Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:13

Hüquqşünas seçki islahatları təklif edir


Hafiz Həsənov
Hafiz Həsənov

“Demokratik islahatlara yol azad və ədalətli seçkilərdən keçir. İslahatlar da seçki islahatlarından başlanmalıdır”.

Bunu AzadlıqRadiosuna hüquqşünas, Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri, Hafiz Həsənov bildirib.

Hafiz Həsənov hesab edir ki, bu məqsədlə indiki mərhələdə seçki qanunvericiliyində bir sıra dəyişikliklər edilməlidir. Ekspertə görə, ilk növbədə seçki kampaniyasının müddəti artırılmalıdır:

“Bütün səviyyəli seçki komissiyaları əsas siyasi qüvvələrin bərabər təmsilçiliyi əsasında balanslaşdırılmış qaydada formalaşdırılmalıdır. Vahid seçicilər siyahısı seçicilərin real sayına əsasən hazırlanmalıdır. Seçici imzalarının və digər seçki sənədlərinin yoxlanması müstəqil ekspertlər tərəfindən aparılmalıdır. Seçkiqabağı təşviqat üçün hamıya bərabər imkanlar təmin edilməlidir və təşviqat imkanları genişləndirilməlidir”.

Hafiz Həsənovun fikrincə, seçkilərin nəticələrinin etibarsız hesab edilməsindən ötrü əsaslar konkret və aydın müəyən edilməli, hüquqi mexanizmlər sadə, hamıya əlçatan olmalıdır.

O, eyni zamanda hesab edir ki, seçki hüquq pozuntularını müstəqil faktaraşdırıcı qruplar araşdırmalı, şikayətlərin verilməsi və araşdırılması çevik, sadə təşkil edilməlidir:

“Seçki hüquq pozuntularına görə məsuliyyət sərtləşdirilməli və məsuliyyətə cəlb etmə hamı üçün eyin qaydada tətbiq edilməlidir”.

Xatırlatma

Hazırda Azərbaycanda seçki komissiyaları üçdəbir əsasla formalaşır. Komissiyaların bir hissəsi hakim, indiki halda Yeni Azərbaycan Partiyasından formalaşır. Qalanları isə parlamentdəki azlıqda qalan partiyalardan və bitərəflərdən formalaşır. Müxalifət hesab edir ki, əslində bitərəflər də reallıqda hakim qüvvəni təmsil edirlər. Hərçənd, onlar belə fikirlərlə razılaşmırlar

Ölkə prezidenti bu günlər Novruz bayramı münasibətilə xalqa müraciətində deyib ki, islahatlar dərinləşəcək:

“İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub…”.

XS
SM
MD
LG