Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 23:36

Mühacirin atası: 'Oğlum dedi ki, 4 gün ərzində ona müxtəlif qruplar işgəncə verib'


Mühacir Tural Sadıqlı

Fevralın 28-də Bakı Apellyasiya Məhkəməsində mühacir Tural Sadıqlının inzibati qaydada həbs edilmiş qardaşı Elgiz Sadıqlının şikayətinin təmin edilmədiyi bildirilir.

Bu haqda onun atası Əlövsət Sadıqlı məlumat verib.

Onun bildirdiyinə görə, apellyasiya şikayətində Elgiz Sadıqlı barəsində 30 sutka inzibati həbs qərarının ləğv edilməsi istənilib. Ancaq məhkəmə şikayəti rədd edib.

Atası bildirir ki, məhkəmədə bütün sübutlar Elgiz Sadıqlının xeyrinə olub:

“Elgiz çıxışında ona qarşı ittihamı rədd edib, heç kimə müqavimət göstərmədiyini, polislərin gəlib onu işdən apardığını bildirdi.

Buna da bax: Mühacirin qardaşına 30 sutka verildiyi deyilir

Ancaq bunların heç biri nəzərə alınmadı. Bundan başqa müdafiə tərəfi 8-9 vəsatət verdi. Onların da hamısını əsas olmadan rədd etdilər. Ümumiyyətlə, məhkəmə heyəti 2 səhifəlik qərar oxudu. Ancaq müşavirə heç iki dəqiqə çəkmədi. Bu müddətdə həmin qərarı hazırlamaq mümkün olmazdı. Qərar əvvəlcədən qəbul olunmuş sifarişli qərardır”, – deyən Ə. Sadıqlı yuxarı məhkəmələrə şikayət olunacağını bildirib.

Ə.Sadıqlının bildirdiyinə görə, E.Sadıqlı məhkəmədə ona polisdə işgəncə verildiyini deyib.

“Ona deməsinə görə, 4 gün işgəncə veriblər. Bildirdi ki, 4 gün ərzində müxtəlif qruplar gəlib, ona işgəncə verib, gediblər. Məhkəmədə bunları söylədi, izləri nümayiş etdirdi. Mən hesab edirəm ki, onun 4 gün boyunca işgəncəyə, əzablara məruz qalması yuxarı orqanlarının icazəsi ilə edilib”, – Ə.Sadıqlı bildirib.

Buna da bax: Mühacir fəalın əmisinin də polisə aparıldığı bildirilir [yenilənib]

Əlövsət Sadıqlının bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən və Bakı Apellyasiya Məhkəməsindən münasibət almaq mümkün olmayıb. Ancaq Azərbaycanın hüquq mühafizə orqanları bir qayda olaraq işgəncə ittihamlarını rədd edirlər.

Elgiz Sadıqlı fevralın 23-də saxlanıb. Ona polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

E.Sadıqlı 1978-ci ildə doğulub. Jurnalistika fakültəsini bitirsə də, başqa sahədə çalışıb. O, bundan öncə, 2015-ci ildə də saxlanmışdı. Haqqında Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi ilə narkotik vasitələrin saxlanması və dövriyyəsi) maddəsi ilə cinayət işi açılaraq barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Ancaq sonradan Apellyasiya Məhkəməsi E.Sadıqlı haqda 2 il şərti cəza qərarı çıxartmaqla onu məhkəmə zalından azad etmişdi.

Xatırlatma

Tək E.Sadıqlı yox, onun bir çox yaxınlarının da son günlər polisə aparıldığı bildirilir.

Bu il fevralın 20-də onun Ağdam rayonunda yaşayan əmisi Zahir Sadıqovun da polisə aparıldığı və daha sonra buraxıldığı deyilirdi.

E.Sadıqlının atasının özü də polisə aparıldığını bildirib. Ə.Sadıqlının deməsinə görə, onu fevralın 18-də Bakıda 12 saylı Polis Bölməsinə aparıb, fevralın 19-i saat 12 radələrində sərbəst buraxmışdılar. O, AzadlıqRadiosu-na həmçinin demişdi ki, polis bölməsində aparılan söhbətlərdə Almaniyada mühacirətdə olan oğlu Tural Sadıqlının yazılarını, Avropada keçirilən aksiyalardakı fotolarını göstərərək bunu dövlətə qarşı çıxmaq kimi dəyərləndiriblər.

Ə.Sadıqlının polisə aparılması, orada sorğu sual edilərək buraxılması ilə bağlı ötən ilin yanvarında da məlumat yayılmışdı. Onda T.Sadıqlı açıqlamasında bunları bildirmişdi: «Yanvarın 18-də Berlində keçirdiyimiz aksiya Azərbaycan hakimiyyətinin qəzəbinə səbəb olub».

Bu açıqlamalara da onda rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı. Amma Azərbaycanın hüquq-mühafizə orqanları qohumluq əlaqələrinə görə vətəndaşlara basqı edilməsi ilə bağlı iddiaları ümumilikdə təkzib edir. Azərbaycan rəsmiləri deyirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG