Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:14

Hərbi şəhərcikdən şikayət var


Gəmirici
Gəmirici

«Belə davam etsə, bu binalarda məskunlaşmış sakinlər ya xəstəlikdən öləcəklər, ya da dağıntılar altında qalacaqlar. Binalar köhnə və zədəlidir, kommunikasiya xətləri yox kimi şeydir».

Bunu AzadlıqRadiosuna Abşeron rayonu, Pirəkəşküldəki hərbi şəhərciyin sakinləri deyir.

RÜTUBƏTİN YARATDIĞI XƏSTƏLİKLƏR

Şəhərcikdə beş- və ikimərtəbəli binalar var. Sakinlərin sözlərinə görə, əsas problem ikimərtəbəli binalardadır. Həmin binalardan birində yaşayan Qurban Eyvazov vəziyyətdən danışır: «Kanalizasiya sisteminin bərbad durumu burada yaşayanların ən böyük dərdidir. Binaların altında yerləşən və binaları bir-biri ilə birləşdirən kanalizasiya xətləri tam yararsız vəziyyətdədir. Bəzi yerlərdə borular tıxanıb, bəzi yerlərdə isə çürüyüb, dağılıb. Nəticədə binalardan gələn çirkab sular zirzəmilərə tökülür. Zirzəmilər kanalizasiya suları ilə həmişə dolu olur. Mənzillərin döşəmə və divarları rütubətdən çürüyüb. Mənzillərdən üfunət iyi gəlir. Rütubətli şərait, əsasən, uşaqların sağlamlığını sıradan çıxarır. İnsanların revmatizm, pnevmoniya, vərəm, astma xəstəliklərinə tutulmasına səbəb olur. Gecələr gəmiricilərin qorxusundan rahat yata bilmirik. Nəmişlik və rütubət olduğundan ilboyu ağcaqanadlar qanımızı sorur».

GƏMİRİCİLƏR VƏ DƏRMANLAR

Şəhərciyin başqa sakini İzzət Şərifov deyir, bilmirlər özlərini binalarda «meydan sulayan» gəmiricilərdən qorusunlar, yoxsa bu gəmiriciləri məhv etmək üçün hər gün mənzillərdə və bloklarda istifadə olunan kimyəvi dərmanların təsirindən: «Həşəratları, gəmiriciləri məhv eləməkdən ötrü xüsusi dərmanlardan istifadə edirik. Kimyəvi dərmanların toksiki tərkibi səhhətimizə zərərdir. Ancaq başqa yolumuz yoxdur. Zirzəmilərdən mənzillərimizə üz verən gəmiricilərin sayı, az qala, binadakı sakinlərdən çoxdur».

Çirkab suları təkcə zirzəmini doldurmayıb, həm də binaların ətrafında gölməçələr yaranıb. Binaya daxil olmaqdan ötrü gölməçələrdən keçmək lazım gəlir. Çirkab sular bloklara dolur, hətta bəzi binalarda 1-ci mərtəbədəki mənzillərin qapısına kimi çatır.

«ƏLİMİZDƏN GƏLƏNİ EDİRİK»

Binalarda işıq xətləri köhnə və calaq-calaq olduğundan işıqlar tez- tez sönür. Ərazidə olan elektrik yarımstansiyası qəzalıdır deyə, tez-tez sıradan çıxır. Hər dəfə əhali öz hesabına təmir etməyə məcbur olur. Elektrik kabelləri yerlə sürünür, qəzalıdır və əsasən də həyətdə oynayan uşaqların həyatına təhlükə yaradır. Şəhərcikdə qaz xətti olsa da, qazın təzyiqi aşağı olduğundan işə yaramır. Sakinlər deyir, yemək hazırlamağa, su qaynatmağa saatlarla vaxt gedir.

Abşeron rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, hərbi şəhərcikdəki binaların zirzəmilərindəki sular bir neçə dəfə çəkilib: «Düzdür, o binalar bizim balansımızda deyil, bununla belə, binalardan şikayətlər bizə də daxil olur, biz də əlimizdən gələni edirik. Yenə də baş çəkərik, araşdırarıq».

Hərbi şəhərcik Müdafiə Nazirliyinin balansındadır.

XS
SM
MD
LG