Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:02

Türkiyədə dövlət çevrilişinə cəhddə şübhəli bilinənlərin məhkəməsi başlayıb


22 May 2017
22 May 2017

Türkiyədə ötən ilin iyulunda prezident Recep Tayyip Erdogan-a qarşı uğursuz dövlət çevrilişinə cəhddə şübhəli bilinən 220-dən çox adamın məhkəməsi başlayıb.

Məhkəmə kürsüsünə çıxarılanlar arasında 26 nəfər keçmiş general da var. Mayın 22-də başlayan proses Ankara kənarındakı həbsxananın böyük məhkəmə zalında keçirilir.

Erdogan hakimiyyəti iddia edir ki, uğursuz dövlətə çevriliş cəhdinin arxasında hazırda ABŞ-da mühacir həyatı yaşayan ilahiyyatçı Fethullah Gulen durur.

Fethullah Gülen məhkəmə iddiamnaməsində adı keçən 221 nəfərin, məhkəmə kürsüsünə çıxmayan 9-dan biridir.

Buna da bax:​ Türkiyədə dövlət çevrilişinə cəhd

Prosesin keçirildiyi Sincan həbsxanasının məhkəmə zalında 1500 izləyicinin iştirakı üçün şərait var. İttiham olunanlar məhkəmə zalına mühafizəçilərin müşayiəti ilə televiziya kameralarının önündən keçirilməklə gətirilib. Əllərində türk bayraqları və plakatlar tutan nümayişçilər “Biz ölüm cəzası istəyirik” deyə şüarlar səsləndiriblər.

Türkiyədə ötən ilin iyulunda baş tutmamış çevriliş cəhdindən indiyədək 120 min nəfər işdən qovulub və 40 min nəfərdən çox adam həbs edilib.

BMT-nin İnsan Haqları Ali Komissarlığı Türkiyədə kütləvi həbslər və dövlət qulluqçularının kütləvi işdən qovulması halları ilə bağlı dərin narahatlıq bildirib. BMT-nin insan haqları komissarı bildirib ki, Ankaranın terror hücumlarına cavab verməli olduğunu başa düşür, lakin bunun naminə insan haqlarının pozulmasına yol verilməməlidir.

Buna da bax:​ Türkiyə: 130-dan çox adam tutulub [yenilənir] [canlı]

TƏQSİRLƏNDİRİLƏNLƏR KİMLƏRDİR

İttiham olunan keçmiş generallar arasında hərbi hava qüvvələrinin keçmiş komandanı Akın Öztürk və hakim partiyadan olan millət vəkili Şaban Dişlinin qardaşı Mehmet Dişli də var.

Erdoğanın keçmiş hərbi müşaviri Ali Yazici da müttəhimlər arasındadır.

Prezident Erdoğan-ın ofisi bildirir ki, çevriliş cəhdində 248 adam öldürülüb. Bu rəqəmə çevrilişi planlaşdırdığı iddia edilən, toqquşma nəticəsində öldürülən 24 nəfər daxil deyil.

Bu proses bütün Türkiyədə çevriliş cəhdiylə əlaqədə ittiham edilən ölkə vətəndaşlarının işlərinə baxan çoxsaylı məhkəmələrdən biridir. Bu, Türkiyənin müasir tarixində ən böyük məhkəmə prosesidir.

Buna da bax:​ Genco Erkal: Erdoğanın elədiyi də sivil dövlət çevrilişidir

Fevralda Sincan məhkəməsində iyulun 15-də qətl törətməkdə, yaxud qətlə cəhddə ittiham olunan 330 şəxsin məhkəməsi başlayıb.

Çevriliş cəhdindən sonra elan edilmiş fövqəladə vəziyyət çərçivəsində 47 mindən çox adam Gülen hərəkatına bağlılıqda ittiham edilərək həbsə atılıb.

“ÜFÜQDƏ SON GÖRÜNMÜR”

Üç dəfə uzadılmış fövqəladə vəziyyətin vaxtı iyulun 19-da bitməlidir. Ancaq mayın 21-də Erdoğan bildirib ki, o, ölkədə "sülh və rifah" bərpa olunana qədər qalmalıdır. Prezident fövqəladə vəziyyətin vətəndaş hüquqlarına təsir göstərmədiyini iddia edib.

Buna da bax:​ Burhan Sönmez: Türkiyədə iki şər qüvvə toqquşub

Məhkəmə prosesinin başladığı gün həm də “Amnesty International” insan haqları təşkilatı Türkiyə hökumətini çevriliş cəhdindən sonrakı silsilə təmizləmələr gedişində dövlət sektorunda çalışan işçilərin "təsadüfi qaydada işdən çıxarılmasında" ittiham edib.

"Amnesty International"
"Amnesty International"

"Üfüqdə son görünmür" başlıqlı hesabatda qurum hökumətin bu addımını tənqid edir, vətəndaşların "terrorçu təşkilatlarla əlaqə" kimi səthi və ümumiləşdirilmiş əsaslarla, qərəzli şəkildə işdən çıxarıldıqlarını bildirir.

Çevriliş cəhdindən bəri məhkəmə sistemi işçiləri və hərbçilər də daxil olmaqla, dövlət sektorunda çalışan 100 mindən çox adam tutduğu vəzifədən kənarlaşdırılıb.

33 MİN MÜƏLLİM, 24 MİN POLİS

Amnesty International”ın hesabatında deyilir ki, işdən çıxarılan şəxslərdən 33 mini müəllimlər və təhsil nazirliyinin işçiləri, 24 mini polis əməkdaşları və daxili işlər nazirliyində çalışanlardır.

Buna da bax:​ Erdoğan Türkiyənin 2023-cü il hədəflərindən danışdı

Hesabata görə, işdən çıxarılanların 8 mindən artığı hərbçi, azı, 5 mini universitet müəllimi və tədqiqatçı, 4 minə qədəri isə hakimlər, prokurorlar və ədliyyə nazirliyinin əməkdaşlarıdır.

“Amnesty International” bildirir ki, onların hamısı çevriliş cəhdindən bir neçə gün sonra qüvvəyə minmiş fövqəladə vəziyyət çərçivəsində qəbul edilən sənədə əsasən işdən çıxarılıb.

Hüquq müdafiə təşkilatı Türkiyə hökumətini "işdən çıxarılmış şəxslər üçün təcili və effektiv apellyasiya" təmin etməyə çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG