Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:04

Böhran vaxtı Türkmənistanda 300 milyon dollarlıq otel tikilir


Tikiləcək otelin maketi
Tikiləcək otelin maketi

Türkmənistan prezidenti Gurbanguly Berdymuhamedov Aşqabadda yeni bahalı otellər tikməyi tapşırıb. TDX dövlət xəbər agentliyi bildirir ki, dövlət başçısı bu qərarını yanvarın 9-da, şəhəri gəzəndən və paytaxtdakı abadlıq işlərini helikopterin göyərtəsindən müşahidə etdikdən sonra səsləndirib.

Rəsmi mətbuatın yazdığına görə, içərisində iş mərkəzi olan gələcək otelin paytaxtın beynəlxalq hava limanı yaxınlığında, A.Niyazov və Xoca Əhməd Yasəvi küçələrinin kəsişməsində tikilməsi planlaşdırılır. Doqquzmərtəbəli bina 6,9 hektarlıq ərazidə yerləşəcək. Oteldə 90 nömrənin, ticarət mərkəzi, restoran, toylar və başqa tədbirlərin keçirilməsi üçün zalların, iş məkanlarının olması planlaşdırılır. Dövlət başçısının təklifi ilə otel "Qaraqum" adlandırılacaq.

Buna da bax: Türkmənistanda qıtlığın ikinci ili

İkinci belə otelsə Kopetdağın ətəyində tikiləcək.

ÜMUMİ XƏRCLƏR 500 MİLYON DOLLARI AŞA BİLƏR

Rəsmi xəbərdə obyektlərin dəyəri göstərilmir. Onların nə zaman və kim tərəfindən tikiləcəyi haqda da bilgi verilmir. Türkmənistan paytaxtında yeni otellərin tikintisi üzrə hər hansı tenderlərin keçirildiyinə dair məlumat da gözə dəymir.

Aşqabadda tikinti sahəsinə yaxın mənbə AzadlıqRadiosu-nun türkmən xidmətinə bildirib ki, planlaşdırılan otellərdən birinin tikintisi Fransanın "Buiq" ("Bouygues S.A.") şirkətinə həvalə edilib.

Buna da bax: Türkmənistan İrandan borcunu beynəlxalq arbitrajla almaq istəyir

"Bildirilir ki, "Rifahın 10 ili" küçəsində ucaldılacaq otelin tikintisi hər hansı tendersiz Fransanın "Buiq" şirkətinə həvalə edilib. Onun dəyəri 300 milyon dollardır", – deyə mənbə bildirib.

Onun sözlərinə görə, "Buiq" şirkəti artıq öz əməkdaşlarını Türkmənistana qaytarmağa başlayıb. Hətta yaxın zamanlarda şirkətin rəhbəri Martin Bouygues-in Türkmənistana səfəri planlaşdırılır.

Mənbə iddia edir ki, otellərin tikintisi üç il sonra Aşqabadda keçiriləcək beynəlxalq konfransa hazırlığın bir hissəsidir. Onun sözlərinə görə, artıq tikintiyə gərəkən materiallar ölkəyə gətirilməyə başlayıb. O həmçinin qeyd edib ki, bu obyektlərin tikinti xərclərinin ümumi həcmi 500 milyon ABŞ dollarını aşa bilər.

Radionun türkmən xidməti məsələylə bağlı nə Türkmənistan rəsmiləri, nə də "Buiq" şirkətindən məlumat ala bilib.

Buna da bax: İlham Əliyev: ‘Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır’

"Buiq" (Bouygues) şirkəti hələ 1993-cü ildə Türkmənistanda çalışmağa başlayıb. Şirkətin Türkmənistan paytaxtında tikdiyi iri obyektlər arasında prezident sarayı, parlament binası, beşulduzlu "Yıldız" oteli, Müşavirə sarayı, Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universitetini, Türkmənistan XİN Beynəlxalq Əlaqələr İnstitutunun, Türkmənistan Ticarət-Sənaye Palatasının binalarını göstərmək olar.

SOSİAL XƏRCLƏMƏLƏR – 75-80%

2016-cı ilin oktyabrında və 2017-ci ilin oktyabrında fransız şirkətinin rəhbəri Martin Bouygues Türkənistanla gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi üçün Aşqabada gedib və dövlət başçısı tərəfindən qəbul edilib.

Buna da bax: 'Vəziyyət düşündüyümüzdən də ağırmış'

"Aşqabadın kompleks inkişafı, bütün şəhər infrastrukturunun planlı modernləşdirilməsi, insanların yaşayışına optimal, əlverişli şərtlərin yaradılması məsələləri daim dövlət başçısının diqqət mərkəzindədir. O, müntəzəm olaraq paytaxtımızda ictimai binaların tikintisini şəxsən təftiş edir", - TDX dövlət xəbər agentliyinin məlumatında qeyd edilir.

Yeni bina ictimai əhəmiyyətli obyekt elan edilib. Hökumət bildirir ki, 2018-ci ilin büdcəsində sosial sektorun payı 75-80% nəzərdə tutulub.

Bununla yanaşı, mütəxəssislərin fikrincə, Türkmənistan iqtisadiyyatı son 25 ildə görünməmiş, ağır iqtisadi böhran yaşamaqdadır. Son bir ildə ölkə əhalisi iş yerlərinin ixtisarı, ərzaq qıtlığı, məvaciblərin ləngiməsi, qiymətlərin, o cümlədən ərzaq və zəruri tələbat mallarının, tibbi və kommunal xidmətlərin kəskin bahalaşmasıyla üzləşib.

Qeyd edək ki, iqtisadi böhranın başlaması Türkmənistan rəhbərliyini son dərəcə bahalı layihələrin tikintisindən çəkindirməyib. Asiya Oyunlarının keçirilməsi üçün idman obyektlərinin tikintisinə azı 7,3 milyard dollar xərclənib. Ümumilikdə oyunlara 9 – 10 milyard dollar xərcləndiyi bildirilir. Oyunlar öncəsi Aşqabadda tikilən beynəlxalq hava limanınınsa azı 2,3 milyard dollara başa gəldiyi deyilir.

XS
SM
MD
LG