NATO-nun Baş katibi Yens Stoltenberq deyir ki, Rusiya qoşunlarını, dediyi kimi, geri çəkmir, əvəzində onların mövqeyini dəyişdirir.
Martın 31-də mətbuat konfransında danışan Stoltenberq deyib ki, qoşun yerdəyişməsinin “əlavə hücumlarla” nəticələnəcəyini gözləyir.
“Rusiya yenidən qruplaşmağa, yenidən təchiz olunmağa, Donbas regionunda hücumu gücləndirməyə çalışır”, – Stoltenberq deyib.
Moskva Ukraynanın şərqindəki Donbas regionunda separatçıları dəstəkləyir.
“Rusiya eyni zamanda Kiyevə və başqa şəhərlərə təzyiqi saxlayır. Ona görə də daha çox əziyyətə səbəb olacaq əlavə hücum hərəkətləri gözləyirik”, – o, sözlərinə əlavə edib.
Rusiya Kiyev və Çerniqov yaxınlığında əməliyyatları azaldacağını bildirsə də hər iki şəhərin rəsmiləri hava zərbələrinin davam etdiyini deyirlər.
Moskva eyni zamanda Donbasda hərbi əməliyyatlara fokuslanacağını bəyan etmişdi.
***
Ukrayna Prezidenti Volodimir Zelenski martın 31-də Avstraliya parlamentində çıxışında Rusiyaya yeni və daha güclü sanksiyalara çağırıb. O, videomüraciətində xəbərdarlıq edib ki, Rusiya məsuliyyətə cəlb olunmasa, “oxşar niyyətləri” olan digər ölkələr də belə edəcək, dünyanın qalan hissəsinə təhdid yaradacaqlar.
Zelenski deyib ki, Rusiya 2014-cü ildə Krımın ilhaqına görə cəzalandırılsaydı, bu işğal baş verməzdi. “Cəzasız qalan şeytan geri qayıdır”, – o vurğulayıb.
Zelenski Rusiyanı “nüvə şantajı”nda ittiham edib, Moskvanın məsuliyyətə cəlb olunması üçün daha çox işin görülməli olduğunu deyib.
Avstraliya hökuməti isə Ukraynaya əlavə 25 milyon dollarlıq hərbi yardım ayıracağını bildirib. Bu, Avstraliyanın indiyədək Ukraynaya ayırdığı yardımın məbləğini 116 milyon dollara çatdıracaq.
Avstraliya Rusiya Prezidenti Vladimir Putinə yaxın biznesmenlər daxil olmaqla 443 şəxs və 33 quruma ümumilikdə 476 sanksiya tətbiq edib.
***
Rusiya Ukraynanın şimalındakı Çerniqov şəhərinə raket zərbələrini davam etdirir. Britaniya hərbi kəşfiyyatı məlumatı martın 31-də yayıb.
Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Rusiya əsgərləri Kiyevin şərqi və qərbində mövqelərdə qalırlar, yalnız məhdud sayda bölmələr geri çəkilib.
“Növbəti günlərdə şəhər ətrafında ağır döyüşlər baş verə bilər”, – qurum bildirir.
Nazirlik Rusiyanın əsas hədəfi olan Mariupolda da ağır döyüşlərin getdiyini, amma şəhər mərkəzinin Ukrayna qüvvələrinin nəzarətində qaldığını qeyd edir.
***
Ukrayna Prezidenti Volodimir Zelenski ordusunun ölkənin şərqində döyüşlərin qızışmasına hazırlaşdığını deyir. O, Rusiyanın hərbi aktivliyi azaltmaq vədlərini “gözəl ifadələr” adlandırıb.
Zelenski xəbərdarlıq edib ki, Rusiya qüvvələri şərqi Donbas regionunda yeni hücuma hazırlaşırlar.
Rusiya martın 29-da paytaxt Kiyev və şimaldakı Çerniqov şəhəri yaxınlığında əməliyyatları azaldacağını demişdi. Bu açıqlama İstanbulda Ukrayna təmsilçiləri ilə üzbəüz görüşdən sonra verilmişdi, məqsədin sülh danışıqları üçün “qarşılıqlı inamı gücləndirmək” olduğu deyilirdi.
Ukrayna təmsilçisi David Araxamiya danışıqların martın 31-də videoəlaqə ilə bərpa olunacağını söyləyib.
“Ərazimizin hər bir metri uğrunda savaşacağıq”
“Heç kəsə, bircə gözəl ifadəyə belə inanmırıq”, – Zelenski marın 30-da gecə videomüraciətindən söyləyib. O, Rusiya əsgərlərinin şərqi Donbas regionunu vurmaq üçün yenidən qruplaşdığını sözlərinə əlavə edib.
“Heç nəyi əldən verməyəcəyik. Ərazimizin hər bir metri uğrunda savaşacağıq”, – deyən Zelenski qərbdən hərbi yardımla bağlı çağırışını bir daha dilə gətirib.
“Biz azadlıq və demokratiya uğrunda həqiqətən birlikdə mübarizə aparırıqsa, onda bu çətin həlledici məqamda kömək tələb etmək hüququmuz da var. Tanklar, təyyarə, artilleriya sistemləri. Azadlıq tiranlıqdan pis silahlanmamalıdır”, – Zelenski vurğulayıb.
Zelenski bundan öncə ABŞ Prezidenti Co Baydenlə bir saatlıq telefon söhbəti zamanı spesifik müdafiə dəstəyini, Rusiyaya yeni sanksiya paketini, maliyyə və humanitar yardımı müzakirə ediblər.
Martın 30-da Rusiya qüvvələri Kiyev yaxınlığını və Çerniqov şəhərini bombardman etməyə davam ediblər.
Ukraynaya hansı silahlar göndərilir
Pentaqonun sözçüsü Con Körbi Ukrayna paytaxtı yaxınlığındakı Rusiya kontingentinin “20 faizindən də azının” “mövqe dəyişməyə” başladığını deyib. Onun sözlərinə görə, Rusiya Kiyevdən qüvvələrini Ukraynanın başqa yerində istifadə üçün yenidən təchiz və təşkil etmək üçün geri çəkir, Rusiyaya geri göndərmək üçün deyil.
Körbi Rusiyanın Vagner Group şirkətinin Donbas regionuna minədək döyüşçü göndərdiyini deyib. Vagner Group yarımhərbi qüvvədir, Qərb hökumətləri Kremlin ondan digər münaqişə zonalarında da istifadə etdiyini bildirirlər.
Pentaqon rəsmisi Baydenin martın ortasına vəd etdiyi silahların hamısının hələ çatdırılmadığını deyib.
Müdafiə nazirinin köməkçisi Kelest Vallander Konqresdə dinləmə zamanı qeyd edib ki, kamikadze tipli 100 ədəd Switchblade dronları çatdırılma prosesindədir.
Vallanderin sözlərinə görə, ABŞ sovet istehsalı S-300 zenit-raket kompleksi olan ölkələrlə danışır, bu silahların Ukraynaya göndərilməsinə çalışır. Bu ölkələrdən biri Slovakiyadır, S-300-ləri daha müasir, ABŞ istehsalı olan Patriot raket kompleksləri ilə əvəzləmək istəyir.