Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:16

McCabe Trump administrasiyasını necə təsvir edir


Andrew McCabe
Andrew McCabe

Trump administrasiyasının ilk günlərində milli təhlükəsizlik müşaviri Rusiya diplomatları ilə qarşılıqlı əlaqələr barədə vitse-prezidentə yalan danışıb. Baş prokuror xəbərlərdən eşitdiklərini kəşfiyyat hesabatlarından oxuduğu gizli məlumatlarla qarışdırıb. Ağ evin qərargah rəisi isə FTB-nin Trump-ın seçki kampaniyası əməkdaşlarının ruslarla əlaqələri haqda media xəbərlərinin qarşısını almamasından narazılıq ifadə edib. Üstəlik, bütün bunlar prezident Donald Trump-ın FTB direktoru James Comey-ni işdən azad etməsindən öncə baş verib.

FTB-nin direktoru vəzifəsini icra etmiş Andrew McCabe-in «Təhlükə» (The Threat) adlı yeni memuar kitabı çalışdığı idarənin qaranlıq mənzərəsini, Ağ ev və Təhlükəsizlik Departamentindəki yüksəkrütbəli rəsmilərlə əlaqələrini təsvir edir.

Fikri immiqrasiyada ilişib qalmış lider

O bu rəsmiləri hazırlıqsız, cahil, öz maraqlarını güdən və düşdükləri vəziyyətlərin təsirindən gözü bağlanmış insanlar kimi təsvir edir. Yaranmış xoşagəlməz vəziyyətə isə kəşfiyyat rəsmilərinə qulaq asmaqdan imtina edən, Putin-in dediklərinə inanan ali baş komandan başçılıq edir.

Ümumən McCabe-nin baxışları Comey-nin memuarında ortaya qoyulmuş narahatlıqları əks etdirir. Hər ikisi Trump-ın qanunun aliliyinə törətdiyi təhlükədən narahatlıq ifadə edir. Kitab administrasiyanın keçmiş əməkdaşlarının bu qəbildən etiraflar zəncirinin, hələlik, ən son halqasıdır.

McCabe Trump-ı çox sərt tənqid edir və bu tənqid şəxsidir. O yazır ki, prezident dəfələrlə onu həyat yoldaşının Senata seçkilərdə uduzmasına görə lağa qoyub. Üstəlik, Trump doktor Jill McCabe-in Virciniya ştatının ozamankı qubernatoru, Clinton ailəsinin müttəfiqi demokrat Terry McAuliffe-in siyasi fəaliyyət komitəsindən aldığı ianənin onun əslində Hillary Clinton tərəfdarı olmasına yozub.

Effektiv liderlik memuarın əsas xəttini təşkil edir. McCabe keçmiş rəisi, hazırda Rusiya təhqiqatının baş məsləhətçisi olan Robert Mueller-i hörmətlə yada salır.

Müəllif Baş prokuror Jeff Sessions-ı isə səriştəsiz, milli təhlükəsizlikdən yetərincə xəbəri olmayan, FTB-nin burnunda sırğası və tatusu olanları yox, yalnız irland kişilərini işə götürdüyü «köhnə əyyamlar» üçün darıxan, fikri immiqrasiya məsələlərində ilişib qalmış lider kimi göstərib.

McCabe yazır ki, hər dəqiqə, hər saat, hər gün işdən qovula biləcəyinə inanırdı. Bu səbəbdən Baş prokurorun müavini Rod Rosenstein-ı inandırmağa çalışıb ki, Rusiya təhqiqatını mühafizə etmək üçün xüsusi məsləhətçi təyin olunmalıdır. Sessions-ın getməsindən sonra Baş prokuror vəzifəsini icra edən Rosenstein bu vəzifədəki ikinci həftəsində Trump-dan tapşırıq alıb: Comey-nin işdən azad edilməsinə haqq qazandıran bəyanat (memo) hazırlamaq. Kitabda yazılanlardan belə çıxıb ki, Trump-ın məqsədi mətbuatda bu məsələdə hər şeyin Rod Rosenstein-ın fikri olduğu təsəvvürünü yaratmaq olub.

«Daha çox şey demək istəyir»

«Rosenstein deyirdi ki, görəsən, prezidentin …motivasiyalarının açıq dəlillərini toplayıb saxlamaq mümkündürmü», – kitabda deyilir.

Comey-nin postunu tərk etməsindən sonra Rosenstein-lə tez-tez görüşən McCabe onu fikri dağınıq adam kimi təsvir edir.

Rusiya təhqiqatı hələ davam edir. McCabe-in özü hələ də Vaşinqtonda federal prokurorların apardığı cinayət araşdırmasının nəzarəti altındadır. O bu təhqiqatla bağlı daha çox şey demək istədiyini bildirib.

McCabe deyib ki, kitabın çıxmasının gecikməsi onun Ədliyyə Departamenti və FTB tərəfindən uzun-uzadı yoxlanması ilə bağlıdır.

2018-ci ilin mayında Sessions McCabe-ni işdən azad edib. Onun təqaüdə çıxmasına iki gündən az vaxt qalmışdı. Bu isə onun illərlə gözlədiyi təqaüdünü təhlükə altına alıb və üstəlik, barəsində məhkəmə işi açılıb.

McCabe siyasi məqsədlərlə işdən azad edildiyini düşünür.

XS
SM
MD
LG