Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Trump-ın namizədliyi, deyəsən gerçəkləşir


Belə təsəvvür yaranır ki, respublikaçı elektorat tikinti maqnatını məhz müsəlmanlar haqqında ziddiyyətli bəyanatına görə daha çox dəstəkləməyə başlayıb

Ötən cümə axşamı ABŞ prezidentliyinə respublikaçı namizədlərin Cənubi Karolinada keçirilən 6-cı debatından Donald Trump-ın qalib çıxdığı deyilir.

Görüşün sonunda cənab Trump həyat yoldaşı Melania, qızı İvanka, oğulları Eric və Donald-la birlikdə fotoreportyorların qarşısında durmuşdu.

“The NewYorker” məcmuəsi yazır ki, “deyəsən, bundan sonra belə səhnələri tez-tez görəcəyik”.

Donald Trump ailəsi ilə
Donald Trump ailəsi ilə

Jurnalın bu hadisəyə həsr etdiyi məqalənin başlığı da birmənalı səslənir: “İndi Trump-ı yalnız respublikaçı seçicilər dayandıra bilər”.

Amma belə görünür ki, respublikaçı seçicilər onu dayandırmaq barədə heç düşünmürlər də...

Əksinə, ABŞ mətbuatı yazır ki, teledebata tamaşa edənlər qarşılarında tamam başqa bir Trump görürdülər. Daha səbatlı, daha təmkinli, hər sözünü ölçüb-biçdikdən sonra sərrast atan döyüşçü kimi.

Halbuki hələ bir neçə həftə əvvəl bir çox təhlilçilər Trump-ın ziddiyyətli bəyanatlarla özü-özünü yıxacağını proqnozlaşdırırdılar.

Rəy sorğuları Trump-ın xeyrinədir

Lakin son rəy sorğuları göstərir ki, Donald Trump-ın qələbəsini təmin edən elə həmin ziddiyyətli bəyanatlar olub. Qadınlar haqqında, müsəlmanlar haqqında və sair.

Trump-ın “bütün müsəlmanların ABŞ-a daxil olmasına qadağan qoyulmalıdır” bəyanatı siyasi dairələrdə kəskin tənqid olunsa da, bəlli olur ki, respublikaçı elektorat tikinti maqnatını məhz müsəlmanlar haqqında ziddiyyətli bəyanatına görə daha çox dəstəkləməyə başlayıb.

Rəy sorğularının nəticələri sosial mediada geniş müzakirə olunur.

Mətbuat bunu da qeyd edir ki, Trump müsəlmanlar barədə dediklərini nəinki geri götürməyib, o hətta yerdə qalan və çox geridə qoyduğu başqa respublikaçı namizədləri də təsiri altına salaraq arxasınca darta bilib.

Son debatda Trump-la, rəy sorğularına görə ikinci yerdə gələn partiyadaşı Ted Cruz arasında centlemen sazişi də başa çatıb.

Quinnipiac Universitetinin keçirdiyi rəy sorğusunda amerikalıların 51 faizi Suriya qaçqınlarının ABŞ-a gətirilməsinin əleyhinə olduğunu bildirmişdi. Respublikaçıların 82 faizi bunun əleyhinədir.

Əvvəlki teledebatlarda bir birini tənqid etməməyə çalışan Cruz və Trump sonuncu debatda “atışıblar” və bu atışmadan Trump qalib çıxıb.

Ötən ay “The Washington Post” və ABC News şəbəkəsinin birlikdə keçirdiyi sorğu göstərmişdi ki, Trump-ın müsəlmanlara dair “ideyasını” nəinki respublikaçı elektorat, hətta bütün amerikalıların dörddə biri dəstəkləyir.

Daha 11 faiz, müsəlmanlara qoyulacaq qadağanı müəyyən mənada dəstəklədiyini bildirib. Bundan başqa, dekabr ayında Quinnipiac Universitetinin keçirdiyi rəy sorğusunda amerikalıların 51 faizi Suriya qaçqınlarının ABŞ-a gətirilməsinin əleyhinə olduğunu bildirmişdi. Respublikaçıların 82 faizi bunun əleyhinədir.

Odur ki, başqa respublikaçı namizədlər də bu ictimai rəyi nəzərə almaya bilməzdilər.

Hamı Trump deyəni deyir

Trump-ın özü isə demişdi: “Mənim çoxlu yaxşı müsəlman dostlarım var. Onların hamısı yox, amma bəziləri mənə zəng edib deyirdilər ki, “belə ciddi məsələni qaldırdığına görə çox sağ ol”.

“Biz daha maymaq ölkə ola bilmərik” –deyirdi Trump. Başqa namizədlər isə bunları deyiblər:

John Kasich

Əvvəlki debatlarda Trump-a hücum çəkən Ohayo qubernatoru John Kasich müsəlman məsələsində daha tədbirli səslənməyə çalışırdı: “Mən də Suriya qaçqınları barəsində bir az səbr etməyi dəstəkləyirəm. Amma hamını eyni arşınla ölçmək olmaz”.

“Bizim İraq və Suriyada İslam Dövlətinə qarşı mübarizəmizdə səudlara, misirlilərə, iordaniyalılara ehtiyacımız var”.

Lakin o əlavə edib ki, qaçqınların yoxlanması üçün indiki sistem səmərəli deyil.

Chris Christie

Nyu Cersi qubernatoru Chris Christie də deyib ki, “Suriya qaçqlınlarından kimi gəldi ölkəyə buraxmaq olmaz”.

O Trump-a müraciətlə deyib: “Sən bütün müsəlmanlara qadağan qoya bilməzsən. Biz radikal İslam cihadçılarına qadağan qoymayılıq”.

Marco Rubio

Florida senatoru Marco Rubio “müsəlman” məsələsindən qaçmağa çalışsa da belə bir bəyanat verib: “Əgər biz səni tanımırıqsa, bu ölkəyə niyə gəldiyini bilmiriksə, mən prezident olsam, sən Amerika Birləşmiş Ştatlarına gələ bilməyəksən”.

Ted Cruz

Namizədlər yarışında ikinci yerdə olan Texas senatoru Ted Cruz da Trump-la debat aparmaqdansa, onun müsəlmanlar barədə dediklərini izah etməyə çalışıb.

“Əgər amerikalı gedib Amerikaya qarşı cihada qoşularsa, onda o, vətəndaşlığını itirməldiir” – deyib Cruz.

Amma hər halda İŞİD-ə qarşı döyüşkənlik ruhunu nümayiş etdimək üçün Cruz reqlamenti pozmalı olub: “Biz onları zəiflətməyəcəyik, biz onları tamamilə darmadağın edəcəyik”.

Ben Carson

İxtisasca uşaq neyrocərrahı olan namizəd Trump-ı tənqid etməyib, lakin deyib ki, “vizalarlın verilməsi üçün yeni qaydaların tətbiqi barədə ekspertlərin fikirlərini öyrənmək olardı”.

Jeb Bush

Keçmiş prezidemtin qardaşı və Florida qubernatoru Jeb Bush da Trumpl-la sonadək barışmazlıq nümayiş etdirə bilməyib:

“Kürdlər bizim ən güclü müttəfiqimizidir. Onlar müsəlmandır. Biz onların bu ölkəyə gəlməsini qadağan etməliyik?”

“Biz Hindistan və ya İndoneziyadan olan müsəlmanların bu ölkəyə gəlməsini qadağan etməliyik?” – deyə sual edib Bush və...əlavə edib ki, viza rejimi sərtləşdirilməlidir.

XS
SM
MD
LG