Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:12

Tutuquşular Avropanı da 'işğal edib'


Halqalı yaşıl tutuquşu
Halqalı yaşıl tutuquşu

Mənşəyi Avropaya aid olmayan tutuquşular qitənin yerli bioloji müxtəlifliyinə təhlükə yarada, kənd təsərrüfatına ciddi ziyan vura bilər. Təsirlər yerdən-yerə fərqli ola bilər. Avropaya ev heyvanı kimi gətirilmiş, sonradan sahibindən qaçmış, yaxud da azadlığa buraxılmış tutuquşular Avropada çoxsaylı vəhşi populyasiyalar yaradıb. Halqalı yaşıl və rahib tutuquşu növlərinə aid quşlar Avropanın tutuquşu populyasiyasının əsas hissəsini təşkil edir. Ancaq populyasiyanın arasında başqa növlər də var.

Avropanın müxtəlif ölkələrini təmsil edən tədqiqatçılar, qoruq işçiləri, vəhşi təbiət və konservasiya sahəsində qərarlar qəbul edən adamlar Avropa Birliyinin COST proqramına aid ParrotNet layihəsində əməkdaşlıq edirlər. Komanda tutuquşuların vurduğu mövcud ziyanın dəlillərini nəzərdən keçirərək bu qənaətə gəliblər ki, gələcəkdə vurula biləcək ziyanı önləmək üçün tutuquşuların yeni əraziləri tutmasının qarşısını almaq zəruridir. Tədqiqatın nəticələri «NeoBiota» adlı açıq jurnalda dərc edilib.

Ziyanlı təsir var, amma...

Phys.org saytı yazır ki, hələlik Avropaya yad tutuquşuların ətraf mühitə ziyanlı təsiri az və yalnız lokal səviyyədə müşahidə olunur. Bütün bu ziyanın halqalı yaşıl və rahib tutuquşular tərəfindən törədildiyi bildirilir. Tədqiqat göstərib ki, hər iki növ yaşadığı ərazidə kənd təsərrüfatı məhsullarının itkisinə səbəb olur. Ancaq Avropada bu gözləntilər, hələlik, özünü doğrultmayıb.

Qeyd edilir ki, Avropada qitənin yerli növləri ilə rəqabət daha ciddi problemlər yaradır. Xüsusilə də halqalı tutuquşu qida və yayılma sahələri uğrunda rəqabətdə digər quş növlərini üstələyə bilir. Amerika qitəsində rahib tutuquşuların yuvaları asanlıqla alışdığından enerji infrastrukturuna ziyan vurur. Avropada bu problemə çox az rast gəlinir.

Digər tutuquşu növlərinin təsirləri haqda, demək olar ki, heç bir məlumat yoxdur. Məqalədə deyilir ki, bu, həmin növlərin qitəyə nisbətən gec gətirilməsi və hazırda nisbətən kiçik və lokal qruplar halında yaşaması ilə bağlı ola bilər.

Belçikanın Qent Universitetinin Yerüstü Ekologiya kafedrasından doktor Diederik Strubbe halqalı tutuquşuların Britaniyanın Surrey əyalətində minlərlə şüşə şərabın itkisinə səbəb olduğunu deyir. Onun sözlərinə görə, həmin tutuquşu növü İspaniyanın Sevilya ərazisində tükənməkdə olan yerli yarasa populyasiyasını ağac koğuşlarındakı yuvalarından sıxışdırıb çıxarır və ona ciddi təhlükə yaradır. Ancaq mütəxəssis həm də, hələlik, belə təsirlərin məhdud olduğunu qeyd edir.

Tövsiyələr

ParrotNet şəbəkəsinin üzvləri araşdırmanın nəticələrinə əsaslanaraq, dövlət qurumları və qoruqların əməkdaşları üçün xüsusi tövsiyə bülleteni də dərc ediblər. Tövsiyələrə tutuquşuların gətirilməsinin daha sərt qaydalarla tənzimlənməsi, yaranmaqda olan populyasiyalar aşkarlanan zaman cəld tədbir görülməsi, əhalinin tutuquşuların mümkün təsirləri haqda daha yaxşı məlumatlandırılması da daxildir. Məsələn, tutuquşuların yararlana bilmədiyi quş yuvalarının qoyulması onların həmin ərazidə yayılmasının qarşısını ala bilər.

Britaniyanın Kent Universitetinin Antropologiya və Konservasiya Məktəbinin Darrell adına Konservasiya və Ekologiya İnstitutundan (DICE) professor Jim Groombridge hesab edir ki, tutuquşuların vura biləcəyi ziyanla bağlı görülməli tədbirlər son nəticədə siyasətçilərdən asılıdır.

Alimin sözlərinə görə, bu vaxta qədər tutuquşu populyasiyalarının ərazidən təmizlənməsi halları olub. Məsələn, Seyşel adaları tutuquşulardan təmizlənib. «Bu isə onu göstərir ki, hökumətlər cəld və qəti tədbirlər görəndə bunu etmək mümkündür. Artıq formalaşmış və Avropanın müxtəlif hissələrində aşkarlanan iri tutuquşu populyasiyalarının hamısının vura biləcəyi zərər üçün vahid bir həll yolu yoxdur», – deyə o bildirib. Professor Groombridge qeyd edib ki, uyğun metodların tapılması üçün daha çox tətbiqi araşdırma aparılmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG