Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:52

Əlicançayın suyu həm bulanıqdır, həm də pis qoxuyur...


Arxiv fotosu.
Arxiv fotosu.

"Çaya hardansa çirkab suyu axıdılır. Təxminlərimizə görə, Oğuz tərəfdəki müəssisələrdən. Çayın suyu bulanıqdır, həm də kəskin qoxusu var".

Şəkinin Turan kəndinin sakinləri "Qaynar xətt"ə içməli su problemindən danışırlar. Onların sözlərinə görə, son vaxtlar Turan və daha 12 kəndin içməli su qaynağı sayılan Əlicançay çirklənib. Kənd sakini Elvin Cəfərov deyir, içməli suyu maşınla almağa məcbur qalıblar:

Buna da bax:​ Ferma evlərin arasında yerləşəndə nə baş verir?

“Bu sudan istifadəyə qorxuruq”

"Bu dəqiqə çayın suyu istifadəyə yararsız, sağlamlığa zərərlidir. Qoxusu da pisdir. Biz suyu anbara yığırıq, durulduruq, sonra həm məişətdə istifadə edir, həm də içirik. Anbara yığdıq, durulmadı, əksinə, qoxusu ətrafı bürüdü. Boşaltdıq, qoxu anbardan hələ də çəkilməyib. Qarşıdan da yay gəlir, yoluxucu xəstəliklərin oyanan vaxtıdır. Bu sudan istifadə etməyə qorxuruq".

Başqa bir sakin - Əliağa Əliyev deyir ki, martın əvvəlində çayın heç yaxınlığından keçmək mümkün deyilmiş:

"Qoxudan beyin çatlayırdı. Bu su böyrəklərimizi, ciyərlərimizi sıradan çıxarır. Oğuzdan Bakıyadək su xətti çəkilib, ancaq bizə Oğuzdan Şəkiyə axan çirkli Əlicançayın suyu içirdilir".

Buna da bax:​ Hərbi şəhərcikdən şikayət var

“İçməyə tam yararlıdır”

Şəki Şəhər İcra Hakimiyyəti Turan kəndi sakinlərinin söylədikləriylə razılaşmır. Qurumdan "Qaynar xətt"ə bildirilib ki, elə bu martda çaydan nümunələr götürülüb və laboratoriyada yoxlanılıb: "Sakinlər bizə də müraciət ediblər. Biz də nəzarətə götürmüşük. Sudan nümunələr götürülüb, Gigiyena və Epidemiologiya Mərkəzi rayon şöbəsinin bakterioloji və kimyəvi laboratoriyasında analiz olunub. Bakterioloji çirklənmə aşkar edilməyib, İçməyə tam yararlıdır".

Əlicançayın mənbəyi Oğuz, Daşağıl və Xalxal çaylarının birləşməsindən əmələ gəlir. Əsas qolu Xalxalçay sayılır. Yazda qarın əriməsi, payızda isə yağış suları çayda daşqın törədir. Başxalxal kəndindən Daşüz silsiləsinin şimal yamacınadək olan sahədə çayın suyu tam istifadə edilir. Qurumdan bildirilib ki, son vaxtlar suyun bulanmasına səbəb yazın gəlişi ilə bağlı çay suyunun artmasıdır və insanların narahatlığına əsas yoxdur.

Buna da bax:​ 'Azərsu': 'Kanalizasiya xətləri robotlarla təmizlənir...'

Qurumdan o da bildirilib ki, çayın üzərində Şəki və Oğuz rayonlarının sərhədində Daşyüz silsiləsinin arasında su anbarının tikilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG