Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 17:45

Tofiq Zülfüqarovun maşını cərimə meydançasına aparıldı [yenilənib]


Tofiq Zülfüqarov

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobili cərimə meydançasına aparılıb.

Bu barədə özü Facebook hesabında yazır.

Keçmiş nazir bildirir ki, martın 1-də Heydər Əliyev prospekti ilə hərəkət edirmiş. Arxadan gələn maşın irəli keçmək üçün işıqlarıyla işarə verib.

Zülfüqarov bildirir ki, hərəkət sıxlığı olsa da, imkan düşən kimi onun irəli keçməsinə imkan verib. Lakin maşın irəli keçəndən sonra sürəti azaldıb:

“Saatda 120 kilometr sürət həddi olan yolda əyləci basdı. Görəndə ki, qarşımdakı hansısa qeyri-adekvat və aqressiv insandır, ona işıq siqnalı verdim. Onu ötüb sağ zolağa keçdim. Elə bu anda bir patrul maşını mənə çatdı. Maşını saxladım. Polis mənə bildirdi ki, qaydaları pozmuşam. Sən demə, onun hansısa böyük bir vəzifəsi var imiş və mənə BMW avtomobilinin üzlüyünün altındakı mayak işıqları ilə siqnal veribmiş. Açığı deyim ki, mənim maşınım böyükdür və o avtomobilin üzlüyü arxasında hansı işığın yandığı görünmür”.

Buna da bax:​ Tofiq Zülfüqarov: “Kameralar bunu saxlaya bilməyəcəklər”

Tofiq Zülfüqarov yazır ki, polislər bildiriblər ki, maşının cərimə meydançasına aparılması barədə göstəriş verilib:

“"Nə üçün?" sualına isə cavab verdilər ki, heç bir irad tuta bilmirlər və hətta protokol da yazmadılar. Mən onların tələblərini yerinə yetirdim və onlar özləri məni evə gətirdilər”.

«Turan» agentliyi keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun hansı qaydaları pozması barədə Bakı Şəhər Yol Polisi İdarəsinə sorğu verib.

İdarənin ictimaiyyətlə əlaqələrə məsul şəxslərindən biri bildirib ki, maşın saxlanılıbsa, deməli pozuntu olub.

«Vətəndaş bununla razı deyilsə və ya hüquqlarının pozulduğunu hesab edirsə, şikayət edə bilər. Şikayətə diqqətlə baxılacaq», - deyə özünü təqdim etməyən rəsmi bildirib.

Buna da bax: Tofiq Zülfüqarov: «XİN-də böhran yetişib…»

Lent.az yazır ki, 10 AA 102 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-leytenantı Səhlab Bağırovun xidməti avtomobilidir.

* * *

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı açıqlama verib.

Lent.az-a danışan general Səhlab Bağırov avtomobilin yol-hərəkət qaydalarını pozduğuna görə, cərimə meydançasına aparıldığını deyib: “Sürücü yol hərəkəti qaydasını pozub, saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb”.

Bu gün, martın 2-si keçmiş nazir Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı xəbər yayılıb. Keçmiş nazir bildirib ki, 10 AA 102 dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədiyi səbəb göstərilərək cəzalandırılıb. Həmin dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-leytenantı Səhlab Bağırovun xidməti avtomobilidir.

Buna da bax:​ Tofiq Zülfüqarov Lavrovun ermənipərəst danışdığını deyir

Səhlab Bağırov kimdir?

Səhlab Bağırov 2011-ci ilin may ayından Bakı şəhər Baş Polis İdarəsinin rəis müavinidir. 1998-ci ildə «İgidliyə görə» medalı ilə təltif edilib.

Prezident İlham Əliyev 2013-cü il iyulun 1-də Səhlab Bağırova general-mayor ali rütbəsini verib.

2015-cu il iyulun 1-də isə cinayətkarlıqla mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyi səbəb göstərilərək ona 3-cü dərəcəli "Vətənə xidmətə görə" orden təqdim edilib.

İctimaiyyət onu daha çox əvvəllər müxalifətin icazəsiz mitinqləri öncəsi həmin aksiyanın dağıdılacağı ilə bağlı xəbərdarlıqları ilə tanıyıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG