Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:14

Trump futbolçuları işdən çıxarmağa çağırıb


Donald Trump
Donald Trump

Bazar günü ABŞ prezidenti Donald Trump növbəti dəfə idmançılarla mübahisə edib. O, Milli Futbol Liqasının (NFL) sahiblərini ABŞ himninin ifası zamanı aksiya keçirən oyunçuları işdən çıxarmağa çağırıb.

Səhər tezdən yazdığı tvitdə Trump azarkeşləri NFL-in oyunlarını boykot etməyə çağırıb:

«NFL fanatları oyunçular bizim bayraq və himnimizə sayqısızlıq göstərməyi kəsənədək oyunlara getməsələr, görəcəksiniz, dəyişiklik tez baş verəcək. Onları ya işdən qovun, ya da oyunlara qədər buraxmayın!».

«LİQA ABŞ-I DƏSTƏKLƏMƏLİDİR»

«...NFL-in reytinqləri düşür. Oyunlar darıxdırıcıdır, bu doğrudur. Ancaq çoxları ölkəmizi sevdiklərinə görə gəlmirlər. Liqa ABŞ-ı dəstəkləməlidir», – prezident yazıb.

Bazar günü «Jacksonville Jaguars» və «Baltimore Ravens» komandaları arasında Londonda keçirilən oyun zamanı «Jaguars» klubunun oyunçuları himn səslənən zaman qol-qola giriblər. Onlardan bəziləri himni ayaqüstü, bəziləri isə dizüstü dinləyiblər. Bu ilin əvvəlində Trump-ın andiçmə mərasiminə bir milyon dollar ianə vermiş «Jaguars» komandasının sahibi Shad Khan da həmin oyunçulara qoşulub. «Ravens» komandasının da bəzi oyunçuları himn səslənəndə dayanıb, bəziləri isə dizüstü olublar. Onlar da qol-qola giriblər.

***Buna da bax-Trump 8 ölkədən gələnlərə yeni qadağalar qoydu

Komandalardan biri, «Pittsburgh Steelers» isə bu ziddiyyətli vəziyyətdən yayına bilib. Çikaqoda keçirilən oyunun sonunda himn səslənən zaman komanda soyunma otağında qalıb.

Trump istirahət günlərini Nyu-Cersi ştatında, özünün Bedminsterdəki qolf klubunda keçirir. Şənbə günü onun heç bir ictimai tədbiri olmayıb.

«ÜZÜCÜ SAYQISIZLIQ»

NFL rəhbəri Roger Goodell şənbə günü deyib ki, Trump-ın bu mövzuda cümə günü Alabamadakı siyasi mitinq zamanı səsləndirdiyi ilk bəyanatlar onun NFL və onun oyunçularına «üzücü sayqısızlığını» sərgiləyir.

Həmin mitinq zamanı D.Trump demişdi ki, belə bir etiraz aksiyası keçirən istənilən futbolçu işini itirməlidir.

«Kimsə bayrağımıza hörmətsizlik etsə, NFL sahiblərindən kimsə «O köpəkoğlunu dərhal meydandan bayıra atın, o qovulub» desə, sizin xoşunuza gəlməz?», – Trump mitinq zamanı deyib.

ABŞ himninin səsləndirilməsi və idmançıların onu ayaqüstü dinləməsi ABŞ-da əksər həvəskar və peşəkar idman yarışlarında ənənəvi ritualdır. Yeri gəlmişkən, himn «Ulduzların səpildiyi bayraq» (Star Spangled Banner) adlanır.

Amerika futbolu
Amerika futbolu

2016-cı ildə «San Francisco 49ers» komandasının oyunçusu Collin Kaepernik oyundan öncə ABŞ himninin səsləndirilməsi zamanı ayağa durmaqdan imtina edib. Onun bu hərəkəti bütün ölkədə qızğın debatlara səbəb olub.

BİR DİZİNİ YERƏ QOYUB

Kaepernik afro-amerikalılara qarşı polis zorakılığına etiraz əlaməti olaraq, bir dizini yerə qoyub. Onun bu hərəkətindən sonra bir neçə başqa idmançı da oyunlardan öncə belə etiraz jestlərinə başladılar.

***Buna da bax-Koreya lideri Trumpı 'xərifləmiş' adlandırıb

Bu halda isə futbolçular ABŞ-dakı azlıqlara ədalətsiz münasibət və Trump-ın irqlərarası münasibətlər haqda işlətdiyi ifadələrə etiraz ediblər. Bu, özəlliklə də Trump-ın ötən ay Virciniyanın Şarlotsvill şəhərində neonasist aksiyalarının iştirakçılarının bu aksiyalara etiraz edənlərlə eyni dərəcədə günahlandırması ilə bağlıdır. Yaranan toqquşma zamanı bir gənc qadın həyatını itirmişdi.

NFL rəhbəri Goodell liqanın sahibləri qarşısında hesabat verir. Liqanın sahiblərindən bəziləri isə keçmişdə Trump-ı dəstəkləyiblər. «New York Jets» komandasının sahibi Woody Johnson Trump-ın seçki kampaniyasında ən iri donorlardan biri olub. O, ötən ay ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə təyin edilib.

Peşəkar futbolçuların maraqlarını müdafiə edən həmkarlar ittifaqı Trump-ın mövqeyinə qarşı çıxaraq, oyunçuların ifadə azadlığı hüququnu müdafiə edəcəyini bildirib.

«SİZ ORA GƏLƏNƏ QƏDƏR...»

Trump dünyanın ən tanınmış basketbolçularından biri, «Golden State Warriors» komandasının oyunçusu Stephen Curry-ni komandasının Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında qalib gəlməsi münasibətilə Ağ evə dəvət edibmiş. Şənbə günü o bu dəvəti geri çağırıb.

Daha öncə S.Curry Ağ Evə getmək lazım olub-olmadığı barədə tərəddüd etdiyini bildirmişdi. O bunun Trump-ın azlıqlara münasibətdə işlətdiyi ifadələrə etirazla bağlı olduğunu demişdi.

«Biz prezidentimizin dediyi və gərəkən anda demədiyi bəzi şeyləri dəstəkləmirik», - Curry söyləmişdi.

NBA-in başqa bir ulduzu, «Cleveland Cavaliers» komandasından Lebron James də Curry-ni dəstəkləyib. O, Trump-la bağlı belə deyib:

«Ağ Evə gəlmək hər zaman böyük şərəf olub, siz ora gələnə qədər!».

Ağ Ev hələlik buna münasibət bildirməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG