Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:00

Son ümidi çadır qurmağa qalıb


Qəzalı ev (arxiv fotosu).
Qəzalı ev (arxiv fotosu).

“Deyirlər, sürüşmədən zərər çəkmiş evlərin təmir-bərpasına dövlət yardımı ayrılıb. Ancaq 6 aydır sürüşmədən qəzaya uğramış evimizi bərpa etdirmək üçün döymədiyimiz qapı qalmayıb. Bütün qışı zülm içində yaşadıq”.

Ağaəli Əliyev İsmayıllının Sədyan kəndində yaşayır. Ötən payızda – oktyabrın 17-də kənddə baş vermiş sürüşmə nəticəsində evi qəzalı vəziyyətə düşüb, evin ətrafındakı torpaq sahəsində də dərin yarğanlar əmələ gəlib. Deməsinə görə, ev əyilib, divarları aralanıb. Evin ətrafındakı yarıqlar isə gündən günə dərinləşir:

Buna da bax:​ Ramana: Bayramdırsa, çirkab suları evinə dolsa da dözməlisən...

"Uşaqları qoruyuruq ki, yarıqlara düşməsinlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri dəfələrlə gəlib baxış keçirib, fəsadları qeydə alıb gediblər. Bir az səs-küy salan kimi tökülüşüb gəlirlər, yenə yazıb gedirlər. Ortada heç nə yoxdur”.

“DÖVLƏT MƏNİ KÖMƏKSİZ BURAXMALIDIR”

Kənd sakini deyir, gəlib əraziyə baxış keçirənlər özləri də təsdiqləyiblər ki, ev sürüşmədən ən çox təhlükə yaranan 300 metrlik ərazinin tən ortasındadır. Ancaq “evin sənədi yoxdur, kömək etmək mümkün deyil”, deyib çıxıb gediblər:

“Əvvəla, evin sənədi olmasa da, torpağa sənədim var. Evin sənədinə gəlincə, bu ölkədə tikdiyin evə sənəd düzəltməyin nə demək olduğunu hamı bilir. Sənəd düzəltməyə maddi imkanım çatmayıb deyə, dörd azyaşlı uşaqla dövlət məni fəlakətin içində köməksiz buraxmalıdır?”

Buna da bax:​ Qurbağa qurultusundan qulaq tutulan keçmiş «Südçülük sovxozu»

Ağaəli Əliyevin son ümidi çadır qurmağadır. Çünki dövlət qurumları ona ərazidə yaşamağın təhlükəli olduğunu xatırlatmaqdan başqa heç bir addım atmır.

Kəndlinin dövlətdən istədiyi bir parça torpaqdır ki, yenə ev tikib azyaşlı övladlarını içərisinə toplasın. İş orasındadır ki, o, hazırda qəzalı duruma düşən evi də kreditlər hesabına tikib və hələ də qaytara bilməyib.

“EVLƏRƏ ZƏRƏR DƏYMƏYİB”

İsmayıllı rayon İcra Hakimiyyətindən isə "Qaynar xətt"ə bildirilib ki, ailəyə müvəqqəti başqa yerə sığınması üçün xəbərdarlıq olunub. Ancaq ailə başqa yerə daimi köçürülmək istəyir. Bunun üçünsə Nazirlər Kabinetinin qərarı olmalıdır. İcra hakimiyyətindən deyilənə görə, təqsir sürüşmə zonasında ev tikən vətəndaşın özündədir:

Buna da bax:​ Daha bir ünvanda yaşıllıq məhv edilir, yerində isə...

“Kənd adamlarıdır. Bilirlər ki, hara sürüşmə zonasıdır, hara yox. Vətəndaşa deyəndə ‘burda ev tikmə, sabah başına uça bilər’, onda da gedib bir başqa cür şikayət edirlər ki, hökumət tikməyə imkan vermir. İkinci tərəfdən, həmin ərazidəki torpaq sürüşməsi evlərə zərər vurmayıb. Yalnız bir neçə evin ətrafındakı torpaqlarda kiçik yarğanlar əmələ gəlib".

İsmayıllı rayon icra hakimiyyətindən "Qaynar xətt"in sorğusuna cavabda qeyd olunur ki, son illər rayonda torpaq sürüşməsi 29 kənddə 184 evi qəzalı duruma salıb. Həmin evlərdən 81-i tam qəzalı vəziyyətdədir, 7-si isə tamamilə dağılıb, 103 evin divarlarında iri çatlar yaranıb.

Buna da bax:​ Sahibkar: 'Döymədiyim qapı qalmayıb'

Ötən ilin oktyabrından başlayaraq, Şamaxıda, İsmayıllıda, Masallıda, Gədəbəydə və daha bir neçə rayonda torpaq sürüşməsi aktivləşib. Rəsmi qurumlar bu aktivləşmənin əsas səbəbi kimi ötən payızın aramsız yağışını qeyd edirlər.

XS
SM
MD
LG