Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:48

Əskiparada qoyun-quzu niyə qırılır?


Qoyun-quzu (arxiv fotosu).
Qoyun-quzu (arxiv fotosu).

“Yemini, suyunu veririk. Yeyir, yatır, bir də oyanmırlar. Gedib baxırıq ki, ölüblər”.

İki aydan çoxdur ki, Tərtərin Əskipara kəndində xırdabuynuzlu heyvanlar kütləvi qırılır.

Kənddəki fermada məskunlaşan köçkünlər onlara məxsus qoyun-quzunun nədən tələf olduğunu müəyyənləşdirə bilmirlər. Köçkün Gəray Hacıyev AzadlıqRadiosu-nun “Qaynar xətt”inə danışır ki, 36 qoyunu və 41 quzusu bir neçə günün içində tələf olub.

Buna da bax:​ Əlicançayın suyu həm bulanıqdır, həm də pis qoxuyur...

“Nə bəladır düşmüşük, bilmirik...”

“Yemləri də normaldır, qəfil yıxılıb düşürlər bir tərəfdə, yatırlar, durmurlar. Eləsi də var, qızdırmayla ayılır. Hərarətləri 40-41 dərəcəyə çatır, yıxılıb qalırlar, 2-3 gündən sonra hərarət kəskin aşağı düşür və ölürlər. Nə bəladır düşmüşük, bilmirik”. “Adımı deməklə nə dəyişəcək ki” deyən və bu olaydan üzüldüyünü səs tonunda açıq hiss etdirən bir başqa köçkün dərdini belə açıqlayır: “Heç vaxt belə hadisəylə qarşılaşmamışıq”.

Buna da bax:​ Ferma evlərin arasında yerləşəndə nə baş verir?

“Məndə 34 qoyun əldən gedib. Bir təsərrüfatı mənimlə yanaşı qonşum var, 100-dən çox qoyunu ölüb. Qoyun-quzu – hamısı qırılır. Biri deyir, sarılıq xəstəliyi yayılıb, biri deyir, ümumiyyətlə, xəstəliyin adı bilinmir. Heç vaxt belə hadisə ilə qarşılaşmamışıq. Heyvan yeyir, gedib yatır, ya ayılmır, ya da yüksək hərarətlə ayılır, sonra da başını həmişəlik qoyur yerə...”.

Xəstə və sağlam heyvanların eyni örüşə çıxarılması təsərrüfat sahiblərini lap təlaşlandırır. Bu təmas xəstəliyin daha kəskin yayılmasına səbəb olur. Yerli baytarlıq idarəsinə üz tutsalar da, baytarlar da heyvanların düçar olduğu xəstəlikdən baş açmayıblar.

Buna da bax:​ Son ümidi çadır qurmağa qalıb

Xəstəlik aşkarlanacaq, amma kompensasiya olmayacaq

Tərtər Rayon Baytarlıq Xidmətindən “Qaynar xətt”ə bildirilib ki, məsələ Dövlət Baytarlıq Nəzarəti Xidmətinin diqqətindədir: “Hazırda baytar həkim briqadası xəstəliyin səbəblərini araşdırır. Ölmüş heyvanlardan nümunələr götürülüb. Hər şey laboratoriya müayinələrinin nəticələri açıqlananda bəlli olacaq”. Köçkünlər xəstəlikdən tələf olmuş yüzlərlə heyvana görə kompensasiya umurlar. Tərtər Rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, zərərçəkənlər təsərrüfatlarını vaxtında sığortalamadıqlarından kompensasiyaya ümid bəsləməsinlər.

XS
SM
MD
LG