Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 13:26

Cənubi Osetiya Rusiyaya birləşmək üçün referendumdan danışır


Anatoli Bibilov
Anatoli Bibilov

Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibənin ardınca Cənubi Osetiyanın müstəqilliyini tanıyıb

Gürcüstanda Moskvanın dəstəklədiyi separatçı Cənubi Osetiya regionunun lideri Anatoli Bibilov ərazinin Rusiyaya birləşməsi üçün referendum keçirmək istədiklərini deyib. Tbilisi isə bu addımı “qəbuledilməz” adlandırır.

Bibilov martın 31-də Rusiyanın dövlət televiziyasına deyib ki, Cənubi Osetiya Rusiyanın tərkibinə keçməklə bağlı referendum keçirmək üçün Rusiyayla “məsləhətləşmələr” aparır.

“İnanıram ki, Rusiya ilə birləşmək bizim strateji məqsədimizdir. Bu bizim yolumuzdur. Cənubi Osetiya bu yolla gedəcək”, – Bibilov vurğulayıb.

Cənubi Osetiya, Abxaziya ilə birlikdə Gürcüstandan müstəqilliklərini elan ediblər.

Gürcüstanın Xarici işlər naziri David Zalkaliani isə referendum söhbətini “qəbuledilməz” adlandırıb. O, Cənubi Osetiyanın Gürcüstanın “işğal edilmiş ərazisi” olduğunu deyib.

Regionun 53 min 500 sakininin demək olar hamısının Rusiya pasportu var.

Abxaziya “parlamentinin” de-fakto spikeri isə bu regionun Rusiyaya birləşməyi nəzərdən keçirilmədiyini söyləyib.

“Abxaziyanın Rusiyaya qoşulması məsələsi yoxdur. Abxaziya Konstitusiyasında müstəqil dövlət olmağımız qəti və aydın şəkildə yazılıb”, – deyən Valeri Kvarçiya Rusiyanın Abxaziyanın “strateji tərəfdaş” olduğunu sözlərinə əlavə edib.

Rusiyada siyasətçilər deyirlər ki, Cənubi Osetiyada referendumla bağlı qərar verilsə, səsvermə 1-2 aya təşkil edilə bilər.

***

Gürcüstandan qoparaq müstəqiliyini elan etmiş Cənubi Osetiya respublikasının başçısı Anatoli Bibilov deyib ki, ən yaxın vaxtlarda respublikanın Rusiyanın tərkibinə daxil olması üçün “hüquqi addımlar” atılacaq.

Bibilov Rusiyanı cənubi osetiyalıların “tarixi vətəni adlandırıb” və əmin olduğunu bildirib ki, Cənubi Osetiya Rusiya Federasiyasının bir hissəsi olacaq.

Cənubi Osetiyanın separatçı lideri martın 30-da etdiyi çıxışda Ukraynada müharibə məsələsinə toxunub və deyib ki, Rusiya “rus dünyasının dirçəlişinə” 2008-ci ildə Cənubi Osetiyanın Gürcüstandan müstəqilliyini tanımaqla başlayıb.

Dünya ölkələrinin böyük əksəriyyəti Cənubi Osetiyanı Gürcüstanın tərkib hissəsi hesab edir.

Ukraynada cənubi osetiyalılar da döyüşürmü?

Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibənin ardınca Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Əslində bu respublikada əhalinin hamısının Rusiya pasportu var.

Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumunda Cənubi Osetiya Moskvanı dəstəkləyib və Ukrayna ərazisində Rusiyanın yaratdığı qondarma DXR və LXR-i tanıyıb.

Rusiya jurnalistləri Cənubi Osetiyadan olan döyüşçülərin Ukraynada Rusiya tərəfində vuruşduqlarını yazırlar.

Bu xəbər rəsmən təsdiq olunmayıb.

Bundan əvvəl Ukraynada separatçı LXR-in rəhbəri Leonid Paseçnik ərazinin Rusiyanın tərkibinə daxil edilməsi üçün referendum keçiriləcəyini bildirmişdi.

O sonradan bu məsələnin gündəlikdə olmadığını deyib.

XS
SM
MD
LG