Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Qərb texnologiyasından haker hücumunda istifadə olunur


Server
Server

Kanada texnologiya şirkətinin cihazlarından Türkiyənin Suriya ilə sərhədi boyu internet istifadəçilərinin hesablarının yarılmasında istifadə olunur. Bu haqda ötən cümə günü məlumat verən tədqiqatçılar ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinin hədəfə alındığını güman edirlər.

Türkiyə şimal-qərbi Suriya ilə sərhəddə kürd qruplaşmalarına qarşı əməliyyatlar aparır. Hesabatı dərc edən «Citizen Lab» adlı internet təhlil qrupunun direktoru ABŞ-ın müttəfiqlərinin hədəfə alınmasında Kanada texnologiyasından istifadə olunduğunu xüsusi vurğulayıb.

«Uyğun tədbir görüləcək»

«Bu şirkətlər ciddi tənzimlənmir. Bu isə çoxsaylı arzuolunmaz mənfi nəticələrə, o cümlədən, xarici siyasi maraqlarımıza və insan hüquqları ilə bağlı maraqlarımıza ziyan vura biləcək nəticələrə yol aça bilər. Bu, oxşar internet texnologiyasına hökumət nəzarətinin qurulması baxımından ciddi arqumentdir», – Deibert deyib.

***Buna da bax-30 ölkənin axtardığı haker saxlanıb

«Citizen Lab»ın müəyyən etdiyi avadanlıq Kaliforniyada yerləşən «Procera» şirkətinin istehsalı olan «PacketLogic» cihazlarıdır. Bu şirkət bu yaxınlarda «Sandvine» adlı Kanada şirkətinə birləşib. Bu şirkətsə öz növbəsində «Francisco Partners» adlı özəl Amerika səhmdar qrupuna məxsusdur.

«Sandvine» şirkəti hesabatın açıqlanmasından öncə özünə qarşı ittihamları araşdırdığını, ancaq «Citizen Lab» qrupu ona bütün məlumatları vermədiyindən araşdırmanı tamamlaya bilmədiyini deyib.

«Əlimizdə zəruri məlumat olan kimi tam araşdırma apararaq uyğun tədbir görəcəyik», – deyə «Sandvine» bildirib.

Açıqlamada həmçinin deyilir ki, «Citizen Lab»ın ittihamları texniki baxımdan qeyri-dəqiq və qəsdən yanıldıcıdır.

***Buna da bax-Rusiyalı hakerlər ABŞ-dan sirləri necə oğurlayır

Bir düyməyə basmaqla...

«Citizen Lab» bu kibercasusluq işinin izinə bir Avropa kibertəhlükəsizlik şirkətinin verdiyi məlumatdan sonra düşüb. Həmin şirkət iki ölkədə şəbəkə xidmətləri provayderlərinin «şəbəkə inyeksiyası» kimi tanınan güclü həkinq üsulundan yararlanaraq, onların istifadəçilərini hədəfə aldığını bildirib. «Citizen Lab» məsələnin izinə düşərək, kiberhücumların Türkiyənin Adana, Hatay, Qaziantep, Diyarbakır əyalətləri, paytaxt Ankara, habelə Suriyanın şimalı və Misirdə baş verdiyini üzə çıxarıb.

Şəbəkə inyeksiyası zamanı şəbəkəyə nəzarət edən tərəf gündəlik internet trafikinə xüsusi virus yeridir. Bu üsul uzun zamandan bəri hökumətlərin casusluq fəaliyyətinin ən güclü forması sayılır.

«Cəmi bir düyməyə basmaqla bu üsuldan ölkədəki istənilən şəxsə qarşı istifadə oluna bilər», – hesabatın baş müəllifi Bill Marczak deyib.

***Buna da bax-İspaniya rusiyalı hakeri ABŞ-a verdi

Marczak deyib ki, Türkiyə və Misirdə izlənən istifadəçilərin kimliyi müəyyən edilməsə də, şəbəkəyə qoşulmuş cihazların Türkiyənin ən böyük telefon və internet provayderi «Türk Telekom»a məxsus olduğu güman edilir. O deyib ki, bəzi tapıntılar YPG-nin hədəflər arasında olduğunu düşünməyə əsas verir. Türkiyənin terrorçu təşkilat saydığı YPG Suriyanın şərqində «İslam Dövləti» silahlı qruplaşmasına qarşı ABŞ-ın dəstəklədiyi əməliyyatların onurğa sütununu təşkil edir.

«Qanunlara əməl olunur»

Bazar ertəsi günü ABŞ rəsmiləri «İslam Dövləti»nin qalıqlarına qarşı quruda keçirilən əməliyyatın müvəqqəti dayandırıldığını elan ediblər. Səbəb kimi kürd döyüşçülərinin Türkiyəyə qarşı vuruşması göstərilir.

«Türk Telekom»sa açıqlamasında Türkiyə qanunlarına əməl olunduğunu, internet istifadəçilərinin şəbəkəyə çıxışına müdaxilə etmədiyini bildirib.

«Sandvine» şirkətinin Türkiyə hökuməti ilə əlaqəsi daha öncə də hesabatlarda əks olunub. 2016-cı ildə «Forbes» jurnalı «Procera» şirkətinin «Türk Telekom»a izləmə avadanlığı ötürməsi, hətta buna etiraz olaraq şirkətin altı mühəndisinin işdən çıxması haqda məqalə dərc edib.

«LinkedIn» şəbəkəsində azı 16 «Procera-Sandvine» əməkdaşının Misir və Türkiyədə çalışdığını görmək olur. «Sandvine»nın Qahirədə çalışan bir əməkdaşı maraq sahələri arasında «qanuni dinləmə»ni də göstərib. Bu, dövlətin izləmə fəaliyyətini bildirən ifadədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG