Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 20:44

Mühacir fəalın əmisinin də polisə aparıldığı bildirilir [yenilənib]


Tural Sadıqlı

Almaniyada mühacir olan Tural Sadıqlının Ağdamda yaşayan əmisi Zahir Sadıqovun polisə aparıldığı bildirilir.

Bu haqda T.Sadıqlının atası Əlövsət Sadıqlı məlumat yayıb.

Onun bildirdiyinə görə, bu gün, fevralın 20-i səhər tezdən kiçik qardaşı Zahir Sadıqovun Ağdam rayonunun Əhmədağalı kəndindəki evinə polis sahə müvəkkili, bir post patrul və bir də yol polisi əməkdaşı gəlib.

“Onlar rayon polis şöbəsində rəis müavinin onu çağırdığını bildiriblər. Əsl səbəbini bilmədiklərini deyiblər. Lakin əlavə ediblər ki, ya Bakı məsələsidir, ya da maşınınla bağlı məsələdir. Bu barədə imkan tapıb özü şəxsən mənə zəng edib məlumat verdi. Hesab edirəm ki, onu polisdə polisə müqavimət, narkotik istifadəçisi, kiminləsə dalaşma və ya mübahisə kimi ənənəvi ittihamlarla şərləyə bilərlər”, – Ə.Sadıqlı bildirib.

Buna da bax: Ə.Sadıqlı: 'Söhbət oğlumun fəaliyyətindən oldu'

O, vurğulayıb ki, qardaşının nə narkotiklə, nə silahla, nə də hər hansı qeyri-qanuni əməllə əlaqəsi var:

“Kriminala meylli deyil, eyni zamanda internet istifadəçisi deyil və ümumiyyətlə Tural Sadıqlının siyasi fəaliyyəti barədə məlumatlı yoxdur”.

Hazırda Zahir Sadıqovun Ağdam rayon Polis Şöbəsində olduğu bildirilir. Onun telefonuna zəng çatmır.

Ə.Sadıqlının söylədiklərinə Ağdam rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Tural Sadıqlının atasının özü də polisə aparıldığını deyib. Əlövsət Sadıqlının bildirməsinə görə, onu fevralın 18-də Bakıda 12 saylı polis bölməsinə aparıb, fevralın 19-i saat 12 radələrində sərbəst buraxmışdılar.

Buna da bax: Orduxan Teymurxanın qohumlarına 30 sutka verildiyi bildirilir

O, AzadlıqRadiosu-na həmçinin demişdi ki, polis bölməsində aparılan söhbətlərdə T.Sadıqlının yazılarını, Avropada keçirilən aksiyalardakı fotolarını göstərərək bunu dövlətə qarşı çıxmaq kimi dəyərləndiriblər.

«Biz heç zaman dövlətə və dövlətçiliyə qarşı çıxmarıq. Çünki bu dövləti quranlardan biriyik. Amma hakimiyyətin siyasətində səhvlər varsa, tənqid olunmalıdır, bu isə dövlətə qarşı çıxmaq deyil. Mən oğlum T.Sadıqlının fəaliyyətində dövlətçiliyə qarşı heç nə görmürəm», - Ə.Sadıqlı bildirmişdi.

* * *

Mühacir əmisinin polisdən buraxıldığını deyir

Almaniyada mühacir olan Tural Sadıqlının Azərbaycanda yaşayan əmisi Zahir Sadıqovun Ağdam rayon polis şöbəsindən çıxdığı bildirilir.

Bu barədə Tural Sadıqlının özü məlumat verib. Ancaq o detallara toxunmayıb.

“Əmim Zahir Sadıqov Ağdam rayon polis şöbəsindən sərbəst buraxılıb”, – deyə o vurğulayıb.

Xatırlatma

Ə.Sadıqlının polisə aparılması, orada sorğu sual edilərək buraxılması ilə bağlı ötən ilin yanvarında da məlumat yayılmışdı. Onda T.Sadıqlı açıqlamasında bunları bildirmişdi:

«Yanvarın 18-də Berlində keçirdiyimiz aksiya Azərbaycan hakimiyyətinin qəzəbinə səbəb olub».

T.Sadıqlının qardaşı və atasının 2015-ci ildə də saxlanması ilə bağlı məlumatlar yayılmışdı. Onda yayılan məlumata görə, atası tez buraxılsa da, qardaşına narkotik ittihamı verilmişdi. Daha sonra isə T.Sadıqlının qardaşı Elgiz Sadıqlının şərti cəza aldığı açıqlanmışdı.

Dünən fevralın 19-da isə hazırda Hollandiyada yaşayan mühacir Orduxan Teymurxanın iki bacısı oğluna polisə müqavimət ittihamı ilə 30 sutka verilib. Onun daha bir bacısı oğlundan isə xəbər yoxdu. O.Teymurxan da bunu Avropada Azərbaycan hökumətinin əleyhinə aksiyalar təşkil etməsi ilə izah edir.

Bu məsələyə də hüquq mühafizə orqanlarından münasibət almaq cəhdləri nəticə verməyib.

Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları qohumluq əlaqələrinə görə vətəndaşlara basqı edilməsi ilə bağlı iddiaları ümumilikdə təkzib edir.

Azərbaycan rəsmilər deyirlər ki, ölkədə bütün fundamental aqzadlıqlar qorunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG