Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 22:18

Rusiyalı hakerlər ABŞ-dan sirləri necə oğurlayır


Rus haker. Foto illüstrasiya

«The Associated Press»in araşdırması üzə çıxarıb ki, ABŞ-ın müdafiə texnologiyasına dair gizli məlumatları əldə etməyə çalışan rusiyalı kibercasuslar kontraktorların elektron ünvanlarını ələ keçirə biliblər.

Son nəticədə hansı məlumatların oğurlandığını demək çətin olsa da, kibercasusların kibertəhlükəsizlik sistemindəki boşluqlardan, e-meyllərin zəif qorunmasından və s. sui-istifadə etdiyi dəqiqdir.

87 hədəf

Adları ABŞ-da prezident seçkilərinə müdaxilədə hallanan «Fancy Bear» haker qrupunun hərbi dronlar, raketlər, qırıcı təyyarələr və bulud (cloud) platformaları ilə işləyən azı 87 nəfəri hədəfə aldığı bildirilir.

Hakerlərin hədəfləri arasında həm kiçik şirkətlərin, həm də «Lockheed Martin Corp.», «Raytheon Co.», «Boeing Co.», «Airbus Group» və «General Atomics» kimi müdafiə nəhənglərinin əməkdaşları olub. «Fancy Bear» bundan başqa, ABŞ-ın müttəfiqi olan ölkələrdəki ticarət qurumlarında və kontraktor şirkətlərdə çalışan az sayda əməkdaşı da izləyib.

«Hədəfə alınan proqramlar ən irəli gedən, qabaqcıl texnologiyalardandır, eləcə də bu proqramlarda çalışanlar. Bu proqramlar hər hansı formada təhlükə altına düşsə, bu bizim rəqabət üstünlüyümüzün və müdafiə sistemimizin təhlükə altında olması demək olacaq. Qorxulu olan da budur», – ABŞ-ın Milli Kəşfiyyat Direktoru Ofisinin keçmiş baş məsləhətçisi Charles Sowell AP-ə müsahibəsində deyib.

AP araşdırması zamanı hakerlərin yaratdığı təqribən 19 min sətirlik fişinq məlumatını təhlil edərək, burada onların müdafiə və təhlükəsizlik sahəsində fəaliyyət göstərən bəzi hədəflərinin adlarını aşkarlayıb. Fişinq məlumatının özünü isə ABŞ-da fəaliyyət göstərən «Secureworks» kibertəhlükəsizlik şirkəti əldə edib. Bu məlumat tam deyil və yalnız 2015-ci ilin martından 2016-cı ilin mayınadək olan dövrü əhatə edir. Burada adları aşkarlanan 87 alim, mühəndis, menecer və s. mütəxəssisdən 31-i AP-yə müsahibə verməyə razılaşıb.

Haker
Haker

40% linki basıb

Hədəflərin çoxunun fəaliyyəti gizli sayılır. Bununla yanaşı, AP-nin araşdırması göstərir ki, onların nə az, nə çox, 40%-ə qədəri hakerlərin göndərdiyi fişinq linkini basıb. Bu onların şəxsi e-meyl hesablarının və kompüter fayllarının hakerlərin əlinə keçməsinə, məlumatların oğurlanmasına yol açan ilk addım olub.

Hakerlər, əsasən, şəxsi Gmail hesablarına və az sayda korporativ hesablara hücum ediblər.

Şəxsi hesablarda bəzən gizli məlumat ola bilir. Bəzən insanlar bilərəkdən, bəzənsə ehtiyatsızlıqdan gizli iş məlumatını öz şəxsi hesablarına yönləndirə bilirlər. Şəxsi e-meyllərdən başqa, dəyərli hədəfləri, yaxud sonradan hədəfi şantaj etmək, onu casusluğa cəlb etmək üçün işə yaraya biləcək şəxsi məlumatlar də tapmaq olar.

Hakerlərin hücumuna məruz qalmış dron məsləhətçisi Keven Gambold hesab edir ki, bu növ casusluq Rusiyanın bu yeni texnologiyalar sahəsində ABŞ-a gəlib çatmasına kömək edə bilər: «Bu onlara illərlə çəkilmiş ağır zəhmətin üstündən adlayıb keçməyə imkan verə bilər».

Gambold-un sözlərinə görə, təmsil etdiyi şirkət həmişə haker hücumlarını göz önünə alır və buna görə də, məsələn, bəzən məlumatı sərt-disklərə yazaraq, adi poçtla göndərir.

Hərbi dron
Hərbi dron

İstehsal yüksələcək

«Fancy Bear» haker qrupunun adı Hillary Clinton-un seçki kampaniyasının, ABŞ milli təhlükəsizliyinin əməkdaşlarının, jurnalistlərin, Kremli tənqid edənlərin və bütün dünyadakı rəqiblərinin Gmail hesablarına hücumlar etdiyi bəllidir. ABŞ xüsusi xidmətləri bu hakerlərin məhz Kreml üçün işlədiyi və 2016-cı il seçkilərinə Donald Trump-ın xeyrinə müdaxilə etdiyi qənaətinə gəlib.

Ancaq görünür, hakerlərin məqsədləri daha böyükdür. AP-nin müəyyənləşdirdiyi hədəflərdən 15-i dron texnologiyaları sahəsində çalışır. Söhbət silah mütəxəssislərindən ibarət böyük vahid qrupdan gedir.

Məsafədən idarə olunan hava qurğuları inkişaf etdikcə, Rusiya kimi ölkələr daha yaxşı dronlar hazırlaya bilmək üçün daha ciddi rəqabət aparır. Müasir qabaqcıl dronlar raket ata, düşmənin hava qurğularını yerə sala, yaxud da hədəfləri günlərlə gizli izləyə bilir. Özü də bütün bu fəaliyyət zamanı pilot, sadəcə, təhlükəsiz yerdə kompüter arxasında oturur.

Hazırda ABŞ Hərbi Hava Qüvvələrinin daha çox dron pilotlarına ehtiyacı var. Dronlar yaxın onillikdə aerokosmik sənayedəki artımın əsas hissəsini təşkil edəcək. «Teal Group» təhlil qrupunun proqnozuna görə, onların arasında hərbi dronlar üstünlük təşkil edəcək. İstehsalın 4.2 milyard dollardan 10.3 milyard dollara yüksələcəyi proqnozlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG