Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Trump erasında satira mümkündürmü?


Karikatura
Karikatura

Mark Doten-in yeni «Trump Sky Alpha» romanı eyni zamanda həm məzəli, həm də qəmli, həm parlaq, həm də qaranlıq, həm reallıqdan uzaq fantastika, həm də xəbər başlıqlarından götürülmüş faciədir. Kitabda hazırkı prezidentin bədii obrazı nüvə hücumu əmri verərək, dünya əhalisinin yarısını yer üzündən silir. Sonra dəbdəbəli təyyarəsinə minib planetin olan-qalan yerlərinə səyahətə çıxır, yolüstü də Twitter-dən postlar göndərərək özünü təmizə çıxarmağa çalışır.

«The New York Times»da çalışan Rachel adlı jurnalist apokaliptik dünyada satiranın taleyini araşdırmağa başlayır. O bu işə könülsüz yanaşır, buna yalnız öz həyat yoldaşı və qızının məzarını ziyarət etmək imkanı qarşılığında razı olur. Onların hər ikisi prezidentin əməlləri ucbatından məhv olublar. Hər bir memi, zarafat və şərhi bircə-bircə ələyən Rachel müxtəlif hallarda siyasi yumordan silah kimi və əsl silahlardan istifadəni əks etdirən konspirasiya hekayələri ortaya çıxarmağa başlayır.

Publisist Ben Greenman «The New York Times» qəzetində yazır ki, bu kitabın xülasəsini vermək çox çətindir. Əslində, kitabın müəllifinin niyyəti də bu olub. Çünki o həm romandır, həm də media, mesaj və xüsusən də satiranın dövrümüzdə məruz qaldığı acınacaqlı halı əks etdirən, işgəncəyə məruz qalmış kağız.

Əlbəttə, siyasi satira siyasətin özü qədər qədimdir. Güc sahibi olan adamlar ümumi qəbul edilmiş etik prinsiplərə zidd davrananda daha az gücə malik insanlar nə etməlidir? Onlar üsyan edə bilər. Onlar əzab çəkə bilər. Əgər yazardırlarsa, qələmlərinə qurşanıb problemlər dəryasına qarşı silahlana bilərlər. Hər dövrün öz satirası var.

Dövrümüzün daha çox satiraya ehtiyacı var. Amerika öz müttəfiqləri ilə, az qala, düşmən olduğu böhran dövründədir. Bütün bunlar və sonsuz daxili çəkişmə onun düşmənlərinin manipulyasiyası ilə baş verir. Amerikanın satıraya hər zamankından daha çox ehtiyacı var. Özü də tunelin sonundakı işıq şəklində yox, tunelin içindəki işıq kimi.

Satira qıtlığı yoxdur

Trump-la bağlı satira qıtlığı yoxdur. Onun çox hissəsini kiçik ekranda – televiziyada görürük. Ən məşhuru Alec Baldwin-in «Saturday Night Live» şousundakı müntəzəm parodiyasıdır. Bu bir növ Oval Kabinetdə baş verənlərin gündəliyidir.

Ancaq Trump mövzusunda bir neçə satirik kitab da çıxıb.

Satirik Trump haqda bir şey yazmaq istəyəndə onun tvitlərinə baxır. Ancaq onun tvitləri və hərəkətləri reallıqda satiradan daha gülməlidir. Başqa sözlə, reallıq satiraya aman vermir. Bu vəziyyətdə siz ən yaxşı halda reallıqda baş verəcək hadisəni bir qədər əvvəldən yazırsınız.

Qismən məhz bu səbəbdən günümüzdə «Saturday Night Live» kimi şoularda uydurma yox, reallıqda baş verən hadisələrin transkriptlərindən istifadə olunur. Görəsən, Trump həqiqətənmi özü-özünü parodiya edir, yoxsa satiradan ona qarşı istifadə edənlərin strategiyasını mənimsəməyi öyrənib? «Trump-ı məsxərəyə qoymaq nəhəng jele ayıya iynə batırmaq kimidir. Bütün iti uclar ona çatanda itib-batır», - məqalənin müəllifi yazır.

«Bəs görəsən, belə bir mühitdə satiranın səsi necə eşidilə bilər? Daha uca və daha kəskin olmaqla. Trump-ın göz qabağında olan, azalması gözlənilməyən eqomaniyası da satiranın düzgün işləməməsinə xidmət edir. …Satira təkcə hakimiyyət haqda həqiqəti demir, o həm də bu hakimiyyəti mümkün edən cəmiyyəti sorğu-suala çəkir. Bu, təkcə günahkarı müəyyən etmək deyil, həm də güzgünü cəmiyyətə tərəf çevirməkdir. Virginia Woolf-un «Pərdə arası» (Between the Acts) əsərinin finalındakı kimi. Burada səhnədəki aktyorlar güzgünü auditoriyaya tərəf tuturlar…», – məqalədə deyilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG