Keçid linkləri

2024, 30 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:19

Türkiyədə mühafizəkarlar qadın haqları konvensiyasından çıxmaq istəyirlər


Türkiyədə qadın haqları aksiyalarından birində (Arxiv)
Türkiyədə qadın haqları aksiyalarından birində (Arxiv)

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın hakim AK partiyası, ölkənin, qadınların hüquqlarını müdafiə edən beynəlxalq sazişdən çıxarılması məsələsini nəzərdən keçirir.

Reuters xatırladır ki, bundan bir neçə həftə əvvəl Türkiyədə bir qadının keçmiş sevgilisi tərəfindən qəddarlıqla qətlə yetirilməsi qadınlara qarşı zorakılığın cilovlanması barədə debatları yenidən gündəmə gətirib.

2011-ci ildə Avropa Şurasının məişət zorakılığının önlənməsi, bu zorakılıqları törədənlərin mühakimə edilməsi və gender bərabərliyi barədə konvensiyasını imzalamasına baxmayaraq Türkiyədə təkcə ötən il 474 qadın qətli baş verib.

Bir çox mühafizəkarlar deyirlər ki, yeri gəlmişkən o vaxt İstanbulda imzalanmış bu pakt ailə sütunlarının sarsılmasına səbəb olur.

Lakin opponentlər bildirirlər ki, bu Konvensiyanın Türkiyədə daha ciddi və qətiyyətli icrasına ehtiyac var.

Daha bir qəddar qətl

AKP-nin vəzifəli rəsmisi Reuters agentliyinə deyib ki, partiya bu konvensiyanın tərk edilib-edilməməsi məsələsinə gələn həftə baxacaq:

“Partiya daxilində bu sazişdən çıxılmasını düzgün sayan yalnız kiçik bir qrup var”.

Lakin rəsmi bunu da deyib ki, Türkiyədə qadınlara qarşı zorakılıqların yüksəlişdə olduğu bir vaxtda bu paktın tərk edilməsi gənclərə yanlış siqnal göndərərdi.

Amma AKP-nin başqa bir rəsmisi deyib ki, əksinə konvensiyadan çıxmaq zorakılıqların azalmasına imkan verərdi.

Bu kimi mübahisələr ötən ay 27 yaşlı muğlalı tələbə Pınar Gültekinin qətli ilə bağlı yenidən qızışıb.

Gənc qadın keçmiş nişanlısı tərəfindən boğulmuş və cəsədi yandırılaraq çəlləyə yerləşdirilmişdi.

Yerli media hadisə ilə bağlı bir nəfərin həbs edildiyini və onun bu cinayəti boynuna aldığını xəbər verir.

Lakin konvensiyanın əleyhdarları deyirlər ki, bu sənəd ənənəvi türk ailəsinin əsaslarını sarsıdır.

Prezidentin oğlu və qızı

Bu mübahisə, debatları təkcə Erdoğanın AKP partiyasının sıralarına yox, həm də onun öz ailəsinə gətirib.

Prezidentin iki övladı İstanbul Konvensiyasına dair mübahisələrin qarşı duran tərəflərindədirlər.

Prezidentin oğlu Bilal Erdoğanın da üzv olduğu Türkiyə Gənbclər Fondu bəyan edib ki, “bizim dəyərlərimizi dinimiz və ailəyə baxışlarımız müəyyən edir”.

Erdoğanın qızı Sümeyyenin sədr müavini olduğu Qadın və Demokratiya Assosiasiyası (KADEM) bu mülahizələri rədd edib: “Biz bir tərəfin zülm və zorakılıq hədəfi olduğu şəraitdə artıq “ailədən” danışa bilmərik”.

Bir çox mühafizəkarlar habelə İstanbul Konvensiyasında nəzərdə tutulmuş gender bərabərliyinə etiraz edir, bunun homoseksuallığı təbliğ etdiyini iddia edirlər.

Konvensiyadan çıxılmasına qarşı olanlar isə bildirirlər ki, belə bir addım Türkiyəni üzv olmaq istədiyi Avropa İttifaqının dəyərlərindən daha da uzaqlaşdırardı.

Türkiyənin ana müxalifət partiyası CHP-dən millət vəkili Gamze Tasçıer deyib ki, konvensiyadan çıxış Türkiyəni sivil dünyadan uzaqlaşdırar və bunun nəticələri çox acınacaqlı ola bilər.

Təkcə Türkiyə deyil

Reuters yazır ki, Türkiyə bu konvensiyadan çıxmaq cəhdləri göstərən yeganə ölkə deyil.

Polşanın millətçi hökumətinin nazirlərindən birinin təşəbbüsü ilə bu konvensiyanın Polşaya uyğunluğu məsələsinə Ali Məhkəmədə baxılmalıdır.

Türkiyə qadınları avqustun 5-də konvensiyanın daha ciddi tətbiqini tələb edən etiraz aksiyası keçirməli idilər. Onlar bu aksiyadan çəkilmiş ağ-qara selfilərini Instagramda paylaşmalıydılar.

Türkiyədə qadın qətllərinin rəsmi statistikası aparılmır, lakin Dünya Səhiyyə Təşkilatının hesabatına görə bu ölkədə qadınların 38 faizi ailə üzvü tərəfindən zorakılığa məruz qalır. Bu rəqəm Avropanın qalan yerlərində təxminən 25 faizdir.

Türkiyə hökuməti bundan əvvəl qadınların zorakılıqdan qorunması üçün bir sıra addımlar atıb.

Buna misal olaraq qadınlara qarşı zorakılığı ilə tanınan şəxslərə elektron bəndlərin bağlanması, qadınlar üçün birbaşa polislə bağlantı verən telefon tətbiqlərinin istifadəyə verilməsini göstərmək olar.

Bu tətbiq indiyədək yüz minlərlə telefona yüklənib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG