Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:11

Turkmənistanda da qadınların geyim və makiyajı ilə bağlı yeni qaydalar


Türkmənistan - qızlar prezident Berdımuhammedovun kitabını oxuyurlar. (Arxiv)
Türkmənistan - qızlar prezident Berdımuhammedovun kitabını oxuyurlar. (Arxiv)

Tacikistanın ardınca Türkmənistanda da hökumət qadınların xarici görünüşünü "nizamlamağa" çalışır.

Azadlıq Radiosunun türkmən xidməti xəbər verir ki, bu, ilk növbədə dövlət idarələrində çalışan qadınlara və ali məktəblərdə oxuyan qızlara aid olacaq.

Geyimlə yanaşı makiyajla bağlı da qaydalar olacaq.

Bundan sonra paltarlar üzun olmalı, bütün bədəni örtməli və ətəyi yerə dəyməlidir.

Paltarın altından ancaq ayaqqabının burnu çıxa bilər və əl barmaqları görünə bilər.

"Xronika Turkmenistana" bundan qabaq xəbər yaymışdı ki, Daşoğuz vilayətində Kənd Təsərrüfatı İnstitutunun tələbə qızlarını uzun paltarın altından milli şalvar - balak geyməyə məcbur ediblər.

Buna da bax: Tacikistanda mini-yubkanı qadağan etdilər

"NİYƏ MƏN NƏNƏM KİMİ GEYİNMƏLİYƏM?"

Aprelin 19-20-də bununla bağlı Daşğuzun rayon mərkəzlərində xüsusi toplantılar keçirilib.

Yerli mədəniyyət idarələri təhsil müəssisələrinin rəhbərlərini bir yerə yığıb onlara yeni qaydaları izah ediblər.

"Xronika Turkmenistana" yazır ki, məmurlar "milli ənənələri unutmamaq, milli köklərə bağlı olmağın vacibliyindən" danışıblar.

Toplantılarda kişilərin geyimindən də danışılıb. Onlar mütləq qara kostyum, ağ köynək geyməli, qalstuk taxmalıdırlar. Bu, ilk növbədə müəllimlərə aiddir.

Qadınlara isə deyilib ki, dırnaqlarına lak vurmasınlar, saçlarını açıq rənglərlə boyamasınlar, qaşlarını korreksiya etməsinlər.

Üstündən bir neçə gün keçəndən sonra məktəblərə komissiya gəlib və müəllimələrin donun altından şalvar geyib-geymədiyini yoxlayıb.

Müəllimələrdən tələb edilib ki, donlarının ətəyini qaldırsınlar və şalvar geydiklərini göstərsinlər.

Yalnız bundan sonra onlar auditoriyaya buraxılıblar.

"Xronika Turkmenistana" bir şikayətçinin məktubunu dərc edib.

Adının çəkilməsini istəməyən müəllimə yazır: "Biz köhnə zamanlara qayıtmışıq. Niyə mən 20 yaşında nənəm kimi geyinməliyəm? Bəlkə çadra da taxaq?"

Bundan qabaq Türkmənistana çimərlik paltarlarının gətirilməsinə qadağa qoyulması haqda da xəbər yayılmışdı.

TACİKİSTANDAN ÖYRƏNDİLƏR?

Tacikistanda Mədəniyyət Nazirliyinin çap etdiyi "dress kod"
Tacikistanda Mədəniyyət Nazirliyinin çap etdiyi "dress kod"

Bundan öncə qadınlar üçün geyim qaydaları Tacikistanda tətbiq edilib.

Tacik qadınlara tövsiyə edilir ki, uzun yubka geysinlər.

Uzun deyəndə yubkanın dizdən 15-20 santimer aşağı olması nəzərdə tutulur.

Hökumət Qərb geyimlərini qadağan etmir.

Amma "tövsiyə olunmayan" geyimlər siyahısına mini yubka, şəffaf koftalar, sinəsi açıq paltarlar, qarnın üstünü örtməyən geyimlər, qara rəngli don və baş örtükləri də düşüb.

Buna da bax: İranda məmur “ədəbsiz” ictimai rəqsə görə həbs olunub

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG