Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 10:43

Ukraynaya kiberhücumlar: Gözlər Rusiyanı axtarır...


Kiberhücum (@SHUTTERSTOCK)

Ötən həftə Ukraynanın rəsmi maliyyə institutları kiberhücumlara məruz qalıb. Hücumların ilin sonunda ediləsi ödəmələrlə bağlı maksimum xaos yaratmaq məqsədilə törədildiyi ehtimal olunur. Hadisədən bir həftə keçib və Ukrayna hökuməti hələ də günahkarların axtarışındadır.

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) baş qərargah rəisi dekabrın 6-da törədilmiş hücumda istifadə olunan zərərli proqramın bir il öncəki hücumda əl atılan proqramla eyni olduğunu bildirib. Söhbət ötən il Ukraynada yüz minlərlə evi elektriksiz qoymuş kiberhücumdan gedir. Ukrayna rəsmiləri həmin hücuma görə Rusiyanı günahlandırırlar.

Buna da bax:​ ABŞ Rusiyanı seçkilərə kiberhücumla ‘müdaxilədə’ ittiham edir

PUL KÖÇÜRMƏLƏR ERTƏLƏNİB

Ötən həftə hakerlərin ölkənin maliyyə nazirliyi, Dövlət Xəzinəsi və pensiya fondunun saytlarına və ödəmə sistemlərinə hücumu nəticəsində yüz minlərlə hrivna məbləğində pul köçürmələri təxirə düşüb, yaxud da tamamilə dayandırılıb. Problem iki gün davam edib.

SBU baş qərargah rəisi Oleksandr Tkachuk-un ötən gün verdiyi məlumata görə, istintaqa Milli Polis başçılıq edir. O, Milli Polisin bu məsələni SBU ilə müzakirə etdiyini bildirib.

Maliyyə nazirliyi bu insidentin "koordinasiya edilmiş peşəkar haker hücumu" olduğunu bildirib. Nazirlik həmçinin qeyd edib ki, hücum onun şəbəkə avadanlığını sıradan çıxarıb.

Buna da bax: Ukraynaya edilən kuberhücumda "Rusiya izi" yoxlanır

Tkachuk "bəzi məlumatların məhv edildiyini və şəbəkələrə çıxışın bloklandığını" təsdiqləyib.

O qeyd edib ki, insidentin nəticələrinin dəyərləndirilməsi xeyli vaxt aldığından, əlaqədar qurumlar bir çox detalın açıq müzakirəsinə hazır deyillər. Tkachuk əlavə edib ki, kibertəhlükəsizlik sahəsində nəzarət çətin işdir.

CAVAB ADDIMI

Tkachuk bu insidentin 2015-ci ilin dekabrında "Prykarpattyaoblenergo" enerji şirkətinə hücumla oxşar cəhətlərinin olduğunu bildirib. Həmin hücum nəticəsində Ukraynanın qərbində yerləşən İvano-Frankivsk rayonunda yüz minlərlə ev işıqsız qalmışdı.

Ukrayna rəsmiləri 2015-ci ildə törədilmiş kiberhücuma görə Rusiyanı günahlandırmışdılar. Bu insidentdən bir ay öncə Kiyev Krıma verilən elektrik enerjisini kəsmişdi. Ona görə də bu hücumun Kiyevin atdığı addıma cavab məqsədilə törədildiyi güman edilirdi.

Buna da bax:​ ABŞ kiberhücumlara görə sanksiyalarla hədələyir

Ancaq eyni zamanda, ekspertlər deyirlər ki, hakerlərin infrastrukturun mühüm sahələrinə bu şəkildə müdaxilə edə bilməsi daha vacib məsələdir. Bu, kibertəhlükəsizlik mütəxəssislərinin çoxdan bəri qorxduğu və proqnozlaşdırdığı, lakin öncə heç kimin görmədiyi praktikadır.

ABŞ Enerji departamenti katibinin müavini Elizabeth Sherwood-Randall da 2015-ci ilin dekabr kiberhücumuna görə Rusiyanı ittiham edib.

SİSTEM FAYLLARI POZULUR

Ötən ilki hücum zamanı hakerlər "KillDisk" adlı ziyanlı kompüter proqramından yararlanmışdılar. Bu proqram sistem fayllarında məlumatı pozur, yaxud da yenidən yazır. Nəticədə kompüterlərin işi dayanır.

Tkachukun sözlərinə görə, 6 dekabr hücumlarında da "KillDisk"dən istifadə edilib.

Buna da bax: Rusiyalı nazirə kiberhücum

2014-cü ilin martında Rusiyanın Krım yarımadasını ilhaqından sonra Kiyevlə Moskva arasında münasibətlər pisləşib. Kiyev və Qərb dövlətləri Rusiyanı şərqi Ukraynada 9750 nəfərin ölümünə səbəb olmuş separatçı münaqişəni dəstəkləməkdə ittiham edir.

Kiyev bir neçə dəfə Rusiyanı kiberhücumlarda suçlayıb. Belə hücumlardan biri 2014-cü ilin mayında keçirilmiş prezident seçkiləri ərəfəsində Ukraynanın seçki sisteminə qarşı törədilmişdi. Ukrayna bu hücumların Moskvanın ümumi "hibrid müharibəsinin" bir hissəsi olduğunu iddia edir. "Hibrid müharibə" dedikdə, konvensional, qeyri-nizami və kiber müharibə üsullarını birləşdirən hərbi strategiya nəzərdə tutulur.

XS
SM
MD
LG