Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:57

Breksit Britaniya siyasətinin paxırını açır


Britaniya parlamenti qarşısında etiraz aksiyası
Britaniya parlamenti qarşısında etiraz aksiyası

Britaniyanın Avropa Birliyindən çıxması (Breksit) bu ölkənin siyasi sisteminin iç üzünü açır. Bunu 11 deputatdan ibarət qrup deyir. Breksit üzündən siyasi partiyalardan bəzi istefalar olub və bu, dünyanın ən qocaman və sabit parlamentlərindən birində sarsıntılar yaradıb. Bu haqda “Reuters” agentliyində William James yazır.

Müəllifin fikrincə, ölkənin AB-dən çıxmasına yenidən baxılmasına nail olmaqdan ötrü bu qrup daha çox tərəfdar toplamalıdır.

“PARTİYAYA ONUNLA SAVAŞMAQ ÜÇÜN QOŞULMURSAN”

“Bu, haraya aparacaq? Heç yerə, yalnız Breksit tarixində bir qeydə, ya da son 100 il ərzində davam etmiş partiya sisteminin parçalanmasının başlanğıcına çevrilə bilər”, – UCL universitetinin hökumət və dövlət siyasəti üzrə fəxri professoru Tony Wright deyib.

“Onlara rəqəmlər lazımdır. Kabinetdə bəzi silkələnmələrə ehtiyac yarana bilər və bundan sonra proses davam edəcək”, – o, sözlərinə əlavə edir.

Theresa May
Theresa May

Breksitə cəmi 36 gün qalır. Baş nazir Theresa May AB ilə elə bir ayrılma sənədi əldə etməlidir ki, parlament onu təsdiqləsin. Əks halda dünyanın beşinci iqtisadiyyatının birlikdən çıxması xaotik ola bilər.

Bu həftə May-in sağyönlü Mühafizəkar Partiyasının üç, müxalifətdə olan solçu Leyborist partiyasının isə səkkiz üzvü istefa verərək müstəqil deputat kimi fəaliyyətə başlayıblar.

Məqalədə deyilir ki, bu, son 40 ilin ən böyük parçalanması sayılır. Təxminən bir əsrdir Britaniyada hökuməti əsas iki partiya formalaşdırır, daha kiçik qruplar kənarda qalır.

Özlərini “Müstəqil qrup” adlandıran deputatlar deyirlər ki, onların qədim partiyaları ifrat-solçu və ifrat-sağçı fraksiyalar tərəfindən oğurlanıb, Britaniya siyasətinin mərkəzçi qüvvəsi adamsız qalıb, nüfuzunu sərgiləməyə gücü yoxdur.

“Siyasi partiyaya onunla savaşmaq üçün qoşulmursan, savaş bitib və digər tərəf qələbə çalıbsa, onun tərkibində qalıb kiçik qruplar şəklində savaşmırsan”, – vaxtilə Mühafizəkarlardan nazir olmuş, çərşənbə günü istefa vermiş Anna Soubry deyib.

2016-cı ildə keçirilmiş referendumda Breksit tərəfdarları 52-48 səs fərqilə qalib gəldilər. Amma bu səsvermə iki böyük partiyanı da parçaladı. Parlamentdə “Gedənlər” və “Qalanlar” arasında yeni savaş başlandı.

Hazırda çoxları ölkənin yolayrıcında olduğunu, Breksit seçiminin gələcək nəsillərin rifahını müəyyənləşdirəcəyini düşünürlər.

Jeremy Corbyn
Jeremy Corbyn

“DƏYİŞİKLİK TƏBİLİ”

May özü də partiyasındakı avroskeptik və AB-pərəst qanadları vahid mövqe ətrafında səfərbər edə bilməyib. Leyboristlərin lideri Jeremy Corbyn isə qeyri-müəyyənliyə və aydın istiqamətin olmamasına görə tənqid olunur.

“Breksit dəyişiklik təbili idisə, bunu eşidirik”, – Mühafizəkarların keçmiş üzvü Heidi Allen deyib.

“Partiyalarımız problemin miqyasını dərk edə bilməyiblər, ona cavab vermək planları da yoxdur”, – o vurğulayır.

Müəllif yeni qrup qarşısında həm çətinliklər, həm fürsət açıldığını yazır.

İndi müstəqil olan deputatlar onsuz da hökumətin əleyhinə səs verirdilər, yəni onların istefası May-in Breksit sazişini təsdiqləməyəcək parlamentdə hesabı dəyişməyəcək. Amma qrup yürütmək istədiyi alternativ siyasəti də razılaşdıra bilmir.

Qrup yalnız mövcud məyusluqdan yararlanaraq daha çox tərəfdar toplamağa ümid edir.

“Köhnə tayfa siyasətini geridə buraxmaqla ilk addımı atdıq və siyasi dəyərlərimizi paylaşan digərlərini də belə etməyə çağırırıq”, – Leyboristlərin keçmiş üzvü Chuka Umunna deyib.

Müəllif yazır ki, deputatlar hələlik, yeni partiya yaratmayıblar və onların gələcəyini Breksit müəyyənləşdirəcək. Əslində, prosesə təsir göstərməyə çox vaxtları da yoxdur.

Qrup üzvlərinin, demək olar, hamısı Britaniyanın AB-dən sazişsiz çıxmasına qarşıdır və ikinci referendumun keçirilməsini istəyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG