Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:08

Finlandiya və İsveçə görə Türkiyə üzərinə təzyiqlər artır


ABŞ-ın Ankaradakı səfirliyi
ABŞ-ın Ankaradakı səfirliyi

Türkiyə fevralın 2-də ABŞ və İsveç də daxil 9 Qərb ölkəsinin səfirlərini Xarici İşlər Nazirliyinə dəvət edərək, onların öz diplomatik missiyalarını müvəqqəti bağlamaq və bununla yanaşı Avropa boyunca Quranın yandırılması halları ilə bağlı həyəcan qaldırmaq qərarını tənqid edib.

Reuters agentliyi Türkiyə XİN-ə istinadən Belçika, Fransa, Almaniya, İtaliya, Niderland, İsveçrə və Britaniya səfirlərinin də görüşə dəvət edildiyini bildirir.

Son iki həftə ərzində İsveç, Danimarka və Niderlandda ifrat sağçı fəallar müsəlmanların müqəddəs kitabı Quranı yandırıblar.

Türkiyə bununla bağlı İsveç və Finlandiya ilə bu ölkələrin NATO üzvlüyü məsələsinə dair danışıqları dayandırıb.

Avropa ölkələri Quranın yandırılmasını pisləyirlər, amma bildirirlər ki, ifadə azadlığı prinsipinə görə belə halların qarşısını almaq imkanında deyillər.

Son bir həftə ərzində Fransa, Almaniya, İtaliya və Birləşmiş Ştatlar öz vətəndaşlarına Türkiyədə xüsusilə də diplomatik missiyalara və qeyri-müsəlman ibadət yerlərinə mümkün hücumlar barədə xəbərdarlıq veriblər.

Süleyman Soylu: “Türkiyəyə qarşı yeni psixoloji müharibə”

Bu həftə Almaniya, Fransa və Niderland təhlükəsizlik mülahizələri ilə Türkiyədəki diplomatik missiyalarını müvəqqəti olaraq dayandırıblar.

Türkiyə XİN-in adının açıqlanmasını istəməyən əməkdaşı bu barədə Reuters agentliyinə belə deyib:

"Məsələyə belə kollektiv və birmənalı yanaşma yalnız terrorçu təşkilatların gündəliyinin ört-basdır edilməsinə xidmət edir”.

Həmin mənbə bildirib ki, Türkiyədəki bütün diplomatik missiyalar beynəlxalq konvensiyalara əsasən mühafizə olunur və Türkiyənin Qərb müttəfiqləri bu məsələdə Ankara ilə əməkdaşlıqda hərəkət etməli idilər.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Twitter-də yazıb ki, səfirliklər Türkiyəyə qarşı “yeni psixoloji müharibəyə” başlayıblar.

Gərginliyin başqa bir mənbəyi isə Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə müraciətini əngəlləməsidir.

İsveç və Finlandiyanın NATO üzvlüyü söhbəti

Ankara Helsinki və Stokholmdan onun və Avropa İttifaqının terrorçu təşkilat hesab etdikləri Kürdüstan İşçi Partiyası – PKK, habelə Türkiyənin 2016-cı il dövlət çevrilişi cəhdinin arxasında olduğunu iddia etdiyi Fethullah Gülen hərəkatı üzvlərinə qarşı daha sərt davranış tələb edir.

Oslo və Helsinki Türkiyənin bu sahədəki narahatlığının aradan qaldırılması üçün bir sıra addımlar atırlar.

Fevralın 2-də NATO üzvü olan Norveçdə polis Quranın yandırılması planlaşdırılan antiislam aksiyasının keçirilməsinə icazə verməyib.

Diplomatik gərginliklər ötən həftəsonu Türkiyə Birləşmiş Ştatların öz vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı verməsi ilə bağlı narazılıq bildirəndən sonra artıb.

ABŞ vətəndaşlarına verilən xəbərdarlıqda deyilirdi ki, Birləşmiş Ştatlarda və Avropada islamofob, ksenofob və irqçi hücumların baş verməsi mümkündür.

ABŞ səfirliyi səfir Cefri Fleykin (Jeffry Flake) fevralın 2-də Türkiyə XİN-də olmasını təsdiq edib.

Avropa İttifaqındakı mənbələr bildiriblər ki, tədbirdə Almaniya, Fransa və Niderlandın səfirləri də olublar.

Ukraynaya Krımı vura bilən yeni silah verilə bilər
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Konqres F-16 məsələsini qaldırır

Bu arada ABŞ Konqresində hər iki partiyadan olan senatorlar qrupu fevralın 2-də bildirib ki, Ankara İsveç və Finlandiyanın NATO üzvlüyünə qəbulunu əngəllədiyi müddətdə Vaşinqton Türkiyəyə ümumi dəyəri 20 milyard dollar olan F-16 qırıcılarını sata bilməz.

29 demokrat və respublikaçı senatorun prezident Co Baydenə məktubunda deyilir ki, İsveç və Finlandiya NATO üzvü olmaq üçün Türkiyənin tələblərini icra etmək istiqamətində “tam və səmimi” səy göstərirlər.

Məktubda deyilir:

"Türkiyə bu ölkələrin NATO üzvlüyü üçün protokolları ratifikasiya edən kimi Konqres F-16 qırıcılarının satılması məsələsinə baxa bilər. Amma bu baş verməsə, biz qırıcıların satışı məsələsini sorğu-sual edəcəyik”.

Reuters yazır ki, beləliklə Konqres açıq və aşkar şəkildə Türkiyəyə F-16 satışını Finlandiya və İsveçin NATO üzvlüyü məsələsinə bağladığını bəyan edib.

Bayden administrasiyası F-16-ların Türkiyəyə satılmasını dəstəklədiyini dəfələrlə bildirib və bu iki məsələni bir-birinə bağlamamağa çağırıb. Lakin administrasiya işarə edib ki, Ankaranın İsveç və Finlandiyanın NATO üzvlüyünə dair sənədi ratifikasiya etməsi F-16-ların satışı ilə bağlı məsələnin Konqresdən keçməsini asanlaşdırardı.

Finlandiya Türkiyənin "lütfkarlığından" imtina edir

Türkiyə bildirib ki, o Finlandiyanın NATO üzvlüyü ilə bağlı protokolu İsveçin müvafiq sənədlərindən daha tez ratifikasiya edə bilər.

Lakin Finlandiya prezidenti və xarici işlər naziri Helsinkinin NATO üzvlüyünə gedən yolda İsveçlə yanaşı addımlamaq vədinə sadiq qalacağını bildiriblər.

Türkiyə 40 ədəd F-16 qırıcısının və 80 modernləşdirmə dəstinin alınması üçün ABŞ-a 2021-ci ilin oktyabrında müraciət edib.

Ötən ay Vaşinqtona səfər edən Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu NATO məsələsi ilə F-16 qırıcılarının satışının bir-birinə bağlanmamasına çağırmışdı. O habelə prezident Baydendən Konqresə təsir göstərməsini xahiş etmişdi.

Konqres nominal olaraq hər hansı ölkəyə silah satışını bloklaya bilər, amma bundan əvvəl heç vaxt prezident vetosunun üstündən xətt çəkilməsi üçün lazım olan üçdə iki səs çoxluğunu əldə etmək mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG