Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 07:16

Britaniya parlamenti daha bir Brexit planını rədd edir


Brexit tərəfdarları parlamentin binası qarşısında aksiya keçirirdilər

Britaniya millət vəkilləri böyük səs çoxluğu ilə baş nazir Theresa May-ın yenidən işlənmiş Brexit planını rədd ediblər.

Bundan bir gün əvvəl baş nazir bəyan etmişdi ki, Avropa İttifaqından bu planla bağlı “icrası icbari” təminat alıb.

Britaniya Parlamentinin İcmalar Palatası yeni saziş barədə planı 391-242 səs nisbəti ilə rədd edib.

Avropa Şurasının prezidenti Donald Tusk bu səsvemənin ardınca deyib ki, Britaniya millət vəkillərinin Brexit sövdələşməsinə dair planı ikinci dəfə rədd etməsi ölkənin Avropadan “sazışsız boşanması riskini əhəmiyyətli dərəcədə artırıb”.

Martın 12-də keçirilmiş səsvermədən sonra Birləşmiş Krallığın Avropa İttifaqından sazişsiz və ya sazişli rəsmi çıxışına 17 gün qalır.

May-in bundan əvvəl parlamentə təqdim etdiyi plan da onun üçün alçaldıcı bir tərzdə rədd edilmişdi.

Yeni saziş yalnız ittifaqdan ayrılmaya aid idi. Bu sazişdə Britaniya ilə Avropa İttifaqı arasında gələcək münasibətlərin müddəaları yer almayıb.

Yeni saziş Britaniyanın Avropa İttifaqına 50 milyard dollar “boşanma” haqqı ödəməsini nəzərdə tutur və London üçün iki il müddətində keçid dövrü tanıyır.

Bu sazişə həm də Avropa İttifaqı ilə sərhədin açıq qalması şərti daxildir. Bu maddə sazişin ən qəliz hissəsidir.

Avropa İttifaqı, İrlandiya Respublikası və Britaniyanın bir hissəsi olan Şimali İrlandiyanın millətçiləri sərhədin gələcəkdə də açıq qalmasını tələb edirlər. Əks halda İrlandiya Respublikası ilə etnik irlandların yaşadığı Şimali İrlandiya arasında sərhəd bağlanmalı olacaq.

Donald Tusk
Donald Tusk

Donald Tuskun sözçüsü bu barədə deyib:

"Biz bu axşam keçirilmiş səsvermənin nəticəsindən məyus olmuşuq. Avropa İttifaqı tərəfindən bu razılaşmanın əldə olunması üçün lazım nə varsa edilib…Bundan artıq nə edilə biləcəyini demək çətindir. 29 marta 17 gün qaldığı bir vaxtda bugünkü səsvermə sazişsiz Brexit-in mümkünlüyü ehtimalını əhəmiyyətli şəkildə artırıb. Əgər Birləşmiş Krallıq tərəfindən müddətin uzadılmasına dair əsaslı rica olarsa, Avropa İttifaqının 27 üzvü bu məsələyə baxa və yekdil qərar qəbul edə bilər”.

Səsvermədən sonra Britaniyanın əsas müxalifət partiyası – leyboristlərin lideri Jeremy Corbyn deyib ki, “ümumi seçkilər keçirməyin vaxtı çatıb”.

XS
SM
MD
LG