Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 02:58

Bu gün üçtərəfli işçi qrupun iclası gözlənir


İşçi qrupun ötən ilin yanvarındakı görüşü
İşçi qrupun ötən ilin yanvarındakı görüşü

Bu həftə ikitərəfli sərhəd komissiyasının da iclası olmalıydı, hələlik, bu haqda informasiya yoxdur

Bu gün – iyunun 3-də regional kommunikasiyaların açılması üzrə üçtərəfli Azərbaycan-Ermənistan-Rusiya işçi qrupu Moskvada görüşəcək. Bu haqda AzadlıqRadiosunun Ermənistan xidmətinə Baş nazirin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.

İşçi qrupun ilk iclası ötən ilin yanvarında, sonuncusu isə ötən dekabrda Moskvada keçirilib. Qrupa baş nazir müavinləri - Azərbaycandan Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan Mqer Qriqoryan sədrlik edirlər.

İyunun 1-də Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin telefon söhbətində işçi qrupun fəaliyyətini gücləndirməklə bağlı razılığa gəlinib.

İkitərəfli komissiya da görüşməliydi

Baş nazir müavinləri Mqer Qriqoryan və Şahin Mustafayev sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə ikitərəfli komissiyaya da başçılıq edirlər. Onlar ötən Azərbaycan-Ermənistan sərhədində bir dəfə görüşüblər. İkinci görüşün bu həftə keçiriləcəyi deyilsə də, hələlik, bu haqda informasiya yoxdur.

“Sərhəddə istənilən gərginlik danışıqlara mənfi təsir göstərir”, – bunu isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən brifinqdə deyib. Onun sözlərimə görə, məhz bu səbəbdən Ermənistan tərəfi sərhədin delimitasiyası və demarkasiyası prosesi başlamazdan öncə qüvvələrin güzgü metoduyla geri çəkilməsini təklif edib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib. İki ölkənin sərhədləri müəyyənləşməyib. Ermənistan müharibə bitəndən sonra Azərbaycanı onun ərazisinə girməkdə ittiham eləsə də, rəsmi Bakı sadəcə, mövqe yerdəyişməsi etdiyini bildirib.

Tərəflər mütəmadi olaraq bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

XS
SM
MD
LG