Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:59

Trump Twitter-də kəşfiyyat məlumatı paylaşıb


Donald Trump
Donald Trump

ABŞ prezidenti Donald Trump dəfələrlə Ağ evdən məlumatların sızdırılmasına dair tənqidlər səsləndirib. Ancaq çərşənbə axşamı günü onun özü bir gizli məlumatı «Twitter»dəki milyonlarla izləyicisi ilə paylaşıb. Trump-ın ABŞ kəşfiyyatındakı anonim mənbələrə istinadən paylaşdığı məlumat Şimali Koreya raketləri ilə bağlıdır.

Görünür, Şimali Koreyanın raket sınaqları və nüvə proqramının nə dərəcədə təhlükəli olduğunu vurğulamaq istəyən Trump «Twitter»də bu yaxınlarda «Fox News» kanalında yayımlanmış süjetin linkini paylaşıb. Süjetdə bildirilir ki, ABŞ-ın kəşfiyyat xidmətləri Pxenyanın bir patrul gəmisinə iki gəmi əleyhinə qanadlı raket yüklədiyini qeydə alıblar.

«Fox» bu süjetdə «regionla bağlı son kəşfiyyat məlumatlarından xəbərdar olan rəsmi mənbələrə» istinad edib. Materialda həmçinin, müəllifin «gizli məlumatın müzakirəsi zamanı adlarının çəkilməsini istəməyən hakimiyyət təmsilçilərinin» bəyanatından sitat gətirdiyi qeyd edilib.

«GİZLİ OLAN HEÇ BİR ŞEY HAQQINDA DANIŞA BİLMƏRƏM»

CNN bildirir ki, ABŞ-ın BMT-dəki səfiri Nikki Haley bu məlumatın gizli olduğunu və sızdırıldığını deyib.

«Mən gizli olan heç bir şey haqqında danışa bilmərəm və əgər bu məlumat qəzetdədirsə, bu biabırçılıqdır», – Haley ötən gün «Fox&Friends» proqramına müsahibəsində deyib.

***Buna da bax-Trump Şimali Koreyanı 'atəş və hiddət'lə hədələdi

Jurnalistlər bu məlumatın həqiqətənmi sızdırıldığı barədə soruşanda isə Haley belə deyib:

«Bu mənim bilmədiyim şeylərdən biridir. Ancaq sizə deyim ki, məlumatların mətbuata bu formada çıxması inanılmaz dərəcədə təhlükəlidir».

Ancaq bu müsahibənin efirə çıxmasından bir neçə saat öncə artıq həmin məlumat Trump tərəfindən paylaşılmışdı.

Ağ ev hələlik Trump-ın səhərlər tez-tez baxdığı «Fox&Friends» proqramının süjetini niyə paylaşdığı barədə hər hansı bir açıqlama verməyib.

Ağ ev aparatının rəhbəri J.Kelly və D.Trump
Ağ ev aparatının rəhbəri J.Kelly və D.Trump

«BU, NƏHƏNG PROBLEMDİR»

Kaliforniyadan seçilmiş demokrat konqresmen Ted Lieu CNN-ə müsahibəsində prezidentin bu paylaşımını tənqid edib.

«Prezident Trump-ın gizli məlumatı paylaşma tezliyi həyəcan doğurur... Məlumat mətbuata çıxıbsa, bu, hələ onun daha gizli olmaması demək deyil. Ona görə də prezident, sadəcə, prezident olduğuna görə gizli məlumatı «Twitter»də paylaşmamalıdır», – konqresmen deyib.

İraq müharibəsinin veteranı, «VoteVet» təşkilatının hökumətlə əlaqələr üzrə direktoru Will Fischer-sə həm prezidentin paylaşımını tənqid edib, həm də Trump-ın yeni təyin etdiyi Ağ ev aparatının rəhbəri John Kelly-nin bu prosesdə rolunu sorğulayıb.

***Buna da bax-Şimali Koreya liderindən raketləriylə bağlı iddia

«Səfir Haley-nin «təhlükəli» adlandırdığı məlumatın Donald Trump tərəfindən paylaşıldığını görmək dəhşət doğurur. Hamının verməli olduğu sualsa budur: General Kelly nə dedi? Əgər Donald Trump-a bunu paylaşmağı məsləhət görübsə, deməli, ciddi problem var. Əgər o, Trump-a bunu etməməsini tapşırıbsa və o buna məhəl qoymayıbsa, bu, böyük problemdir. Əgər Donald Trump bu məsələlərin hər hansı biriylə bağlı öz aparat rəhbəri ilə məsləhətləşmək istəmirsə, bu, nəhəng problemdir. Xüsusən də general Kelly-nin hərbi təcrübəsini nəzərə alsaq», – o deyib.

TRUMP ÖZÜ GİLEYLƏNİRDİ

Trump prezidentliyinin ilk günlərindən bəri dəfələrlə hökumət idarələrindən gizli məlumatın sızdırılmasından gileylənib. O, xüsusən də administrasiyasını əlverişsiz vəziyyətə salan süjetlərdən şikayətlənib. Trump hətta dəfələrlə bu sızmaların arxasında duran adamların tapılaraq cəzalandırılmasını tələb edib.

Ötən ay o, baş prokuror Jeff Sessions-ı bu məsələ ilə bağlı yetərincə iş görmədiyinə görə tənqid edib.

Ancaq ötən həftə Sessions Ədliyyə Nazirliyinin gizli məlumatların sızdırılması ilə bağlı araşdırmaları başladacağını elan edəndə Trump «Twitter»də belə yazmışdı:

«Vaşinqtonda uzun illər davam etmiş sızmalardan sonra baş prokurorun işə başladığını görmək xoşdur! Söhbət milli təhlükəsizlikdən gedəndə nə qədər sərt olsaq, o qədər yaxşıdır!».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG