Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:15

Rusiyanın durnaları xilas planı niyə işləmir


V.Putin ultrayüngül təyyarə ilə durnalarla uçuşa hazırlaşır. 2012
V.Putin ultrayüngül təyyarə ilə durnalarla uçuşa hazırlaşır. 2012

Cəmi beş il öncə Rusiya prezidenti Vladimir Putin - əynində bəyaz kombinezon, başında iri dəbilqə - nəsli kəsilməkdə olan Sibir durnaları ilə birlikdə havada uçurdu. Ultrayüngül təyyarə ilə uçan Putin cənuba üz tutmuş durnaların V şəkilli qatarının önündə gedirdi.

Dövlət mediasının detallı işıqlandırdığı bu «ümid uçuşu»nun ardınca Putin özünü lələkli dostlarının hamisi kimi qələmə verərək, onları xilas edəcəyinə söz vermişdi. Ancaq, görünür, bu təşəbbüs iflasa uğrayıb.

Durnaları yetişdirərək təbiətə buraxmaq layihəsinin əsas sponsoru geri çəkiləndən sonra proqramın maliyyələşdirilməsi dayanıb. Putin-in uçduğu ultrayüngül təyyarəyə bənzər hava gəmiləri isə qoruğun bir küncündə qalıb toz yığır. Bu təyyarələr 2013-cü ildən bəri havaya qalxmayıb.

NƏHƏNG İŞ VƏ PUL LAZIMDIR

Bu, adı dövlət qoruğu olan, əslində isə Kremldən hər hansı maliyyə almayan qoruqlardan sadəcə biridir. Yetişdirilərək vəhşi təbiətə buraxılmış durnaların taleyi isə naməlumdur. Çünki pul olmayanda peyk izləmə qurğuları da işləmir.

Nəsli kəsilməkdə olan Sibir durnalarının yaşadığı Oka qoruğunun direktoru Yury Markin deyir ki, durnaları təhlükəsiz qışlaqlara köçürmək üçün çox sayda rəsmi sənəd lazımdır.

«Qazaxıstan, Özbəkistan və başqa ölkələrin hava məkanına daxil olmağa, qalxmağa və enməyə də icazə lazımdır. Durnaların baytardan sertifikatları olmalıdır. Elə təkcə bu sənədləri yoluna qoymaq nəhəng iş və pul tələb edir», – Markin deyir.

Sibir durnaları durnakimilər fəsiləsində ən uzağa uça bilən növdür. Onlar böyüdükləri Sibir Arktikasından qışı keçirdikləri Çin və İranadək 5 min kilometr məsafə qət edə bilirlər.

V.Putin durnalarla uçur.
V.Putin durnalarla uçur.

Quşların iki əsas populyasiyalarından biri olan Qərbi Sibir durnaları nəsli kəsilmək təhlükəsi qarşısındadırlar. Hazırda bu populyasiya cəmi 20 başdan ibarətdir. Yakutsk, yaxud Şərq durnaları isə daha yaxşı vəziyyətdədir, onların sayı 4 minə çatır.

OVLANMA VƏ BATAQLIQLARIN MƏHVİ

Sibir durnalarının populyasiyasının azalmasının bir səbəbi onların ovlanmasıdır. Digər mühüm səbəbsə Orta Asiyada neft-qaz sənayesinin inkişafıyla bağlı durnaların yaşadıqları bataqlıq mühitinin məhv edilməsidir.

İlk dəfə 2005-ci ilin payızında ultrayüngül hava gəmisinin köməyi ilə durnaların qışlaqlara köçürülməsinə cəhd edilib. Bu təşəbbüs yalnız 2012-ci ildə təsdiqlənib və Putin Yamal yarımadasında durnalarla birlikdə havada pərvaz edib. O zaman Kreml durnaları xilas etmək təşəbbüsünün Putin-in özündən gəldiyini bildirmişdi.

Putin-in iştirakı Sibir durnalarının xilasına çalışanlarda böyük ümid yaratmışdı. Ümid ilk növbədə maliyyə yardımı ilə bağlı idi. 2014-cü ildə Putin hökumətin Rusiyada nəsli kəsilməkdə olan növlərin qorunması proqramlarını genişləndirəcəyini demişdi. Ancaq elə Putin-in havada uçuşundan sonrakı il durnaların xilası layihəsi dayandı.

ALTI DURNAYA GPS TAXIBLAR

Sözügedən «ümid uçuşu»nun əsas sponsorlarından biri Yamal-Nen Muxtar Mahalı parlamentinin üzvü Aleksandr Yermakov-un rəhbərlik etdiyi Durna Fondu idi. Görünür, 2013-cü ildə Yermakov Federasiya Şurasına (Rusiya parlamentinin yuxarı palatası) seçilərək Moskvaya köçəndən sonra bu sahəyə marağını itirib. O zamandan da Rusiya hökuməti də daxil olmaqla, pulu olan heç kəs bu layihəni maliyyələşdirmək təşəbbüsü göstərməyib.

Bu il alimlər durnalardan altısına ucuz GPS/GSM cihazları taxa biliblər. Bir ildən sonra onlardan neçəsinin uçuş zamanı sağ qaldığı bilinəcək.

Oka qoruğunda durna yetişdirmə proqramına rəhbərlik edən Tatyana Kashentseva nə çox bədbin, nə də nikbindir.

«Ən azı, xilas etməyə çalışdığımız Qərbi Sibir durnası populyasiyası yüz-yüz, on-on tələf olmur, onlar bir-bir ölürlər», – o deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG