Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Avropa İttifaqı Britaniyaya Breksit üçün yenə vaxt verdi


Britaniyanın baş naziri Theresa May (solda) Avropa Şurasının prezidenti Donald Tuskla söhbət edir (Foto arxivdəndir)
Britaniyanın baş naziri Theresa May (solda) Avropa Şurasının prezidenti Donald Tuskla söhbət edir (Foto arxivdəndir)

Avropa İttifaqının liderləri Britaniyaya Breksit adını almış keçid prosesi üçün daha çox vaxt vermək barədə razılığa gəliblər.

Avropa İttifaqı liderlərinin martın 21-də əldə etdiyi saziş Britaniyanın ittifaqdan xaotik çıxışının qarşısını almağa yönəlib.

Britaniyanın Avropa İttifaqından sazişsiz ayrılması onun iqtisadiyyatını təlatümə sala bilər.

Əgər Britaniyaya əlavə vaxt verilməsəydi, onda London ittifaqdan martın 29-dək çıxmalı olacaqdı.

Avropa İttifaqının liderləri indi Britaniyaya blokdan rəsmi ayrılması üçün mayın 22-dək vaxt veriblər, amma bir şərtlə ki, Britaniya millət vəkilləri Brüssel və London arasında əldə edilmiş saziş variantına gələn həftə səs versinlər.

Əgər Britaniya parlamentinin İcmalar Palatası sözü gedən sazişi bu dəfə də qəbul etməsə, o zaman Breksit aprelin 12-də baş verəcək.

Britaniyanın baş naziri Theresa May izah edib ki, aprelin 12-si təsadüfən seçilməyib. Avropa Şurasının prezidenti Donald Tusk bildirib ki, həmin müddətədək Britaniya Avropa Parlamentinin seçkilərində iştirak edib-etməyəcəyi barədə qərar qəbul etməlidir.

Təhlilçilər bildirirlər ki, Britaniyanın Avropa İttifaqından çıxış barədə ikinci referendum keçirməsi üçün London üzərinə təzyiqlər artır, lakin bu addımın hüquqi nəticələri tam aydın deyil.

Avropa İttifaqında qalmaq barədə internet petisiyası martın 21-də artıq 2 milyondan çox imza toplayıb.

Bizneslər və iqtisadçılar deyirlər ki, Avropa İttifaqından sazişsiz ayrılma həm Britaniyaya, həm də ittifaqa milyardlarla dollar ziyan verə bilər.

***

Martın 20-də verilən xəbərlərdə deyilirdi ki, Britaniyanın baş naziri Theresa May ölkəsinin Avropa İttifaqından çıxışının 30 iyunadək təxirə salınmasını rəsmən xahiş edib.

O bu barədə Avropa Şurasının prezidenti Donald Tuska rəsmi məktubla müraciət edib.

May bu məktubda vurğulayır ki, Breksiti – yəni ölkənin Avropa İttifaqından çıxışını bundan daha uzaq müddətə keçirə bilmir və Avropa İttifaqı ilə razılaşdırdığı ayrılma sazişini üçüncü dəfə Britaniya parlamentində səsə qoymağa hazırlaşır.

Britaniya parlamenti Theresa May-in Avropa İttifaqı ilə razılaşdırdığı sənədi iki dəfə rədd edib.

Buna baxmayaraq Britaniya millət vəkilləri martın 14-də Avropa İttifaqından çıxışı azı üç ay yubatmaq barədə təklifi qəbul ediblər.

Martın 14-də Britaniya parlamenti habelə Avropa İttifaqından çıxışa dair ikinci referendumun keçirilməsi təklifini rədd edib.

Beləliklə indi Britaniyanın xahişinə Avropa İttifaqı münasibət bildirməlidir.

2016-cı ilin iyununda keçirilmiş referendumda britaniyalıların 52 faizi (17, 41 milyon nəfər) ölkənin ittifaqdan çıxmasına, adamların 48 faizi isə (16, 14 milyon nəfər) ittifaqda qalmağa səs vermişdi.

Lakin problem burasındadır ki, Britaniyanın tərkibində olan Şimali İrlandiya və Şotlandiya, habeləLondon və Mançester daxil İngiltərənin böyük şəhərləri ittifaqda qalmağa səs veriblər, lakin çıxmaq qərarı gözlənilmədən Uels tərəfindən dəstəklənib.

Bu referendumdan dərhal sonra Breksitin əleyhdarı olan baş nazir David Cameron istefa verib və o vaxtdan bəri baş nazir Theresa May Avropa İttifaqı ilə çıxış şərtlərini müzakirə edir.

2018-ci ilin yayında Britaniyanın xarici işlər naziri Boris Johnson və “breksit naziri” Steve Baker Theresa May-in Avropa İttifaqından daha yumşaq ayrılmaq planına etiraz olaraq istefa veiblər.

Noyabrın 14-də nəhayət bütün hökumət 5 saatlıq müzakirələrdən sonra Theresa May-in planı barədə razılığa gəlib.

Lakin bunun ardınca parlament Theresa May-in planını iki dəfə rədd edib.

Amma martın 13-də Britaniya parlamenti Avropa İttifaqından sazişsiz çıxış variantını istisna edən qərara səs verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG