Keçid linkləri

2025, 22 May, Cümə axşamı, Bakı vaxtı 04:26

İqtidar müxalifətin 'Qarabağ sessiyası'na qatılmayacaq


Ermənistan Milli Məclisinin sədri Alen Simonyan
Ermənistan Milli Məclisinin sədri Alen Simonyan

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan müxalifətin Dağlıq Qarabağ məsələsi ilə bağlı parlamentin növbədənkənar iclasının keçirilməsi təşəbbüsünü “yanlış proses” adlandırıb.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun yazdığına görə Simonyan hesab edir ki, hökumətin istefasını tələb edən müxalifət deputatları özlərini saldıqları çətin vəziyyətdən çıxış yolu axtarırlar.

Simonyanın sözlərinə görə müxalifət hazırda dalana düşmüş vəziyyətdədir.

Azatutyun yazır ki, müxalifətdən olan hər iki parlament fraksiyası - Hayastan və “Şərəfim var” fraksiyaları Dağlıq Qarabağa dair bəyanatın qəbul olunması üçün iyunun 3-ə Milli Məclisin növbədənkənar sessiyasını çağırıblar.

Bu iki fraksiyaya iki keçmiş prezident – Robert KoçaryanSerj Sarkisyan başçılıq edirlər.

Azatutyun xəbər verib ki, iqtidar deputatları bu növbədənkənar sessiyaya qatılmayacaqlarını bildiriblər.

Müxalifətin əsas tələbi - Qarabağ

Ermənistan müxalifəti hakimiyyətin Dağlıq Qarabağa dair bəyanatı qəbul etməsini tələb edir. Bu bəyanatda deyilir ki, Dağlıq Qarabağ heç bir şəraitdə Azərbaycanın tərkibində qala bilməz.

Alen Simonyan bildirib ki, hakimiyyətin bu məsələdə mövqeyi dəfələrlə ifadə olunub:

“Ümumilikdə bizim xalqa bütün məlumatlar verilir. Baş nazir də dəfələrlə deyib ki, Artsaxın (Dağlıq Qarabağ-red) rəyi, Ermənistan Respublikası vətəndaşların rəyi nəzərə alımnmayan heç bir proses olmayacaq. Olmayacaq və yoxdur”.

Buna baxmayaraq Ermənistan müxalifəti bir aydır ki, aramsız etiraz aksiyaları keçirir. Müxalifət əmin olduğunu iddia edir ki, Azərbaycanla danışıqlar xalqdan xəbərsiz aparılır. Müxalifət deyir ki, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağın statusu məsələsində dərəcənin aşağı salındığını artıq dilə gətirib.

Etiraz aksiyalarının əsas lideri, Daşnaksutyun partiyasından deputat və parlamentin vitse-spikeri İşxan Saqatelyan deyib:

“Biz nə deyirik ki? Biz deyirik ki, siz xalqın və dövlətin adından danışıqlar aparanda heç olmasa qırmızı xətlər qoymalısınız. Onlar qorxurlar. Qorxurlar, çünki Əliyevə söz veriblər. Çünki müharibə başa çatandan ilyarım sonra daxili qoşunların və polisin sayı artıb, amma ordunun sayı azalıb”.

İqtidar Qarabağ barədə bəyanat vemək istəmir

Saqatelyanın sözlərinə görə iqtidar uzun müddətdir bircə bəyanatı vermək istəmir ki, “Qarabağ Azərbaycanın tərkibində ola bilməz”.

Parlamentin spikeri bu barədə deyib:

“İndi bu barədə nəsə deməklə mən Ermənistan tərəfinin danışıq imkanlarına müdaxilə və ya təsir edə, bu imkanları məhdudlaşdıra bilərəm. Nəsə yaxşı bir başlıq və ya şüar xətrinə mən hansısa bəyanat versəm, bunun sonra neqativ təsiri ola bilər. Mən hesab edirəm ki, mən indi bu suala cavab verməli deyiləm”.

Müxalifətin Milli Məclisə təqdim etdiyi bəyanat mətnində habelə delimitasiya zamanı Ermənistanın ərazi bütövlüyünün pozulması istisna olunur.

Müxalifət istəyir ki, Ermənistan əsirlərin qaytarılmasını və Azərbaycan qüvvələrinin Ermənistan ərazisindən çıxarılımasını delimitasiya danışıqlarının şərti kimi irəli sürsün.

Müxalifətin mandatlardan məhrum edilməsi

Bu arada Ermənistan iqtidarı Milli Məclisin iclaslarında iştirak etmədiklərinə görə müxalifət deputatlarının mandatlarının ləğvinin mümkünlüyündən danışır.

Alen Simonyan bu barədə deyib:

“Mən bu barədə Milli Məclis Şurasına müraciət etmək niyyətindədyəm. Bu barədə qərar hələ yoxdur. Mən öz niyyətimdən danışıram”.

Ermənistan qanunlarına görə hər hansı deputatın mandatdan məhrum edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsi qərarı Milli Məclis Şurasının iclasında qəbul edilməlidir.

Bu şuranın tərkibinə spiker, onun müavinləri, parlament fraksiyalarının və komissiyalarının sədrləri daxildir.

İqtidar hazırda bu şurada səs çoxluğuna malikdir. Buna baxmayaraq bu barədə qərar qəbul oluna bilməsə, məsələ bununla bağlanmış hesab olunmur.

Ən azı 22 deputat hər hansı millət vəkilinin mandatdan məhrum edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilər.

XS
SM
MD
LG