-nin post-sovet ölkələrinə müraciəti haqda fikrini deyən müxalif Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirir ki, Ukraynadan fərqli olaraq Azərbaycanda 25 ildir ki, hakimiyyət dəyişmir. Müxalifət lideri iki ölkədəki siyasi durumu belə müqayisə edir:
“Artıq Ukraynada maneəsiz seçki keçirmək olur. Maydandakı proseslər bu işin önünü açıb və indi Ukrayna xalqının azad şəkildə seçmək imkanı var. Mən Zelenskiy-nin açıqlamasını təqdir edirəm, əlbəttə ki, keçmiş Sovet xalqları, onların sırasında ilk növbədə Azərbaycan hakimiyyəti də anlamalıdır ki, xalqa nəhayət seçim imkanı vermək lazımdır. Azərbaycanın son 25 ildə heç bir zaman seçim imkanı olmayıb. Buna görə Azərbaycan hakimiyyəti, şəxsən İlham Əliyev məsuliyyət daşıyır, məhz onlar baş verənlərdən nəticə çıxarmalıdırlar, Azərbaycanı dünyada başıaşağı etməkdən əl çəkməlidirlər”.
Bir il əvvəl, elə aprel ayında Azərbaycanda da prezident seçkisi keçirilmişdi və İlham Əliyev 86 faiz səslə, dördüncü müddətə prezident elan edilmişdi.
ATƏT-in hesabatında deyilirdi ki, seçkilər azadlıqların məhdudlaşdırılması şəraitində keçirilib, müşahidəçilər seçki günü topa bülletenlərin qutulara atılmasının şahidi olublar.
İlham Əliyev isə andiçmə mərasimində demişdi ki, prezident seçkisi xalqın iradəsini əks etdirib.
“Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, görülən işlərə səs verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib”.
Poroshenko dövlət marağını üstün tutdu
İlham Əliyev 4 cü dəfə seçilsə də, keçən il qonşu Gürcüstanda hakimiyyət seçki yoluyla, Ermənistanda isə hakimiyyət inqilab yoluyla dəyişib.
Post-sovet məkanındakı bu dəyişikliklər Azərbaycan üçün nə deməkdir?
Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, Azərbaycandakı kontekst və siyasi durum fərqlidir. Regionda, o cümlədən, Ukraynada keçirilən seçkinin Azərbaycana birbaşa təsiri olacağını gözləməyə dəyməz.
Amma Rauf Mirqədirov deyir ki, Azərbaycan xalqı Ukrayna seçkisindən nəticə çıxarda bilər:
“Bu dərs ondan ibarətdir ki, yalnız demokratiya istiqamətində gedən, demokratiyanı özünün xoş məramı elan edən qüvvələr ölkədə hakimiyyət dəyişikliyinə gedirlər. Digər qüvvələrin isə bütün məqsədləri, bütün siyasi manevrləri yalnız ondan ibarətdir ki, öz hakimiyyətlərini gücləndirsinlər, hakimiyyətdə dünyanın sonuna qədər qalsınlar. Biz bunu yalnız Azərbaycanın yox, başqa ölkələrində timsalında görürük”.
Rauf Mirqədirov deyir ki, prezident Poroshenko özü hakimiyyətdə ola-ola rəqibi Zelenskiy ondan 3 dəfəyə qədər çox səs toplayırsa, deməli, Poroshenko xalqının marağını hakimiyyət marağından üstün tutur.
İqtidar deputatı: "Təqsir müxalifətin özündədir"
Milli Məclisin Beynəlxalq Münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasından deputat Elman Nəsirov deyir ki, Ukraynada Zelinskiy-ni seçməyi xalq istədi, Azərbaycanda da dördüncü dəfə İlham Əliyevi prezident seçmək xalqın seçimidir. Elman Nəsirov deyir ki, problem müxalifətin özündədir - bu qüvvələr uzun illərdir ki, bir-birinə qarşı çıxmaqla məşğuldurlar, hətta münasibətləri təhqir səviyyəsinə də çatır:
“Hətta nəzəri baxımdan, hipotetik baxımdan düşünəndə ki, bu qüvvələr Azərbaycanda hakimiyyətdə olublar, bu, ən dəhşətli yuxudan betərdir. Azərbaycan müxalifəti Ukraynada və digər ölkələrdə seçkilərə bu cür diqqət ayırırsa, ilk növbədə bu haqda düşünsünlər ki, Azərbaycan xalqı niyə onlara etimad göstərmir”.
Boykot, yoxsa iştirak?
Gələn il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Müxalifət düşərgəsində seçkidə iştirak məsələsində fərqli mövqe sərgiləyənlər var.
Xalq Cəbhəsi Partiyasının Əli Kərimli deyir ki, təmsil olunduğu Milli Şura mitinqlər keçirəcək və tələblər qoyacaq ki, azad və ədalətli seçki mühiti təmin olunsun. Onun sözlərinə görə, seçki komissiyaları dəyişməsə, seçki qanunveriliyi təkmilləşməsə və islahatı aparılmasa, Milli Şura ötən seçkidə olduğu kimi bu dəfə də seçkini boykot edəcək.
Başqa bir müxalifət partiyası isə seçkiyə qatılacağını indidən bəyan edib.
ReAl partiyasının sədri İlqar Məmmədov Ukrayna seçkisindən sonra öz Facebook səhifəsində yazır:
“Xəzərdən qərbdə yerləşən keçmiş Sovet ölkələrindən ancaq birində demokratik seçki hələ keçirilməyib, o ölkənin adı Azərbaycandır. 18 ay qaldı, bacarmalıyıq”.
Azərbaycan azı 10 ildir ki, beynəlxalq insan haqları təşkilatlarının - Freedom House və Human Rights Watch təşkilatının hesabatlarında da qeyri-azad ölkə kimi qiymətləndirilir. Hakimiyyət isə bu tənqidləri qəbul etmir.