Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:12

Hollivud Trampa qarşı: qalmaqallar və Amerika kinosu


«Kartlardan ev» serialından fraqment
«Kartlardan ev» serialından fraqment

Heç kimə sirr deyil ki, Hollivudla Tramp administrasiyasının bir-birini görməyə gözü yoxdur. Son zamanlar çəkilmiş, fərqli siyasi dövrləri əks etdirən üç film birbaşa, yaxud dolayı yolla prezidenti tənqid edir.

Çox sayda tanınmış aktyor açıq çıxış edərək demokratlara dəstək bildirib. Hollivudun böyük hissəsi realiti TV şousunun ulduzu olan milyarder Trampa qarşı olduğunu açıq bəyan edib. Klint İstvud seçkilərdə hay-küylü respublikaçı namizədin tərəfində olan azsaylı aktyorlardan biri idi.

Trampın seçkilərdəki qələbəsindən sonra keçirilən nüfuzlu kino tədbirlərinin hər birində Oskar və «Golden Globe» mükafatlarının qalibləri prezidenti tənqid edən nitqlər söyləyiblər. Sevilən aktrisa Meril Stripin 2017-ci ilin «Golden Globe» mükafatlarının təqdimetmə mərasimindəki çıxışı ən yaddaqalan nitqlərdən biridir.

Kino və siyasət

2016-cı ilin seçki kampaniyası dövründə hətta namizədlər bir-bir yarışı tərk edən zaman belə Hollivud Donald Trampa qarşı olub.

Kinoyla siyasət arasındakı münasibətlərin tarixi on illər bundan əvvələ gedib çıxır. Ceyms StüartHenri Fonda kimi ulduzlar «Mister Smit Vaşinqtona gedir» (1939) və «Gənc Mister Linkoln» (1939) kimi filmlərdə görkəmli və hörmətli siyasi xadimləri canlandırıblar.

Ancaq Hollivud Vaşinqtona həmişə belə tənqidsiz nəzərlərlə baxmayıb. 1960-cı illərin sonlarında və 1970-ci illərdə Yeni Hollivud dövrünün gənc rejissorları siyasəti və siyasətçiləri sərt tənqid ediblər. «Prezidentin bütün adamları» (1976) filmində «Uoterqeyt» qalmaqalının təsviri buna misal ola bilər.

Amerika kinosu daha çox demokratlara yaxındır. Sidni Pollak kimi rejissorlar siyasət maşınının pərdəarxasına qarşı amansız olublar. «Kondorun üç günü» (1975) kimi filmlərdə korrupsiya, tanışlıq və media manipulyasiyası qabardılıb. Bu, bəzən realizmlə, bəzənsə satirik tərzdə edilib.

Son illərdə, striminq dövründə isə belə tənqidlər daha çox populyar televiziya seriallarında özünə yer tapıb. «Netflix»də yayımlanan «Kartlardan ev» serialı xəyali personaj olan prezident Frenk Andervudun köməyi ilə Oval otaqda baş verənləri sərt tənqid edirdi. Ancaq Andervud və həyat yoldaşı Kler nə qədər dolaşıq işlərə bulaşsalar da, serialda baş verənlər öz absurdluğuna görə hal-hazırda Donald Tramp administrasiyasında baş verənlərlə müqayisəyə belə gəlmir.

Mediaya ittiham

Ceyson Raytmanın ötən ilin sonlarında ekranlara çıxmış «Favorit namizəd» filmi medianı 1980-ci illərin sonlarında Demokratlar Partiyasından olan favorit namizəd Qeri Hartın məğlubiyyətinə şərait yaratmaqda günahlandırır. ABŞ tarixində seks həyatına görə problemlərlə üzləşmiş ilk siyasətçi sayılan Q.Hartı Hyu Cekman canlandırır.

Media 1988-ci ilin prezident seçkisində demokratların favorit namizədi olan Hartın yaxtada başqa bir qadınla çəkilmiş şəklini yayır. Bundan sonra o, seçkini uduzur. Ancaq çoxsaylı Tramp qalmaqallarının fonunda bu hekayə çox sönük görünür.

1990-cı illərdə prezident Bill Klinton da Monika Levinski qalmaqalına görə çox ciddi problemlər yaşamışdı. Ancaq Trampın sanki xüsusi immuniteti var.

Adam Makkeyin «Vitse» filmi isə keçmiş vitse-prezident (oğul Corc Buş administrasiyası) Dik Çeyninin maxinasiyalarını tənqid edir.

Realiti TV ulduzu necə prezident oldu

Bu yaxınlarda «Golden Globe» mükafatına layiq görülmüş filmdə D.Çeynini Kristian Beyl canlandırır. Film keçmiş vitse-prezident haqda olsa da, hazırkı ABŞ siyasətinə də toxunur.

Makkeyə görə, əslində Ağ evdə hakimiyyəti ələ keçirən oğul C.Buş yox, D.Çeyni olub. Filmdə Çeyni və həyat yoldaşı Linn (Emi Adams) Vaşinqton siyasi səhnəsinin əsl sahibləridir. İstər xarici və hərbi siyasətdə, istərsə də iqtisadi və fiskal məsələlərdə gəminin hansı istiqamətə üzəcəyinə onlar qərar verir. Makkeyin bu filmi həm də Tramp administrasiyası və onun vitse-prezidenti Mayk Pensin dəyərləndirilməsi sayıla bilər.

Əlbəttə, özünün tənqidi sənədli filmləri ilə tanınan Maykl Murun son filminin Trampa qarşı sərtliyi heç kimi təəccübləndirmir. Ancaq «Farenqeyt 11/9» filmində Mur həm də son üç ildə ABŞ cəmiyyətində baş verənlərə nəzər salaraq Trampın qələbəsinin əsl səbəblərini tapmağa çalışır. Filmin əsas sualı budur ki, realiti TV ulduzu necə ABŞ prezidenti ola bilib.

Mur Amerika cəmiyyəti və siyasətinin üzləşdiyi təhlükəni araşdırmaq üçün sadəcə Vaşinqtonla kifayətlənmir. O, ölkənin digər ştatlarındakı korrupsiyalaşmış siyasətçilərin maxinasiyalarını ortaya qoymaq üçün əyalətlərə gedir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG