ABŞ Prezidenti Donald Trump Forbes jurnalının dünyanın zənginləri siyahısında irəliləyib. Amma onun sərvətinin dəyəri bir il öncəkinə baxanda dəyişməz qalıb.
Forbes-un redaktor köməkçisi Luisa Kroll martın 6-da “Reuters”ə deyib ki, Trump “siyahıdan xeyli sayda milyarder çıxdığı üçün” irəliləyib.
“Onun sərvəti dəyişməz qalıb, amma mövqeyini yaxşılaşdıra bilib”, – o deyib.
Forbes Trump-ın şəxsi sərvətini 3,1 milyard dollar dəyərləndirir, 2017-ci ildə də belə idi.
Amma dünyanın 2 min 153 milyarderi sırasında 51 pillə irəliləyərək 715-ci olub.
Siyahıda birinciliyi Amazon.com Inc.-in qurucusu və rəhbəri Jeff Bezos saxlayıb, onun 131 milyard dolları var. Hazırda o, həyat yoldaşı MacKenzie ilə boşanır və qadın onlayn şirkətdəki payın yarısına sahiblənə bilər.
Microsoft-un qurucusu Bill Gates 96,5 milyard dollarla ikinci, investor Warren Buffett isə 82,5 milyard dollarla siyahıda üçüncü olublar.