Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:21

Senatın kəşfiyyat komitəsi ‘Rusiya araşdırması’ haqda danışıblar


Senatın kəşfiyyat komitəsinin rəhbərləri Richard Burr (sağda) və Mark Warner

Çərşənbə günü ABŞ Senatının kəşfiyyat komitəsinin rəhbərləri Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxiləsinə dair araşdırmanın gedişi haqda məruzə ediblər. Onlar deyiblər ki, Moskva növbəti seçkilərdə eyni cəhdləri təkrarlamağa çalışa bilər.

Komitənin rəhbəri, respublikaçı senator Richard Burr söyləyib ki, Rusiya xüsusi xidmətləri «ağıllı və inadkar» olduqlarından, belə təhdidlərə «çox ciddi» yanaşmaq lazımdır.

«Biz hücuma cavab verməyə hazır olmalıyıq», – deyə komitə sədrinin müavini, demokrat senator Mark Warner həmkarını dəstəkləyib.

Buna da bax:​ Senat Komitəsi Rusiyanın ABŞ seçkisinə müdaxiləsini təsdiq etdi

MANAFORT, KUSHNER-LƏ DƏ SÖHBƏT EDİBLƏR

Komitə hesab edir ki, Rusiyanın növbəti seçkilərin gedişinə də müdaxilə edə biləcəyini ictimaiyyətin diqqətinə çatdırmaq üçün araşdırmanın sonunu gözləmək olmaz.

Milli təhlükəsizlik sahəsində mütəxəssislərin çoxu ABŞ kəşfiyyatının Rusiyanın ötən prezident seçkilərinə müdaxiləsinə dair gəldiyi nəticəni bölüşür.

Araşdırma zamanı komitə əməkdaşları əsasən Trump-ın seçki qərargahının üzvləri, ona yaxın adamlar, kəşfiyyat icmasının təmsilçiləri və Barack Obama administrasiyasının keçmiş əməkdaşları ilə qapalı müsahibələr aparıblar. Bu əməkdaşlar hələ 2015-ci ilin yayında "Rusiya hücumları" haqda məlumat verirdilər.

Buna da bax: Facebook Rusiyayla bağlı informasiyanı Konqresə ötürür

Komitə üzvləri Trump-ın seçki kampaniyasının keçmiş meneceri Paul Manafort, prezidentin kürəkəni və müşaviri Jared Kushnerlə də söhbət ediblər. Bundan başqa, Facebook və “Twitter” sosial şəbəkələrinin yüksək vəzifəliləri də dindirilib. Rusiya bu sosial şəbəkələrdə seçki ərəfəsində seçicilər arasındakı ziddiyyəti qızışdırmaq məqsədi daşıyan reklam yerləşdirmişdi.

STEELE İFADƏ VERMƏYİB

Senatorlar Britaniya kəşfiyyatının keçmiş əməkdaşı Christopher Steele-in prezident Trump-la bağlı hazırladığı qalmaqallı "dosye"nin həqiqətə nə dərəcədə uyğunluğunu müəyyən edə bilməyiblər. Çoxsaylı xahişlərə baxmayaraq, sənədin müəllifi Senatın kəşfiyyat komitəsinə ifadə verməkdən imtina edib.

Çərşənbə günkü mətbuat konfransında senator Burr bildirib ki, komitə üzvləri və araşdırmada iştirak edən əməkdaşlar ümumən xüsusi xidmətlərin Rusiya müdaxiləsinə dair gəldiyi nəticələri dəstəkləyirlər.

Buna da bax:​ Facebook deyir ki, rusiyalılar ABŞ seçicilərini hədəfləmək üçün ondan istifadə ediblər

Son yarım il ərzində komitə cəmi bir neçə açıq dinləmə keçirib. Bu dinləmələr zamanı kəşfiyyat təmsilçiləri və senat komitəsinin rəhbərləri vurğulayıblar ki, böyük ehtimalla ötənilki seçki Rusiyanı növbəti seçkilərə də müdaxiləyə həvəsləndirib. Qeyd edək ki, 2018-ci ildə ABŞ-da Konqressə aralıq seçkiləri keçiriləcək.

DOSYENİ MUELLER YOXLAYACAQ

Reuters” informasiya agentliyi isə bildirib ki, Rusiyanın ötənilki seçkilərə mümkün müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller Christopher Steele-in hazırladığı dosyenin yoxlanmasını öz üzərinə götürəcək. Xatırladaq ki, bu dosye prezident Donald Trump-ın silahdaşları və seçki qərargahı əməkdaşlarının Rusiyayla şəxsi və maliyyə münasibətlərindən bəhs edir.

Rusiyanın ötənilki seçkilərə mümkün müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller
Rusiyanın ötənilki seçkilərə mümkün müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller

“Reuters” bu məlumatı araşdırmanın gedişatından xəbərdar mənbələrdən alıb. Bundan öncə sözügedən dosyeni Federal Təhqiqat Bürosu (FTB) araşdırırdı.

Buna da bax: ABŞ-da haker hücumlarına məruz qalmış ştatların adları açıqlanıb

Christopher Steele-in hazırladığı hesabatda bir sıra rusiyalı iş adamlarının və Rusiya kəşfiyyatının əməkdaşları olduğu güman edilən şəxslərin adları çəkilir. ABŞ kəşfiyyatının təhlilçiləri hesab edirlər ki, həmin şəxslər Rusiya hökumətinin göstərişi ilə işləyiblər.

Həm xüsusi prokuror Robert Mueller-in təmsilçisi, həm də FTB məsələyə münasibət bildirməkdən imtina edib.

DƏLİL AXTARILIR

Rusiya dəfələrlə ötən il ABŞ-da prezident seçkilərinə müdaxiləsiylə bağlı iddiaları rədd edib.

Araşdırmanın gedişiylə tanış olan iki məmur bildirib ki, Mueller və Senatın kəşfiyyat komitəsi Trump-ın seçki qərargahının keçmiş rəhbəri Paul Manafort-un və Rusiya ilə maliyyə sövdələşmələri aparmış digər şəxslərin Kremlin kəşfiyyat xidmətinə kömək etməsinə dair hər hansı dəlillər tapmağa çalışırlar. Xatırladaq ki, iddialara görə, Kreml seçki ərəfəsində haker hücumları gerçəkləşdirib və Trump-ın rəqibi demokrat Hillary Clinton-un mövqelərini zəiflətmək üçün sosial şəbəkələrdə materiallar yerləşdirib.

Buna da bax:​ Trump-ın oğlu deyib ki, Senata ifadə verməyə hazırdır

“Reuters” də daxil olmaqla bir neçə KİV hələ ötən ilin noyabrında keçirilən seçkilərdən öncə Steele-in sözügedən dosyesi haqda məlumat əldə etmişdi. Ancaq bu KİV-lərin çoxu həmin məlumatı yaymamağı qərara almışdılar. Səbəb məlumatın içərisində təxribat xarakterli və hətta bayağı iddiaların olması idi.

ABŞ-ın 4 kəşfiyyat idarəsi bu ilin yanvarında açıqladıqları hesabatda sözügedən dosyedəki iddialara tamamilə ciddi yanaşdıqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG