Keçid linkləri

2026, 14 İyul, çərşənbə axşamı, Bakı vaxtı 18:49

Tərtərdə işgəncə ilə ölən hərbçinin atası: 'Anası da bu müsibətə tab gətirmədi...'

'Tərtər işi': Hər işgəncə gününə 500 manat
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

'Tərtər işi': Hər işgəncə gününə 500 manat

Tərtər hadisələri vaxtı işgəncə nəticəsində həyatını itirənlərdən hərbi qulluqçu Ruslan Ocaqverdiyevin atası məhkəməyə ərizəsində yazır ki, bu olaydan sonra ailələri darmadağın olub. Ruslanın anası oğlunun öldürülməsinə, ona “vətən xaini” damğası vurulmasına dözə bilməyərək, övladının itkisindən bir müddət sonra vəfat edib. İlham Ocaqverdiyevin sözlərinə görə, ailəsində yaşananlardan sonra özünün də sağlamlığında ciddi problemlər əmələ gəlib.

İ.Ocaqverdiyev oğlunun ölümünə görə ona kompensasiya ödənilməsi tələbiylə məhkəməyə üz tutub. O, iddia ərizəsində maddi zərərə görə 310 min, mənəvi zərərin əvəzi olaraq, 5 milyon manat təzminat tələb edib.

1985-ci il təvəllüdlü R.Ocaqverdiyev 2017-ci ilin mayında Tərtər hadisələri yaşananda N saylı hərbi hissədə tağım komandirinin müavini olub.

“O qədər döyüblər, daxili orqanları dağılıb”

Atası ərizəsində göstərib ki, həmin hadisələr vaxtı həyatını itirmiş başqa hərbçilər kimi, R.Ocaqverdiyev də törətmədiyi cinayətlər barədə ifadə verməkdən ötrü ağlasığmaz işgəncələrə məruz qalıb. Onun əllərini arxadan yapışqanlı lentlə bağlayıblar. Ətrafda olanları görməməsi üçün papağı gözünün üstünə qədər çəkib, üstündən onu da lentlə sarıyıblar. Onu zirzəmi tipli məntəqəyə aparıb, orada soyundurub, başqa hərbçilərlə birlikdə uzun müddət döyüblər:

“Yaş bədəninə elektrik cərəyanı veriblər. Köynəyini qatlayıb sifətinin, ağzının üstünə qoyub, vedrə ilə suyu töküblər. Başından tutub saxlayıblar ki, su köynəkdən ağzının içinə dolsun. Nəfəs ala bilməyəndə köynəyi götürüblər, bir az sonra yenidən təkrarlayıblar. O qədər döyüblər, daxili orqanları dağılıb. Bir də baxıblar ki, artıq hərəkətsizdir...”

'Beş-altı qapazvuranı tutublar, sifariş verənlər qalıb qıraqda' – Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:12:34 0:00

İ.Ocaqverdiyev əlavə edib ki, oğlunun ölümündən sonra onun meyitini ailəsinə xəbər vermədən Müdafiə Nazirliyinin əməkdaşları yaşadıqları kəndə gətirib, “vətən xaini” kimi, nalayiq şəkildə basdırıb. Ata vurğulayır ki, ailəsi Ruslanın xain olmadığına əmin idi, bu üzdən həm övlad itkisinin əzabını çəkirdilər, həm də dövlətin ona qarşı bu cür davranışının:

“Övladım haqqında yayılan söz-söhbət, qınaqlar valideyn olaraq bizim üçün dözülməz idi. Nəticədə anası bu müsibətə tab gətirmədi, vəfat etdi. Ailənin bütün təminatı Ruslanın üstündə idi. Güvəndiyi, fəxr etdiyi bir oğlu var idi, birdən-birə yox oldu”.

İ.Ocaqverdiyevi narazı salan həm də odur ki, oğlu da daxil, yüzlərlə hərbçiyə işgəncə verilməsində, onların bir hissəsinin ölümündə rolu olan şəxslər cəzalandırılmayıb. Onun sözlərinə görə, bu prosesi təşkil edənlərin bir hissəsi hələ də yüksək vəzifələrdə təmsil olunurlar.

Tələb etdiyi kompensasiyanın məbləğinə gəlincə, o, ərizəsində göstərib ki, oğlu ölümünədək aylıq 1132 manat maaş və əlavə ödənişlər alırdı. Əgər öldürülməsəydi, indiyədək toplam 110 min manata yaxın maaş alacaqdı. Əldən çıxmış fayda, vəzifədə yüksəliş, hərbçilərin maaşının artırılması, Tərtər hadisələrilə bağlı məhkəmələrə gedib-gələrkən çəkdiyi xərcləri və s. nəzərə alaraq, ailənin itirdiyi vəsaiti 310 min manat hesablayıb.

O bildirir ki, dəyən mənəvi zərərin əvəzini heç bir məbləğ qarşılaya bilməz, sadəcə, nisbi olaraq, 5 milyon manat qiymətləndirib.

Hadisədən xeyli vaxt keçməsi kompensasiyanın məbləğinə təsir göstərir

Bugünlərdə İ.Ocaqverdiyevin şikayətinə baxan Nəsimi Rayon Məhkəməsi maddi ziyanla bağlı hissədə onun iddiasını ümumiyyətlə, təmin etməyib.

Mənəvi ziyana gəlincə, ona oğlunun ölümünə görə 40 min manat təzminat ödənilməsi barədə qərar çıxarıb. Hakim Əfsanə Heydərova qərarını əsaslandırarkən vurğulayıb ki, hadisədən xeyli vaxt keçməsi kompensasiyanın məbləğinə təsir göstərir:

“Mənəvi zərərin kompensasiya edilməsinin məqsədi zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır. Hadisənin baş verməsindən müəyyən müddətin keçməsi də mənəvi təzminatın məbləğinə təsir edən amillərdəndir. Çünki müəyyən müddətin keçməsilə də mənəvi sarsıntının dərəcəsi əvvəlki dövrlə müqayisədə nisbətən azala bilir”.

'Tərtər işi'ndəki təzminatlardan narazılar var: 'İşgəncədə qaldığı hər gün 500 AZN-dən hesablanıb'
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00

Bundan öncə R.Ocaqverdiyevin həyat yoldaşı Rəvanə Ocaqverdiyeva da kompensasiya tələbilə məhkəməyə müraciət edib. Ona isə 50 min manat təzminat kəsilib.

R.Ocaqverdiyevin Tərtər hadisələrində işgəncə nəticəsində öldürülməsi ilə bağlı Bakı Hərbi Məhkəməsinin qüvvəyə minmiş hökmü də var.

Xatırlatma

Tərtərdə 2017-ci ilin mayında əsgər və zabitlərə işgəncələr nəticəsində 11 nəfər həyatını itirib.

“Tərtər işi” üzrə toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında həmin olaylar zamanı işgəncələrə məruz qalanların özü ilə yanaşı, həyatını itirən şəxslərin hüquqi varisi qismində tanınan ailə üzvləri də var. Vaxtilə “vətən xaini” kimi məhkum olunub, 2022-ci ildə azadlığa buraxılanlar da işgəncəyə məruz qaldıqlarına görə zərərçəkmiş qismində tanınıb.

Tərtər işgəncələrinə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfər haqqında məhkəmə hökm çıxarıb.

Məhkəmə prosesi və nəticə zərərçəkənlərin əksəriyyətini qane etməyib. Onlar bildirir ki, Tərtər olaylarına görə məsuliyyət daşıyan yüksək vəzifəli şəxslərin heç biri cəzalandırılmayıb.

Zərərçəkənlər məsuliyyətə cəlb olunanlara verilən cəzanı çox yüngül sayırlar.

Bu üzdən zərərçəkənlərin də bir neçəsi Avropa Məhkəməsinə şikayət ediblər. Onların da ərizələri üzrə kommunikasiya başlayıb.

XS
SM
MD
LG