Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:51

Ərdoğan Finlandiyanın NATO üzvlüyünə müsbət, İsveçinkinə mənfi baxır


Türkiyə Finlandiyanın NATO üzvlüyü üçün müraciətinə müsbət baxır, amma İsveçin belə bir niyyətini dəstəkləmir.

Reuters agentliyi bildirib ki, bunu fevralın 1-də prezident Recep Tayyip Ərdoğan parlamentdə onun partiyasından olan millət vəkilləri qarşısında deyib:

"Bizim Finlandiyaya münasibətimiz müsbətdir, amma İsveçə münasibətimiz müsbət deyil”.

İsveç və Finlandiya şimal alyansı üzvlüyünə qoşulmaq üçün Rusiyanın Ukraynaya hücumundan dərhal sonra müraciət ediblər.

Lakin NATO üzvü Türkiyə dərhal onların bu istəyinə qarşı çıxıb.

Ankara Helsinki və Stokholmdan onun və Avropa İttifaqının terrorçu təşkilat hesab etdikləri Kürdüstan İşçi Partiyası – PKK, habelə Türkiyənin 2016-cı il dövlət çevrilişi cəhdinin arxasında olduğunu iddia etdiyi Fethullah Gülen hərəkatı üzvlərinə qarşı daha sərt davranış tələb edir.

Ankara Stokholma “hə” deməyəcək

Türkiyə və bu iki Skandinaviya dövləti ilə ötən ilin iyununda danışıqlar aparılacağına dair razılığa gəlmişdilər.

Lakin ötən ay Stokholmda keçirilən aksiyalardan birində Quran yandırılandan sonra Ankara sözü gedən danışıqları dayandırıb.

Ərdoğan fevralın 1-də deyib:

"İsveç indilik özünə zəhmət verməməlidir. Onlar Quranın yandırılmasına yol verdikləri müddətdə biz onların NATO üzvlüyünə “hə” deməyəcəyik”.

Ötən həftəsonu Türkiyə prezidenti deyib ki, Ankara Finlandiyanın NATO üzvlüyünə İsveçdən əvvəl razılıq verə bilər.

Amma Finlandiyanın xarici işlər naziri Pekka Haavisto yanvarın 30-da bildirmişdi ki, Helsinki NATO üzvlüyü üçün öz planı üzrə hərəkət edəcək.

Finlandiyanın cavabı

NATO-nun Nizamnaməsinə görə hər hansı ölkənin təşkilata qoşulması üçün bütün üzvlərin razılığı lazımdır.

“Türkiyə bu iki ölkənin NATO-ya qəbulu prosesinin ayrı-ayrılıqda keçirilməsinimi istəyir?” sualına cavab verən xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, bu məsələni NATO və sözü gedən iki ölkə müzakirə etməlidirlər:

"Əgər NATO və bu iki ölkə ayrıca üzvlük prosesinə razılaşsalar, Türkiyə, əlbəttə Finlandiyanın üzvlük məsələsinə ayrılıqda və daha rəğbətlə baxacaq...”

Finlandiya fevralın 1-də bir daha bəyan edib ki, NATO-ya üzvlük yolunda sonadək qonşusu İsveçlə birlikdə addımlayacaq.

Finlandiya hökuməti və prezidentinin birgə bəyanatında deyilir:

"Hər iki ölkənin üzvlüyü prosesinin mümkün qədər tezləşdirilməsi həm Finlandiya, həm İsveç, həm də bütünlükdə NATO-nun marağındadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG