İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 29-da Floridada ABŞ prezidenti Donald Trampla görüşməlidir. Əsas müzakirənin İranla bağlı olacağı gözlənilir.
Təl-Əviv diqqətini İranın ballistik raket proqramına yönəldib, bunu varlığına ən ciddi təhlükə sayır. Bundan öncə, iyunda 12 günlük hava kampaniyası zamanı ABŞ və İsrailin zərbələri İranın nüvə infrastrukturunu ciddi zərbə vurub.
AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi bu yanaşmanın ABŞ və İsrail arasında mövqe fərqinin dərinləşdiyini göstərdiyini yazır. Tramp dəfələrlə deyib ki, İranın nüvə təhdidi "tamamilə məhv edilib", İsfahan, Fordo və Natanzdakı obyektlərə müharibə vaxtı zərbələri əsas göstərib. İsrail nüvə proqramının bir-iki il geri düşdüyünü qəbul edir.
Amma İsrail xəbərdarlıq edir ki, İranın cəmlədiyi raketlər yaxın gələcəkdə müdafiə sistemlərini aşa bilər. İyunda atılan 550 raketdən 36-sı İsrail ərazisinə düşüb və genişmiqyaslı dağıntılara səbəb olub.
SEPAH təlim keçiribmi-keçirməyibmi
İsrail rəsmiləri "NBC News" və "Axios"a deyiblər ki, İranın raket potensialını sürətlə artırması onun nüvə proqramından "daha təcili" təhdiddir.
İsrail İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçirdiyi təlimlərlə bağlı Vaşinqtona xəbərdarlıq edib ki, Tehran bu təlimlərdən qəfil hücumlar üçün örtük kimi yararlana bilər.
Amma İranda raket sınaqlarının gerçəkdən keçirilib-keçirilmədiyi ilə bağlı ziddiyyətli məlumatlar səslənir. SEPAH-a bağlı "Fars" xəbər agentliyi daxil, İran mediası dekabrın 22-də silahlı qüvvələrin təlimlər keçirdiyi bildirib. Sosial şəbəkə istifadəçiləri isə İranın mərkəzi və qərb bölgələri üzərində səmada kondensasiya izlərinin videolarını paylaşıblar. Dövlət televiziyası isə az sonra bu xəbərləri təkzib edib, adı açıqlanmayan "məlumatlı" mənbəyə istinadla izlərin yüksəklikdə uçan təyyarələrə aid olduğunu, heç bir təlimin keçirilmədiyini iddia edib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) baş qərargah rəisi Eyal Zamir İranda "tələb olunan" yerlərə yeni zərbələrə hazır olduqlarına işarə vurub. O, istehsal xətlərinin prioritet olacağını vurğulayıb. İsrail hər il həmin yerlərdə 3 minədək raket istehsal oluna biləcəyindən ehtiyatlanır.
Netanyahu Trampa zərbə variantları təqdim etməyi planlaşdırır. Zərbələr İsrailin rəhbərliyi ilə, birgə və ya ABŞ-nin dəstəyi ilə endirilə bilər. Netanyahu iddia edir ki, raketlər "Hizbullah" və husilər vasitəsilə proksi müharibələrə imkan yaradır, eyni zamanda İranda nüvə proqramının bərpasını pərdələyir.
İsrail ABŞ-yə raketləri kütləvi qırğın silahları təsnifatına salması üçün təzyiq göstərir. Bunu Vaşinqton İnstitutunun aparıcı elmi əməkdaşı Fərzin Nadimi AzadlıqRadiosunun fars xidmətinə deyib. Onun sözlərinə görə, İsrail son müharibənin təcrübəsinə dayanaraq Vaşinqtonu İranın raket imkanlarının da nüvə proqramı qədər təhdid yaratdığına inandırmağa çalışır.
Nadimi ABŞ-nin nüvə silahlarını əsas təhlükə kimi gördüyünü vurğulayır.
İranın raketlərlə bağlı qırmızı xətti
İran uzun müddətdir raket proqramının danışıqlar mövzusu olmadığını, sırf müdafiə xarakterli olduğunu bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi dekabrın 22-də bunu bir daha təsdiqləyib. O deyib ki, ölkənin müdafiə qabiliyyəti heç bir halda müzakirəyə çıxarıla bilməz.
Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı Həmidreza Əzizi isə ABŞ və İsrailin İrandan fərqli şeylər istəyə biləcəyini söyləyir, amma onlar bir nöqtədə kəsişirlər: "İran indi zəif durumdadır, daha çox güzəşt əldə etmək vaxtıdır".
İran raketləri üçün 2 min km uçuş məsafəsi qoysa da, son aylar gərəkərsə, bunu artıra biləcəyinə eyham vurub. Əzizi deyir ki, ABŞ və İsrail İranın bu məsafəni azaltmasını istəyir, Tehran isə buna gedən deyil.
Bu arada İran mediası ölkənin nüvə proqramı ilə bağlı İsrailin ritorikasını heyrət və təlaşla qarşılayıb.
SEPAH-a bağlı "Cavan" qəzeti yazıb ki, İsrail İranın potensial münaqişədə yüzlərlə raket buraxmaq qabiliyyətindən "qorxub". "Mehr" agentliyi kimi mühafizəkar media qurumları da oxşar fikri paylaşıb.
Amma ehtiyatlı olmağa çağıranlar da var. "Bultan News" iddia edib ki, Netanyahu İranın raket ehtiyatını bərpa etmək gücünü şişirdərək hücumu əsaslandırmaq istəyir. Media qurumu Tehranın bu ritorikanı ciddi qəbul etməli olduğunu yazıb.