“Toplum TV” internet televiziyasıyla bağlı cinayət işi üzrə həbsdə olan jurnalist və ictimai-siyasi fəalların məhkəməsi yekunlaşır. Prosesdə hökmdən öncə axırıncı mərhələ - təqsirləndirilənlərin son sözü başlayıb. İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda 9 nəfərdən 3-ü son sözünü deyib.
Heç bir cinayət törətmədiyini, peşə fəaliyyətinə görə cəzalandırıldığını deyən jurnalist Fərid İsmayılov vurğulayıb ki, həbsinə görə təəssüflənmir. Yalnız jurnalist kimi işini davam etdirə bilmədiyinə görə təəssüflənir: “Təcridxanada televizorda görəndə ki, haradasa sosial problem var, təəssüflənirənirəm. Düşünürəm ki, gedib oradan yaxşı reportaj hazırlaya bilərdim”.
Məhkəmə prosesi boyu Azər Tağıyevin sədrlik etdiyi, Elnur Nuriyev və Roman Ələkbərlidən ibarət hakimlər kollegiyasına dəfələrlə etiraz verdiyini yada salan jurnalist deyir ki, bu da səbəbsiz deyil. Çünki jurnalist fəaliyyəti dövründə Tağıyevin, Nuriyevin çoxsaylı ədalətsiz hökmlərinin şahidi olub. O, siyasi fəal Tofiq Yaqublu haqqında çıxarılmış hökmü misal göstərərək bildirib ki, heç bir sübut-dəlil olmadan Nuriyev onun 9 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Həmin hökmdə Tağıyevin də imzası var.
Müsavat Partiyası və Milli Şura üzvü T.Yaqublu külli miqdarda ziyan vurmaqla dələduzluq, saxta sənəd hazırlama və ya istifadə etmədə təqsirli bilinərək 9 il həbsə məhkum edilib. O, özünü təqsirli bilmir və qurama ittihamla şərlənərək həbs olunduğunu bildirir.
Cinayət işinin materiallarında F.İsmayılovun evindən 3 min 200 avro pul tapıldığı iddia olunur. Jurnalist deyir ki, həmin pulları axtarışı aparanların özləri qoyub, özləri də götürüblər. O, əlavə edib ki, hətta bu pul özünə məxsus olsaydı belə, burada heç bir cinayət yoxdur.
F.İsmayılov məhkəmədən ədalətli hökm gözləntisi olmadığını da vurğulayıb.
"Yetər ki, biz yaşadıqlarımızı sabah siz yaşamayasınız"
Təqsirləndirilən şəxslərdən III Respublika Platformasının Qurucu Heyət üzvlərindən Ruslan İzzətli bildirib ki, məhkəmədəki bu çıxışı son sözü yox, oğluna məktubudur. Çünki bu prosesi məhkəmə yox, məzhəkə hesab edir. Bu üzdən istəyir ki, gələcəkdə oğlu oxusun, onun addımlarını anlasın.
“8 iyunda məhkəmə adlı məzhəkədə mənə 16 il cəza istəniləndə gəlib bir daha sənin şəklinə baxdım və düşündüm: sənin və sənin həmyaşıdlarının azad, xöşbəxt yaşaması üçün hər bir cəzaya hazıram, yetər ki, biz yaşadıqlarımızı sabah siz yaşamayasınız. Yəqin ki, nə zamansa məktubumu oxuyanda düşünəcəksən ki, atama və onun dostlarına cəza istəyənlər, hökm verənlər sonra övladlarının gözlərinə baxa biliblərmi?”, - R.İzzətli çıxışında belə deyib.
O vurğulayıb ki, avtoritar rejimlərin silahı birinci düşünən insanları, ziyalıları biçir. Çünki ziyalının məhv edildiyi cəmiyyətdə qorxu hakim olur. Qorxunun zəlil etdiyi kütləni isə istənilən səmtə yönəltmək olur:
“Eyni düşüncə ilə bolşeviklərdən ilhamlanan Əliyev rejimi 33 ildir vətəndaşla dəyənək, zorakılıq dili ilə danışır. Bu rejimin gücünün yox, çarəsizliyinin, tükənmişliyinin göstəricisidir”.
“Özü də deyir ki, nəyi nə vaxt etmək lazım olduğunu mən bilirəm”
III Respublika Platformasının spikeri, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov da iyulun 13-də son sözünü deməyə başlayıb, lakin vaxt məhdudiyyəti üzündən yekunlaşdırmayıb.
O bildirib ki, Əliyev ölkəni “tək adam” sistemi ilə idarə edir və bunu gizlətmir: “Özü də deyir ki, nəyi nə vaxt etmək lazım olduğunu mən bilirəm”. A.Qurbanovun sözlərinə görə, prezidentin idarəetmə sisteminə qarşı çıxanlar isə avtomatik repressiyanın qurbanına çevrilir.
“Toplum TV” işi üzrə ittihamların absurd olduduğunu və bunun məhkəmədə sübut-dəlillərlə təsdiqləndiyini deyən A.Qurbanov konkret özü haqqında yazılanlara toxunub. Bildirib ki, özü və həyat yoldaşının gəlirləri və ödədiyi vergilərin sənədlərini məhkəməyə təqdim etdi. Məlum oldu ki, gəlirləri də, ödədikləri vergilər də ittihamda göstərilənlərdən daha çox olub: “Heç bir şübhə yoxdur ki, məni siyasi fəaliyyətimə, III Respublika Platformasına görə cəzalandırıblar. Lap elə tutaq ki, ittihamda yazılanlar doğrudur, məni tutun da, heç bir aidiyyəti olmayan bu uşaqlarla nə işiniz var? Onların nə günahı var?”
A.Qurbanovun son sözü iyulun 20-də keçiriləcək növbəti məhkəmə iclasında davam edəcək.
Məhkəmədə səslənən tənqidlərə prezident və onun komanda üzvlərindən hər hansı münasibət bildirilməyib. Lakin rəsmilər bir qayda olaraq vurğulayırlar ki, ölkədə hüquq sistemi hökm sürür və bütün fundamental azadlıqlar qorunur.
Xatırlatma
“ToplumTV” işi üzrə həbslər 2024-cü ilin martından başlayıb. Həmin vaxt bu işlə əlaqədar 7 nəfər qaçaqmalçılıq ittihamıyla həbs olundu. O zaman jurnalist Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilsə də, 2025-ci ilin yanvarında İsmayılov da həbs edildi.
2025-ci ilin fevralında isə “Toplum TV” işi üzrə daha bir jurnalist Şahnaz Bəylərqızı da həbs olundu. O, elə həmin ayın sonunda ev dustaqlığına buraxıldı. Onun barəsində cinayət işi ayrılıb.
İyunun 8-də məhkəmədə prokuror iddia edib ki, təqsirləndirilən şəxslərə verilmiş qaçaqmalçılıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. ittihamlar təsdiqini tapıb. O, Akif Qurbanov və Ruslan İzzətlinin hər birinə 16 il, “Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli və jurnalist Əli Zeynalova 15 il, redaktor Müşfiq Cabbarov, fəallar İlkin Əmrahov və Ramil Babayevə 14 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasova isə 13 il həbs cəzası verilməsini təklif edib.
Jurnalist və fəalların heç biri ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 nəfərdən artıq jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 328 nəfər siyasi məhbus var.
Rəsmilər isə ölkədə heç kimin sırf peşə fəaliyyətinə görə, siyasi motivlərlə həbs olunmadığını iddia edir. Onlar deyir ki, həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.