Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:03

Bal arılarını qıran virus


Bal arısı populyasiyasının son illər ciddi zərər çəkməsinə səbəb olan xəstəliyin geniş yayılmasının günahı insandadır.

Arılarda ən çox rast gəlinən virus növü olan Qanadların Deformasiyası Virusunun (QDV) araşdırılması nəticəsində məlum olub ki, bu virus bütün dünyaya arı koloniyalarının (ailələrinin) alqı-satqısı ilə əlaqədar yayılıb. Daha dəqiq, Varroa gənəsi ilə yoluxmuş Avropa bal arı koloniyalarının dünyanın müxtəlif yerlərinə satılması pandemiya vəziyyətində olan xəstəliyin qlobal epidemiya halı almasına gətirib çıxarıb.

DÜNYADAKI PƏTƏKLƏRİ AVROPA ARILARI YOLUXDURUB

Dünyanın dörd bir tərəfində arı pətəklərini yoluxdurmuş QDV virusunun başlıca mənbəyi Apis mellifera adlı Avropa bal arısı olub.

Bu qənaətə Britaniyanın Exeter Universitetinin Berkeley, Sheffield, Cambridge və Salford universitetləri ilə birgə aparılan araşdırma nəticəsində gəlinib.

Varroa gənəsi öz-özlüyündə arı populyasiyası üçün elə bir ciddi təhlükə təşkil etmir. Ancaq hər hansı xəstəliyin, konkret bu halda QDV virusunun daşıyıcısı olduqda öldürücü təsirə malik olur. Gənələr arı sürfələri ilə qidalandıqları halda, sözügedən virus birbaşa arının özünü hədəf alır. Nəticədə arı ailələri iki cəbhədən məruz qaldıqları təcavüzdən salamat çıxa bilmirlər. Son bir neçə on il ərzində milyonlarla arı koloniyalarının məhvinin əsas səbəbkarı məhz Varroa-QDV kombinasiyası, yəni virus daşıyıcısı olan gənələrdir.

Yaranmış vəziyyət qlobal arı populyasiyasının gələcəyi üçün nikbin heç nə vəd etmir.

Bu, biomüxtəliflik, aqrar biotəhlükəsizlik, hətta qlobal iqtisadiyyat və nəhayət, insan sağlamlığı üçün də ciddi təhlükə deməkdir.

Araşdırma müəlliflərindən doktor Lena Wilfert deyir ki, əgər bu xəstəlik təbii yolla yayılmış olsaydı, yayılma qonşu ölkələr, yaxud ən azından bir-birinə coğrafi cəhətdən yaxın ölkələr arasında olardı. Ancaq araşdırma göstərir ki, Yeni Zellandiyadakı arı populyasiyalarındakı virus Avropa mənşəlidir. Bu isə sözügedən öldürücü xəstəliyin yayılmasında günahın insanlarda olduğunu, onların yoluxmuş arı ailələrini transportasiya etmələri səbəbindən bəlanın bütün dünyaya yayıldığını göstərir.

ALİMLƏRİN XƏBƏRDARLIĞI

Arıların köçürülməsi ciddi nəzarət altına alınmalıdır.Varroa gənəsi daşıyan arıların alğı-satqısına məhdudiyyətlər qoyulmalıdır. Arıçılar da vaxtaşırı, arı pətəklərini Varroa gənəsinə qarşı yoxlatmalıdırlar.

Hətta əhilləşdirilmiş heyvan və bitkilərin belə dünyanın fərqli yerlərinə aparılması özlüyündə müəyyən risk daşıyır. Bu qənaətə isə Sheffield Universitetindən təkamül biologiyası üzrə professor Roger Butlin araşdırması nəticəsində gəlib.

Nəticə həm həmin əhilləşdirilmiş heyvanlar, həm də canlı təbiətin özü üçün fəlakətli ola bilər. Virusa yoluxmaq isə çoxsaylı potensial təhlükələrdən yalnız biridir.

XS
SM
MD
LG