Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:08

Ə.Sadıqlı: 'Söhbət oğlumun fəaliyyətindən oldu'


Tural Sadıqlı

«Məni fevralın 18-də Bakıda 12 saylı polis bölməsinə aparıb, bir də fevralın 19-i saat 11-12 radələrində sərbəst buraxdılar».

Bunu AzadlıqRadiosuna Almaniyada mühacirətdə olan Tural Sadıqlının atası Əlövsət Sadıqlı bildirib. Onun deməsinə görə, polis bölməsində söhbət, əsasən, T.Sadıqlının siyasi fəaliyyəti, sosial şəbəkədə statusları, paylaşımları barədə olub.

Ə.Sadıqlı deyib ki, polis bölməsində aparılan söhbətlərdə T.Sadıqlının yazılarını, Avropada keçirilən aksiyalardakı fotolarını göstərərək bunu dövlətə qarşı çıxmaq kimi dəyərləndiriblər:

«Biz heç zaman dövlətə və dövlətçiliyə qarşı çıxmarıq. Çünki bu dövləti quranlardan biriyik. Amma hakimiyyətin siyasətində səhvlər varsa, tənqid olunmalıdır, bu isə dövlətə qarşı çıxmaq deyil. Mən oğlum T.Sadıqlının fəaliyyətində dövlətçiliyə qarşı heç nə görmürəm».

Ə.Sadıqlı deyib ki, səhər buraxılmazdan öncə Suraxanı Rayon Polis İdarəsinə də aparılıb, orda da polis bölməsindəki məzmunda söhbətlər davam edib.

Ə.Sadıqlı vurğulayıb ki, elə qonşusu olan şəxs də onunla birgə buraxılıb. Amma məsələni bununla bitmiş saymır. O, Bakıda olan övladı Elgiz Sadıqlıya qarşı hansısa addımlar atıla biləcəyindən narahatdır:

«2015-ci ildə də belə oldu. Yenə də məni polisə apardılar, sonra sərbəst buraxdılar, daha sonra isə oğlum Elgizə qarşı narkotik ittihamı ilə ikiillik həbs cəzası verdilər. Sonradan şərti cəza ilə əvəz edərək azadlığa buraxdılar».

Ə.Sadıqlının bu açıqlamasına hələlik, Suraxanı Rayon Polis İdarəsindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Mühacirlərin qohumlarının polisə aparıldığı deyilir

Almaniyada mühacir olan Tural Sadıqlının atası Əlövsət Sadıqlının və qonşunun sərbəst buraxıldığı deyilir.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat verib. Hüquq müdafiəçisinin bildirməsinə görə, Ə.Sadıqlı ilə polisdə söhbət aparılıb.

+++

Almaniyada mühacir olan Tural Sadıqlının atası Əlövsət Sadıqlını dünən, fevralın 18-də yaşadığı mənzildən polisin apardığı bildirilir.

Bu barədə məlumatı T.Sadıqlı özü yayıb. Onun bildirməsinə görə, Ə.Sadıqlı ilə birgə bir xəstə qonşusu da saxlanıb: ​«65 yaşlı atamı və onkoloji xəstə olan bir qonşumuzu polislər tutub aparıblar».

Hüquq müdafiəçisi Oktay Gülalıyev isə bildirib ki, Ə.Sadıqlı «Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası»nın Şura üzvüdür. ​«Davam edir 37... buna deyirlər. T.Sadıqlının tənqidi çıxışlarına görə onun ailəsindən, atasından qisas alırlar», - hüquq müdafiəçisi vurğulayıb.

O.Gülalıyevin bildirməsinə görə, hazırda Ə.Sadıqlının axtarılması ilə bağlı vəkillə müqavilə bağlamaq istəyirlər. Hələlik vəkilin kim olacağı bilinmir.

***Buna da bax-'Yaxın qohumlara təzyiq ənənəyə çevrilib'

Bu məlumatı rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Məsələyə Daxili İşlər Nazirliyindən münasibət almaq cəhdləri nəticə verməyib.

Ə.Sadıqlının polisə aparılması, orada sorğu sual edilərək buraxılması ilə bağlı ötən ilin yanvarında da məlumat yayılmışdı. Onda T.Sadıqlı açıqlamasında bunları bildirmişdi:

«Yanvarın 18-də Berlində keçirdiyimiz aksiya Azərbaycan hakimiyyətinin qəzəbinə səbəb olub».

T.Sadıqlının qardaşı və atasının 2015-ci ildə də saxlanması ilə bağlı məlumatlar yayılmışdı. Onda yayılan məlumata görə, atası tez buraxılsa da, qardaşına narkotik ittihamı verilmişdi. Daha sonra isə T.Sadıqlının qardaşı Elgiz Sadıqlının şərti cəza aldığı açıqlanmışdı.

Orduxan Teymurxan
Orduxan Teymurxan

«Hər üçündən xəbər yoxdur»

Son günlər Avropada yaşayan mühacirlərlə bağlı tez-tez belə məlumatlar yayılır.

Hollandiyada yaşayan mühacir bloqqer Orduxan Teymurxan fevralın 17-də bildirmişdi ki, onun bacılarının Bakida yaşadıqları mənzilə polislər gələrək bacısı oğlanlarını saxlayıblar. Dünən fevralın 18-də isə o, İsmayıllı rayonunda üç bacısı oğlunun saxlandığını açıqlayıb:

«Mənə çatan məlumata görə, İsmayıllı rayonunda olan üç bacımın oğlanlarını saxlayıblar. Onlar Elnar Əliyev, Tural Əliyev və Səbuhi Zeynalovdur. Hər üçündən xəbər yoxdur».

***Buna da bax-Mühacir bloqqerin anası: 'Yoldaşıma deyiblər, 2 qızının videolarını çəkib YouTube-a qoyduracağıq'

Gənclərin sonrakı taleyinə aydınlıq gətirilməyib. Onlardan bəzilərinin sonradan buraxıldığı deyilsə də, ailə üzvləri bu mövzuda danışmaq istəməyiblər.

Məsələyə, hüquq-mühafizə orqanlarından da aydınlıq gətirmək cəhdləri nəticə verməyib.

Xatırlatma

Bundan əvvəl də O.Teymurxanın Azərbaycanda yaşayan yaxınlarının oxşar münasibətlə üzləşdikləri bildirilirdi.

O.Teymurxan demişdi ki, ötən il fevralın 18-dən başlayaraq Azərbaycanda yaşayan 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu vurğulanırdı. Ancaq Daxili İşlər Nazirliyindən bu açıqlamaya hər hansı münasibət bildirilməmişdi. Sonradan polisə aparıldığı deyilən şəxslərdən iksindən başqa hamısının tezliklə sərbəst buraxıldığı bildirildi.

Ardınca Suraxanı Rayon Məhkəməsində bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı. Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar. Onların vəkilləri ittihamın qurama olduğunu açıqlamışdı.

Hollandiyada yaşayan bloqqer isə baş verənlərin özünün ictimai fəaliyyətinə görə təzyiq olduğunu deyirdi.

Azərbaycanın hüquq-mühafizə orqanları isə qohumluq əlaqələrinə görə vətəndaşlara basqı edilməsi ilə bağlı iddiaları ümumilikdə təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG